Təhsil naziri Mikayıl Cabbarov Bakıda 16 mərtəbəli binadan baş verən yanğın hadisəsi ilə bağlı başsağlığı verib.
Modern.az-ın məlumatına görə, nazir Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hər birimizi dərindən kədərləndirdiyini bildirib.
"Bu faciəli hadisə nəticəsində həyatını, yaxınlarını itirən həmvətənlərimizin dərdinə şərikik. Hadisə zamanı doğması ilə birlikdə həyatını itirmiş Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq fakültəsinin III kurs tələbəsi və 283 nömrəli məktəbin X sinif şagirdi Ülkər və Davud Eyvazovaların qohumlarına dərin hüznlə başsağlığı verirəm!"
Nazir əlavə edib ki, növbəti dərs ilində məktəbə qədəm qoyacaq və hazırda xəstəxanada müalicə alan Leyla Yəhyayevaya can sağlığı və tezliklə əzizlərinə qovuşmağı arzu edirəm:
"Dünyasını dəyişənlərə Ulu Tanrıdan rəhmət, yaxınlarını itirən insanlara dərin hüznlə başsağlığı diləyirəm!"