Bu gün Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzovun 60 yaşı tamam olub. Tamaşaçılara “Sizi dünyalar qədər sevirdim” filmində yaratdığı general Həzi Aslanov obrazı ilə tanınan xalq artisti həm kino, həm də teatr səhnəsində yaddaqalan rollarda çıxış edib.
Xalq artisti öz yubiley təəssüratlarını Modern.az saytı ilə bölüşüb:
“60 yaş hər bir sənətkar üçün özünə hesabat yaşıdır. Sənətkar çalışmalıdır ki, yaşının bu çağlarında ətrafında olan gənclər ona baxıb nələrisə öyrənsin. Mən də çalışıram ki, bu cür sənətkarlardan olum. Sənətkar qocala bilər, amma əsas odur ki, heç vaxt köhnəlməsin. Daxilindəki studiya həvəsini daim saxlaya biləsən. Mən də yəqin ona görə xoşbəxt sənətkarlardanam ki, bunu bacarmışam. Çünki çoxları özü barəsində danışarkən deyib ki, studiyaya həvəsim qalmayıb. Mən həmişə yeniliyə və peşəkarlığa can atanlardanam”.
Elmin NURİ