Modern.az

İsveçli Masn Zelmerlöv “Eurovision-2015”in qalibi olub - FOTOLAR

İsveçli Masn Zelmerlöv “Eurovision-2015”in qalibi olub - FOTOLAR

24 May 2015, 15:44

Mayın 24-nə keçən gecə Avstriyanın paytaxtı Vyananın “Vienner Şdathal” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinin final konserti olub.

Modern.az xəbər verir ki, 27 ölkənin iştirakı ilə keçirilən final şousunda Azərbaycan təmsilçisi Elnur Hüseynov 24-cü nömrə altında isveçli Sandra Byurman, Nikolas Rebşer, Niklas Lif və Lina Hansonun birgə bəstəsi olan “Hour of wolf” mahnısını təqdim edib.

İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq mahnılarını ifa ediblər:

1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Çıxışlardan sonra təmsilçilərə səs göndərmək üçün 15 dəqiqə vaxt ayrılıb. “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs verirlər. Onların səsləri final şousu başa çatanadək gizli saxlanılır və müsabiqənin yekununda tamaşaçı səslərinin üzərinə əlavə olunur.

Azərbaycandan 8 səs İtaliyaya, 10 səs Gürcüstana, 12 səs isə Rusiyaya verilib.

İştirakçı ölkələrin əksəriyyətinin ən yüksək hesab olunan 8, 10, 12 səs qazanan İsveç təmsilçisi Masn Zelmerlöv final gecəsi digər iştirakmıları geridə qoyub.

Beləliklə, ümumi səsvermənin yekununda İsveç təmsilçisi Masn Zelmerlöv 365 səslə müsabiqənin birincisi olub.
Polina Qaqarina (Rusiya) 303 səslə ikinci, İl Volo (İtaliya) isə 292 səslə üçüncü yerləri tutublar.

Azərbaycan təmsilçisi Elnur Hüseynov 12-ci yerdə qərarlaşıb.

Müsabiqənin ənənəsinə uyğun olaraq, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ifasını təkrarlayıb. Ona yarışmanın rəmzi olan “Billur mikrofon” təqdim edilib.

Daha sonra qalib ölkənin təmsilçisi “Vienner Şdathal” arenanın Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandırıb.

 









Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?