Paytaxtın Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı mayın 20-də prezidenti İlham Əliyev hadisə yerində olub.
Dövlət başçısı binaya baxışdan sonra yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasını keçirib. İclasda baş prokuror Zakir Qaralov məlumat verərək bildirib ki, İcra Hakimiyyətində də günahkar şəxslərin dairəsi müəyyənləşdirilib və həmin şəxslərlə bağlı da tədbirlər görüləcək: “İstintaq-əməliyyat qrupu tərəfindən artıq 100-dən çox şahid dindirilib və müxtəlif ekspertizalar təyin olunub. Hadisənin qəsdən törədilməsi fərziyyəsi üzərində də araşdırmalar davam etdirilir”.
Modern.az saytı Binəqədi rayonundan deputat seçilən Madər Musayevdən istintaqın gedişi ilə bağlı məlumat almağa çalışıb.
O bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasda komissiya üzvlərinə tapşırıqlar verilib: “Bundan sonra nə ola bilər?! Hər halda, 3-5 günə müəyyən şeylər bilinər. Prezidentin o cür çıxışından və nazirlərə tapşırıqlarını verdikdən sonra güman edirəm ki, haqq-ədalət öz yerini tapacaq. Nə lazımdır, komissiya üzvlərinə deyilib. Baş Prokurorluğun istintaqa kimləri dəvət etdiyindən xəbər tuta bilmərəm. Ancaq mən görürəm ki, çox yüksək səviyyədə işlər gedir.
Yaxın vaxtlarda evlərin təmirinə də başlanılacaq. Komissiya üzvləri hər gün yanan binaya baş çəkirlər və yaradılan qərargahda toplanırlar. Təmir-tikinti işləri tezliklə və yüksək səviyyədə aparılacaq”.
Hadisənin qəsdlə törədilməsi fərziyyələrinə gəlincə, deputat bunu güman etmədiyini deyib: “Daxili işlər naziri, Baş prokuror hadisə yerində olub, hər şeyi gözləri ilə görüblər. Bu işin araşdırılmasına da çox təcrübəli əməkdaşları cəlb ediblər”.
İstintaqa yenidən kimlərinsə cəlb olunmasına gəlincə, Madər Musayev bildirib ki, hər şey ola bilər.
Yeganə OQTAYQIZI