Modern.az

Azərbaycanın Dəniz Administrasiyası Polşa ilə dəniz nəqliyyatına dair saziş imzaladı

Azərbaycanın Dəniz Administrasiyası Polşa ilə dəniz nəqliyyatına dair saziş imzaladı

21 May 2015, 12:22


Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Polşa Respublikasının Varşava şəhərində səfərdə olub.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 20-də keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş” imzalanıb.

Əsas məqsədi Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Polşa Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, tərəflərin limanları arasında dənizlə yüklərin daşınmasının inkişafına mane ola biləcək amillərin aradan qaldırılması üzrə əməkdaşlığı təmin etmək olan Sazişi Azərbaycan Respublikası tərəfdən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Polşa Respublikası tərəfdən infrastruktur və inkişaf nazirinin müavini Dorota Piç imzalayıb.

Sazişdə iki tərəf arasındakı münasibətlərdə ayrı-seçkiliyə yol verilməməsi və azad rəqabət, dəniz nəqliyyatının inkişaf etdirilməsi, limanlarda, daxili sularda və ərazi dənizlərində gəmilər üçün yaradılan şərait, dəniz nəqliyyatının asanlaşdırılması, gəmi sənədlərinin qarşılıqlı tanınması, cinayət baş verdiyi zaman tətbiq olunan prosedurlar, dənizdə baş verən hadisələr, texniki əməkdaşlıq, beynəlxalq öhdəliklər, mübahisələrin həlli barədə müddəalar yer alıb.

Həmçinin, sazişdə limanlara sərbəst giriş-çıxış, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən maneəsiz istifadə, yük əməliyyatları, sərnişinlərin mindirilməsi və düşürülməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı hər bir tərəfin öz gəmilərinə yaratdığı imkanları digər tərəfin gəmilərinə də yaratması barədə müddəalar yer alıb ki, bu da Azərbaycan Respublikası bayrağı altında üzən gəmilərin Polşa Respublikasına, Polşa Respublikası bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasına yük və sərnişin daşınması prosesinə daha intensiv cəlb olunmasına öz töhfəsini verəcək.

Eyni zamanda qeyd olunan görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılıb, qeyd olunan sahədə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama