Binəqədidəki hadisə hamını sarsıtdı. Dərdimizi ifadə edəcək daha pafoslu sözlər axtardıq. Bu axtarışın nəticəsində ən “mükəmməl” ifadəni ATV telekanalının “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva “tapdı”: “Bu faciəni lap belə faciə etməməliyik. Oldu, yenə deyirəm, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq keçdi”.
Aparıcı bu ifadəsindən dolayı qınaq, təhqir obyektinə çevrildi, həmkarları onunla bağlı süjetlər hazırladı, Mətanətin verilişini izləyən tamaşaçılar az qala onu güllələmək həddinə gəldilər.
Bu yazını hazırlamaqda fikrimiz nə Mətanəti, nə də onu tənqid atəşinə tutanları qınamaqdır. Sadəcə, bu məqamda adamı sadə bir sual düşündürür: “Sən tamaşaçı, həqiqətən faciəyə acıyırdınsa, hansı səbəbdən zərərçəkənlərin yanında deyildin? Evində rahat oturub əyləncəli “Gündəlik”i izləyirdin? Özünü Mətanətə baxmaqlamı ovundururdun?”.
Deməli, bu məsələdə Mətanət qədər şounu izləmək üçün ekran qarşısında əyləşən tamaşaçı da günahkardır.
Tanınmış psixoloq Elnur Rüstəmov Modern.az saytına bu incə məqamı belə şərh edib:
“Bu bir reallıqdır ki, aparıcı bilərəkdən, ya da bilməyərəkdən böyük səhvə yol verib. Bu məsələyə istər həmin telekanal, istər Teleradio Şurası, istərsə də ictimai şəxslər münasibət bildirib. Məlum faciədən sonra insanların aqressiv, gərgin olması başa düşüləndir. İtkimiz böyükdür, öz yaxınlarını, əzizlərini itirənlər var. Baş verən faciədən yaranan aqressiya isə məhz bu tərəfə yönəlib. Nəticədə aparıcı lazımi cavabını da alıb, bundan peşman olduğunu, vicdan əzabı çəkdiyini deyib”.
Ekspert hesab edir ki, aranı sakitləşdirmək lazımdır, əks təqdirdə heç də xoş olmayan nüanslarla qarşılaşacağıq:
“Görünən odur ki, bu məsələ böyüyür və digər şəxslər də bura qoşulur, qruplaşma yaranır. Kimi müdafiə edir, kimi tənqid yox, təhqir edir.
Bizim faciəmiz böyükdür, çox yaxşı olardı ki, barış olsun, məsələ daha da dərinləşməsin. Hamımız azərbaycanlıyıq, əgər kimisə islah etmək, düz yola çəkmək istəyiriksə, bunu sivil formada etməliyik. Nəzərə almaq lazımdır ki, hadisənin obyektindəki xanımdır. Ona görə də bir qədər yumşaq formada yanaşılsa, yaxşı olardı.
İnsan psixologiyası sərhəd tanımır. Əgər məsələni daha dərindən araşdırsaq, ortaya çox nöqsanlar, çox günahkar insanlar çıxacaq. Əgər doğurdan da yasda idilərsə, niyə televizoru açıb verilişə baxırdılar?
Dərinliyinə vardıqca, sabah başqa məqamlardan yapışacağıq, o biri gün başqa, hətta bəziləri çıxıb deyəcək ki, psixoloq belə deyir. Ən yaxşısı kədərini, acını sakitcə yaşayıb susmaq və əzab içində olan insanlara dəstək olmaqdır. Ən azından gedib bir şam yandırmaq, çiçək qoymaq olar.
Sosial şəbəkələrə girmək istəmirsən, insanlarda nə qədər nifrət olar? Sakit insan belə, o yazılanları oxuduqca, necə normal fəaliyyət göstərə, normal münasibətlərdə ola bilər? Bu qədər kini içində daşıyıb onunla yaşamaq da asan deyil”.
Psixoloq insanların bu qədər kinli, aqressiv olmasının səbəbini elə sosial şəbəkələrdə görür:
“İnsanların kinli, dağıdıcı olmasının səbəbi texnologiya, sürət əsrində yaşamağımızdır. Hər an informasiya alırıq. Yuxudan oynan kimi ya televiziya kanallarından, ya saytlardan, ya da sosial şəbəkələrdən yeni informasiyalar axtarmağa başlayırıq. Bir sözlə, gözümüzü açan kimi informasiya ilə yüklənirik. Neqativ informasiyalar aldıqca, insanlar aqressivləşir, psixologiyası pozulur.
Təəssüf ki, cəmiyyətimizdə özgələşmə gedir, insanlar yadlaşır. Onları kiçik maraqlar birləşdirir. Böyük əksəriyyət “sən mənim fikrimlə uyğunsansa, mənim adamımsan” düşüncəsindən çıxış edirlər. Ortada dəyərlərimiz itir. Çox pis tendensiyadır, bu qədər də olmaz. Bu situasiyada məhz bu nüansı qabartmaq özü yanlışdır. Bəziləri o qədər mənfi enerji ilə yüklənib ki, hətta bu açıqlamanı da başqa yerə yoza bilərlər”.
Gülşən RAUFQIZI