Mayın 21-də Avstriyanın paytaxtı Vyanada “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edən təmsilçimiz Elnur Hüseynov finala vəsiqə qazanıb.
Modern.az bir sıra incəsənət nümayəndələrinin Elnur Hüseynovun müsabiqədəki çıxışı ilə bağlı rəylərini öyrənib.
Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinov:
“Müsabiqədə Elnura layiq rəqib yoxdur. Elnur peşəkar ifaçıdır. Səs imkanı və xarici görünüşü onun birinci olmağına imkan verir. Ona bir az dəstək versək, birinci olacaq. Çünki onun oxumaq tərzi birinci olmağa layiqdir. Elnur elə bir səviyyədə oxuyandır ki, mütləq birinci olmalıdır. Müsabiqədə onun rəqibi yoxdur. Yalnız sms baxımından rəqibi var. Amma sənət baxımından Elnur çox istedadlı ifaçıdır. İnanıram ki, Elnur ya birinci, ya da ikinci olacaq”.
Xalq artisti Fidan Hacıyeva:
“Elnur çox istedadlı müğənnidir. Onun həm səsi, həm də səhnə görünüşü əladır. Dünənki səhnə şousu da əla idi. İfasında bir dənə də olsun xaric not yox idi. Çox sevinirəm ki, mənim ölkəmi belə istedadlı bir müğənni təmsil edir. İnşallah, finalda da ilk üçlüyə daxil olar”.
Xalq artisti Faiq Ağayev:
“Elnurun mahnısı çox gözəldir. O, peşəkarcasına və əla oxudu. Səhnədəki vizual effektlər çox xoşuma gəldi. İkinici yarımfinalçılar arasında beş güclü təmsilçidən biri idi.
Ümumiyyətlə, yarışmalarda sms səsverməsi olduğu üçün əvvəlcədən proqnoz vermək çox çətindir. Amma peşəkar baxımdan Elnur birinci olmağa layiqdir. Avropa tamaşaçılarının seçimini proqnozlaşdırmaq olmur. Amma, məncə, müsabiqənin ilk beşliyinə daxil olan güclü bir ifaçıdır”.
Xalq artisti Mübariz Tağıyev:
“Elnurun finala keçməsi sevindiricidir. Elnurun birinci olmasını istərdim. Dünənki çıxışını çox yaxşı qiymətləndirirəm. Elnur çox istedadlı gəncdir. Ümid edirəm ki, Elnur yaxşı yerlərdən birini tutacaq”.
Müsabiqənin finalı mayın 23-də baş tutacaq.
Sevinc Yasinqızı