“Biz Avropa Birliyinin 6 partnyor ölkəsini dəstəkləməkdə vahid mövqedə olduğumuz barədə güclü siqnal verəcəyik”.
Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə bunu Riqada keçirilən Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin sammitində Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.
O bildirib ki, sammit “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrin Avropa Birliyinə üzvlük məsələsi müzakirə edilməyəcək. Jan-Klod Yunker onu da deyib ki, bu sammit Rusiya əleyhinə yönəlməyib.
Çıxış edən Almaniya kansleri Angela Merkel isə qeyd edib ki, “Şərq tərəfdaşlığı” Avropa Birliyinin genişlənməsini özündə əks etdirmir. “Lakin bu, Avropa Birliyi ilə yaxınlaşma vasitəsidir”,-deyə Merkel söyləyib.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus daxildir. Sammitdə Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
Aqşin Kərimov