Modern.az

“Bank Technique”in filial direktoru həbsini təkzib etdi: “Nə dindirilmişəm, nə də həbs olunmuşam”

“Bank Technique”in filial direktoru həbsini təkzib etdi: “Nə dindirilmişəm, nə də həbs olunmuşam”

23 May 2015, 16:10

“Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.

Fərid Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən dindirildiyi və həbs edildiyi barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir.

"Mənim həbs olunmağım və həbs olunarkən guya iş otağımdan 4 milyon ABŞ dollarının götürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlər yalandır. Nə dindirilmişəm, nə də həbs olunmuşam. Bu saytlar həmin xəbərləri nəyə əsasən yazıb, başa düşə bilmirəm. Məni dindirmək üçün heç bir yerə aparmayıblar. Dünən işdə olmuşam. Hal-hazırda iş günü olmadığına görə, mən evdəyəm, istirahət edirəm. Bazar ertəsi işdə olacağam. İstəsəniz gələrsiniz, görüşərik. Lazımdırsa, indi də görüşə bilərik”.

F. Məmmədov əlavə edib ki, onun rəhbərlik etdiyi filialda heç bir hüquq-mühafizə orqanı tərəfindən yoxlama aparılmayıb.

Qeyd edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.

***

“Bank Technique”nin Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev də həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.

Rauf Ağayev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Bu xəbərin heç bir əsası yoxdur. Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar. Hazırda məzuniyyətdəyəm, Bakıdayam”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama