Modern.az

Mən - biz, sən- siz, o - onlar barədə deyimlərim - IV yazı

Mən - biz, sən- siz, o - onlar barədə deyimlərim - IV yazı

Ədəbiyyat

22 May 2015, 10:51

filologiya üzrə elmlər doktoru, professor


Kişi ilə qadının bir fərqi də ondadır ki, kişilər ovçudur, qadınlar isə ovdur. Ovçunun ovuna nə düşəcəyini ovçu bilmir. Eyni zamanda ov da bilmir ki, hansı ovçunun ovu olacaq. Bəzən ovçunun da, ovun da bəxti gətirir. Bəzən isə heç birinin bəxti gətirmir. Bəzən isə bunlardan birinin bəxti gətirir, o birinin isə bəxti gətirmir.

***

Allah hər bir kəsə bir qismət, tale, alın yazısı veribdir. Birinə vəzifə, birinə pul, birinə istedad, ağıl və s. Doğru deyiblər ki, Allahın işinə qarışmaq olmaz. Ancaq Allahın işinə qarışanlar da olur. Görürsən ki, birdən bir istedadlı adamın yolunu bağlayırlar. Görürsən ki, birdən bir ağıllı, işgüzar adamın fəaliyyətini görmək istəmirlər. Bununla da Allahın əlehinə gedirlər. Axı Allah onları yaradıb ki, istedadından, ağlından, işgüzarlığından cəmiyyətin xeyrinə istifadə olunsun. Belə olduğundan Allah da tez-gec istedadlı, ağıllı, işgüzar adamların yolunu kəsənlərin cəzasını verməli olur. Görünür ki, belələri cəzadan qorxmur.

***

Şər qarışanda küçənin, bazarın, ağacın, gülün də rəngi qarışır.

***

İnsanlar bir yerə yığışmalarının səbəbini bilirlər, ancaq səbəblərin mahiyyətinə, dərininə varmırlar.

***

Kişi getdiyi yerdə, durub-oturduğu yerdə kişi olmalıdır. Adam var ki, onu evə buraxmaq olmaz, çünki kişi deyil. Adam var ki, onunla çörək yemək olmaz, çünki kişi deyil. Adam var ki, ona ürək sözünü demək olmaz, çünki kişi deyil. Kişi olmaq Allahın insana verdiyi ən böyük hədiyyədir.

***

Peşəkar aktyorlar, yəni əsl aktyorlar yalnız səhnədə oynayırlar. Onlar həyatda oynamağı bacarmırlar.

***

Dünyanın axırı necə olacaq sualına cavablardan biri belədir: Dünya özü öz başına iş açacaq. Digər bir cavab: Dünya pis günə qalacaq. Başqa bir cavab: Dünya hər şeyi korlayacaq. Ayrı bir cavab: Dünyanın sonunu axıra qalan biləcək.

***

Dünyada çörək qədər şirin nemət yoxdur. Çörəyin dadını heç nə verə bilməz.

***

İnsan ən böyük dövlətdir. Ancaq insan bu dövlətin qədrini bilirmi?!

***

Sevgisi olan ürək cənnətdir. Sevgisi olmayan ürək cəhənnəmdir.

***

Hökmlər zəifdirsə, dövlət tez dağıla bilər.

***

Sevgi hisslərin göy qurşağıdır.

***

Reallıqla arzular arasında fərq var.

***

Hər parıldayan şey qızıl deyil.

***

Güzgü çox işıq əks etdirir, ancaq onun qaranlıq tərəfi də var.

***

Ən gözəl söz, ən zərif ifadə insan qəlbində başqalarına olan sevgidir.

***

Mən həyatda həmişə ürəklə yaşamışam. Yəni ürək çırpıntılarım olmayan yerdə mən yoxam. Ürək çırpıntılarım olmayanda mən yaşamayacağam. Yəni fiziki cəhətdən mövcud olmayacağam.

***

Adamların bir qismi həyata öz maraq dairəsindən baxır. Onlar insanlara da belə yanaşırlar. İnsanları maraqları üzərində seçirlər. Kim onların maddi maraqlarını təmin etmirsə, həmin adamlara onların münasibəti dəyişir. Belə adamların yaşamasında qayda-qanun, nizam-intizam – hər şey onların maraqlarına tabe olmalıdır. Bu cür adamlar az deyil...

***

Uğursuzluq uğura aparan ilk pillədir.

***

Günəş doğanda və batanda çox mənalı olur.

***

İnsanlar bəzən xoşbəxt olduqlarını bilmirlər və xoşbəxtliyin də qədrini bilmirlər.

***

Ən yaxşı dil öyrənmək şirin dili öyrənməkdir.

***

Bir maşının arxasına yazılmışdı: Düz sür, yüz yaşa.

***

Əsl insan həyata teatr tamaşası kimi baxıb aktyorluq etmir. Əsl aktyorlar da yalnız tamaşada, səhnədə aktyorluq edirlər. Onlar həyatda aktyor olmurlar.

***

Bəzən qəlbinə, ruhuna yaxın olan hər bir insan sənə qohumlarından da yaxın olur. Hətta sən onu özünə arxa hesab edirsən. Onları itirəndə də arxanı itirmiş olursan.

***

Vaxt pul deyil, ancaq o da pul kimi çatmır.

