Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərov vəfat edib.
Modern.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Ə.Ələsgərov uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. Ə.Ələsgərov yaşadığı yerdə - Ukraynanın Odessa şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Əhməd Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra 1955-1965-ci illər ərzində Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.
Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb və özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.
Azərbaycan, Ukrayna və Tacikistanın əməkdar məşqçisidir.
Əhməd Ələsgərov Bakının 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. "Neftçi"dəki bürünc medal SSRİ çempionatları tarixində Azərbaycanın ən böyük uğuru olub. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb. 1999-cu ildə millimiz Bakıda Portuqaliya ilə heç-heçə etdiyi oyuna məhz Əhməd Ələsgərovun rəhbərliyi altında çıxıb.
2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Ələsgərov klubda muşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb.