Modern.az

Azərbaycanda bu QHT rəhbərləri deputatlığa namizəd olacaq...

Azərbaycanda bu  QHT rəhbərləri deputatlığa namizəd olacaq...

25 May 2015, 14:01


Bu ilin noyabr ayında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərindən kimlər deputatlığa namizədliyini irəli sürəcək?

Modern.az saytı bu sualla QHT rəhbərlərinə müraciət edib.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) sədri Azər Həsrət:

“Seçkidə namizədliyimi verməyi düşünürəm. Amma hələlik qəti qərar verməmişəm. Yəqin ki, seçki ilə bağlı proseslər başlayanda dəqiq qərarımı verəcəyəm. Hələ ki ölkədə gedən siyasi prosesləri izləyirik. Şəraitdən asılı olaraq qərarımı açıqlayacağam.

Adətən, namizədliyimi doğulduğum Xaçmaz rayonunun 55 və ya 56 saylı seçki dairələrindən irəli sürürəm. Bakı şəhəri üzrə isə Xətai rayonun 34 saylı ikinci seçki dairəsindən də namizədliyimi verə bilərəm”.

Demokratik İslahatlar İctimai Birliyinin sədri Vüsalə Hüseynli:

“Seçkiyə yetərincə zaman var. İndidən nəsə demək düzgün deyil. Hələ ki tam qəti qərar verməmişik. Çünki hazırda hamımız I Avropa Oyunlarına hazırlaşırıq.

İndiyə kimi namizədliyimi verməmişəm. Ona görə də dairəni belə, hələ fikirləşməmişəm”.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev:

“Bu il seçkidə namizədliyimi vermək fikrim var. Mərkəzi Seçki Komissiyası dairələrlə bağlı siyahını açıqladıqdan sonra daha dəqiq məlumat verəcəyəm. Anadan olduğum Masallı rayonu üzrə namizədliyimi irəli sürmək istəyirəm. Amma Azərbaycanın istənilən bölgəsindən namizədliyimi verə bilərəm. Mənim üçün hansı dairədən namizədliyimi vermək məsələsi problem deyil. Çünki ölkə əhalisi arasında haqqımda yetərincə  məlumat var”.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:

“Seçkidə namizədliyimi irəli sürmək barədə düşünürəm. Amma tam qərar verməmişəm. Əgər namizədliyimi versəm, prinsipial surətdə mübarizə aparacağıq.

Namizədliyimi işğal olunmuş 10 rayondan birindən verəcəyəm. Çünki həmin rayonların hansısa dairəsində mənim üçün hər hansı çətinlik ola bilməz. Neçə illərdir gənclər təşkilatının sədri olaraq mən bu təbəqə ilə işləyirəm. Hesab edirəm ki, namizədliyimi verəsi olsam, çox yüksək səviyyəli seçki təbliğatı apara biləcəyik”.

Sevinc Yasinqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular