Modern.az

Deputat otellərin də üzlüklərinin sökülməsini istədi

Deputat otellərin də üzlüklərinin sökülməsini istədi

25 May 2015, 11:27


Prezident İlham Əliyevin göstərişi ilə Binəqədi rayonunda 16 nəfərin ölümü ilə nəticələnən faciədən sonra paytaxt və regionlarda binalara vurulan keyfiyyətsiz üzlüklərin sökülməsinə start verilib. Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtın bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var. Həmin binalar Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Yasamal, Səbail rayonlarında yerləşir.

Hazırda həmin binaların üzlükləri sökülsə də, poliuretanla üzlənən bir sıra məşhur otellərin üzlüklərinə toxunulmur. Avropa Oyunları zamanı Azərbaycana çox sayda turistin gələcəyini nəzərə alsaq, bu materialla üzlənən mehmanxana və otellər təhlükə mənbəyi deyilmi?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, göstəriş ictimai əhəmiyyətindən asılı olmayaraq bütün binalara şamil edilir.

“Ölkə başçısı hökumət nümayəndələrinin iştirakı ilə böyük bir iclas keçirdi, çox ciddi göstərişlər verdi. Bildirdi ki, keyfiyyətsiz üzlüklər sökülməlidir. Heç bir fərq qoyulmadan yanğına davamlı olmayan binaların üzlüyü yenisi ilə əvəz olunmalıdır. Çünki istənilən halda orada yanğın baş verə bilər.

Bu məqsədlə yaradılan komissiyada Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi çalışır. Hesab edirəm ki, əgər prezident bu haqda göstəriş veribsə, dövlət, özəl, yaşayış binası fərqi qoyulmadan hamısının keyfiyyətsiz üzlüyü sökülməlidir. Qərar tez bir zamanda yerinə yetirilməlidir. Məndə olan məlumata görə, bütün keyfiyyətsiz üzlüklər sökülür. Söküntü yalnız Bakıda deyil, regionlarda da aparılır. Bizim üçün prezidentin dediyi kimi, əhalinin sağlamlığı önəmlidir”.

Bu üzlüklərin istifadəsinə icazə verən təşkilatların məsuliyyətə cəlb olunması ciddi məsələdir. Yəqin ki, hüquq-mühafizə orqanları hər şeyi üzə çıxaracaq. Nəticələr də ictimaiyyətə açıqlanacaq.

Otellər barədə dəqiq bir fikir deyə bilmərəm. Çünki onların həqiqətən keyfiyyətsiz üzlüklü olmasına əmin deyiləm. Amma müəyyən yerlər var ki, Avropa Oyunları ilə əlaqədar xüsusi mühafizəyə daxildir. Buna baxmayaraq, bir daha deyirəm, əgər göstəriş varsa, hər yerdə icra olunmalıdır”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama