Birinci Avropa Oyunlarının məşəli mayın 24-də ölkəmizin dilbər guşələrindən olan Qax rayonuna gətirilib.
Hər tərəfdən uca dağlarla əhatələnən, əsrarəngiz təbiət gözəllikləri ilə görənləri heyran edən bu qədim diyarın sakinləri Avropa Oyunlarının məşəlinin rayona gətiriləcəyi günü böyük səbirsizliklə gözləyir, neçə gündür ki, bu möhtəşəm idman bayramına hazırlaşırdılar. Qax şəhərinin bütün küçə və meydanları bayramsayağı bəzədilib, hər tərəfdə səliqə-sahman hökm sürür, insanlar yüksək bayram əhval-ruhiyyəsindəydirlər.
Günün ikinci yarısında Qax şəhərinin giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi olub. Buraya toplaşan rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıblar. Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul edib.
Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək məşəli Qax şəhərinin mərkəzi meydanına gətiriblər. 2010-cu və 2012-ci illərdə Almaniyada və Portuqaliyada keçirilmiş kunq-fu üzrə dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb.
Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatıb.