Bu gün “Eurovision 2015" mahnı müsabiqəsinin ikinci yarımfinalından sonra növbəti 10 finalçı məlum olacaq.
Modern. az saytı xəbər verir ki, ikinci yarımfinalda çıxış edəcək ölkə təmsilçiləri artıq əsas məşqlərini ediblər. Münsiflər heyəti onları məhz buradakı çıxışa görə qiymətləndirirlər.
İkinci yarımfinalda 17 ölkə iştirakçısı finala vəsiqə qazanmaq uğrunda yarışacaq. Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 11-ci çıxaraq, “Hour of the Volf” (“Qurd saatı”) balladasını səsləndirəcək. O, dünən şounun digər iştirakçıları ilə birlikdə ikinci yarımfinalın əsas məşqində çıxış edib.
Münsiflər şou iştirakçılarını məhz həmin məşqdəki çıxışlarına görə qiymətləndirirlər. Elnur müsabiqə azarkeşləri ilə yanaşı, rəqiblərinin də favoritlərindəndir.
Litva təmsilçisi Vaidas Baumila:
"Hər il möhtəşəmsiz. Şadam ki, builki təmsilçiniz Elnur Hüseynovla da tanışlıq fürsətimiz olub. Mahnısı və ifası mükəmməldir".
Litva təmsilçisi Monika Linkyte:
"Bakıda olmuşam. Sizin şəhəri çox sevirəm ".
Macarıstan təmsilçisi Boggie:
"Bakı əzəmətli, müasir şəhərdir. Bütün azarkeşlərə və idmançılara demək istəyirəm ki, hamınıza uğurlar diləyirəm. Azərbaycanda olmaqdan və bu ölkənin mədəniyyətindən, qonaqpərvərliyindən zövq alın".
Sloveniya təmsilçisi Raay:
"Eurovision” mahnı müsabiqəsinin Bakı şousu bir çox yeniliklərlə yadda qaldı. Şounun keçiriləcəyi məkanın ölkənin bayraqlarına uyğun işıqlandırılması... Bu möhtəşəmdir".
Sloveniya təmsilçisi Marjetka:
"Biz fürsətdən istifadə edərək, ilk Avropa Oyunlarında yarışacaq bütün idmançılarımıza da uğurlar arzulayırıq. Onları yüksək nəticə ilə vətənə qayıdacaqlarına inanırıq".
Müsabiqəni işıqlandıran media nümayəndələrinin səsvermə nəticəsinə görə, Azərbaycan təmsilçisi finala vəsiqə qazanacaq ifaçılar arasında ilk üçlükdə yer alıb. Həm KİV nümayəndələri, həm də şounun iştirakçıları Azərbaycanda keçiriləcək "Bakı-2015" İlk Avropa Oyunlarını da bütün qitə üçün əlamətdar hadisə kimi səciyyələndirirlər. Onlar həmin yarışlarda ölkələrini təmsil edəcək idmançılara azarkeşlik edəcəklər.
“Eurivision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı Bakı vaxtilə gecə saat 12-də İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçıları ölkə təmsilçimiz istisna olmaqla, bəyəndikləri ifaçının səhnəyə çıxış nömrəsini 94/50-yə yollamaqla səs verə bilərlər.
Sevinc Yasinqızı