***

İnsanlar öz səviyyəsində olan adamları tapmadıqda tənhalığa çəkilirlər, tənha qalırlar. Ona görə də istedadlı adamlar çox vaxt tək-tənha olurlar.

***

Öz sənətini, peşəsini yaxşı bilən hər kəsin işi bəstəkar işinə bənzəyir. Bəstəkar mahnı bəslədiyi kimi, yaxşı peşəkarlar da peşəkarlıqları ilə fərqlənirlər. Onlar peşəkarlıqları ilə öz fəaliyyətlərini bəstələyir, cilalayır, normaya, qaydaya salırlar. Məsələn, peşəkar müəllim də belədir, rəssam da belədir, aktyor da belədir. Eləcə də digər peşə, sənət sahibləri.

***

Anadan olan gündən yola çıxırıq. Yolumuz harayadır, ömür yolumuz harada qurtarır, nə ilə qarşılaşır onu yolda görəcəyik.

***

      Bir özünüz fikirləşin: getdiyiniz yol ayaqyalın olsa yaxşıdır, yoxsa ayaqqabılı.

***

Yaxşı adamlar əlinə fürsət düşən kimi yaxşılıq edirlər. Pis adamlar isə əlinə fürsət düşən kimi pislik edirlər.

***

Dərk etmədiyi, sonunu görə bilmədiyi bir işin arxasınca gedənlər bədbəxtdirlər.

***

Yaxşı adamlar onlardır ki, özü üçün də, başqası üçün də eyni mövqedə olurlar.

***

İnsan xoşbəxtliyi səbirsizliklə gözləyir. Amma bədbəxtlik qəfildən gəlir.

***

Qorxaq və yaltaq adamlar başqalarından gözlərini çəkmir, onlara nəzarət edir, çalışırlar ki, pis niyyətlərini həyata keçirsinlər.

***

İnsanların yuxusunu ərşə çəkənlər, insanları qayğılandıranlar, insanları problemlərlə üz-üzə qoyanlar insanların öz aralarında yaşayan adamlardır.

***

İnsanda yaşamaq həvəsi varsa, deməli, onu qidalandıran nə isə var...

***

Uşaqlıq da, yeniyetməlik də, gənclik də, cavanlıq da, qocalıq da, ahıllıq da insana bir hədiyyədir.

***

Elə insanlar var ki, onlar ömürlərinin sonuna qədər təminat əldə edirlər. Ancaq bu təminata uyğun ağılları və vətəndaşlıqları olmur.

***

Pis adamlardan gözünü çək, onlardan yaxşı heç nə gözləmə.

***

Ehtiyatlı ol, şeytan hər an yanımızda, ətrafımızda və içimizdədir.

***

Ən böyük cəza insanın ömrü boyu cəza çəkməsidir.

***

Kamil adamlar elədiklərini, etmək istədiklərini danışmaqla başqalarını yormurlar. Kamil olmayan insanlar isə elədiklərini az qala başqalarının gözlərinə soxurlar, danışırlar, çox danışırlar, başqalarını yorurlar. Danışıqları ilə utanmadan “mən”, “mən” deyirlər.

***

Kimsə gözləyirsə, ona baş çəksinlər, onu yoxlasınlar, o adam uduzur. Kimsə baş çəkirsə, yoxlayırsa, qabağa düşürsə, o adam udur.

***

İnsan ölür... Bəlkə elə bu, dünyadan baş götürüb qaçmaqdır.

***

Havası təmiz olmayan mühit havası təmiz olmayan yerə bənzəyir. Oradan təmiz havaya çıxmaq lazımdır.

***

Məncə, həyat iki yerdə daha çox qaynayır: avtovağzalda və aeroportda.

***

Uzun müddət dayanıb dənizə baxmaq adamın yadına yaşamağı salır. Bəlkə də yaşamağın nə olduğunu onda daha çox anlamaq olur.

***

Cavan adamların bu dünyadan tez köçməsinin səbəbi odur ki, cəhənnəmdə yer yoxdur. Cənnət isə boşdur. Cənnəti doldurmaq üçün cavanlar – günahsızlar dünyadan tez köçür. Belə olanda cənnətdəki boşluq da azalır. Hər halda bunların hamısı Allahın işidir. Onun işinə qarışmaq olmaz. Ancaq günahkarlar o qədər çoxalıb ki, cəhənnəmdə növbə yaranıb. Ona görə də cənnətin qapısı açılıb, məhz günahsızlar üçün, gənclər, cavanlar üçün...

***

Dağın da dağ boyda dərdi var.

***

Hamı dağa söykənir, dağ kimə söykənsin?

***

Hər əsən külək palıdı yerindən tərpədə bilməz.

***

Həyatda mübaliğəli görünən çoxlu məqamlar var. Məsələn, həkim həyatın gözləri üzərində cərrahiyyə əməliyyatı aparmaq istəyindədirsə, bu, mübaliğədir, həddindən artıq mübaliğədir.

***

Həyatın özü qədər güclü sənət əsəri yoxdur. Bizim hər birimiz nəyi görürüksə, nəyə baxırıqsa, nə ilə üz-üzə qalırıqsa, onların hər biri həyatdakı sənət əsəridir. Həm də çox təbii və inandırıcı sənət əsəridir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI