Modern.az

“Böyüməyən uşaqların” böyüyən arzuları

“Böyüməyən uşaqların” böyüyən arzuları

25 May 2015, 15:15

Tahir RZAYEV,

Milli Məclisin deputatı

Elə kitablar var ki, onları son nəfəsinə kimi, bir nəfəsə, sətir-sətir, düşünə-düşünə və ürəyinə yaza-yaza oxuyursan.

Və zaman-zaman xatırlayırsan. Sətirlərin bəxş etdiyi ülvi hisslərin təsiri altında yaşayırsan. Bəzi kitabları isə heç yarıya qədər də oxuya bilmirsən.

Müəllifini tanıdığına görə kitabı candərdi, məcburi vərəqləyirsən. Elə bil ki, səhifələr halına acıyır, həm özünə, həm də sənə gülür. Bəzi kitabları isə əlinə alıb üzünə baxanda bir-iki səhifəsini oxuyanda müəllifini hansı qabiliyyətə sahib olduğunu anlayırsan.

Tanınmış jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabını isə nəinki bir nəfəsə, həm də yana-yana, boğula-boğula bir neçə dəfə oxumuşam. Və demək olar ki, hər gün oxuyuram. Çünki səhifələrdəki həyəcan doğmadır, əzizdir.

Xalqımın taleyidir. Bu sətrlərdə övlad fəryadı, Vətən, torpaq həsrəti, ana-ata, qardaş misgili yurd salıb.

Və bu çağırışların qarşısında nə yazıq ki, heyf ki, həqiqət başını aşağı salıb, ədalətin qolu qandallanıb, hakimin dili lal olub, tarix daşlaşıb, zaman kordur.

Onlar bu uşaqların suallarına cavab verməkdə, onların dərdinə şərik olmaqda, yaralarını sağaltmaqda, nisgillərinə az da olsa unutdurmaqda acizdirlər. Haqqa, ədalətə dönükdürlər, insanlığa laqeyiddirlər.

Dünyaya demokratiya dərsi keçən, haqdan, ədalətdən, insan hüquqlarından gen-bol danışan böyük dövlətlər, siyasi rəhbərlər, təşkilatlar bu uşaqların səsini niyə eşitmirlər...?

Nədən susan vicdanlarını oyadıb, qanlı faciələrin canlı şahidlərini, sinəsi dağlı insanları dinləmirlər.

Olmamış ölülərin sümüklərini axtarıb saxta başdaşıları düzəldənlər, saxta soyqırımlara göz yaşı axıdanlar nəyə görə əzizləri gözləri qarşısında öldürülən, diri-diri yandırılan, başları kəsilən, gözü çıxarılan bu uşaqları danışdırmırlar, onların səsinə səs vermirlər, dərdlərinə şərik olmurlar.

Axı 1992-ci ilin fevralın 25-dən 26-na keçən  gecə Xocalıda törədilən soyqırım bir şəhərin yer üzündən silinməsi və bütün əhalinin məhv edilməsi, didərgin salınması, 25 nəfər uşağın isə hər iki valideynini itirməsi təkcə bir xalqın, azərbaycanlıların faciəsi deyil, insanlığa edilmiş qəsdir.

Erməni vəhşiliyinin analoqsuz nümunələri və bu nümunələrin canlı şahidləri, əzabkeşləri ortada olduğu halda beynəlxalq aləmin susması, özlərini bəşəri dəyərlər, insan haqları müdafiəçisi adlandıran ABŞ, Fransa və Almaniya kimi ölkələrin erməni cəlladlarına bir çox hallarda dəstək verməsi ədalətsizliyin əyani ifadəsidir.

Sözsüz ki, bir çox dövlət başçısının, imkan sahiblərinin özləri,  balaları Xocalının “Böyüməyən uşaqlar”ının taleyini yaşasaydılar və dəhşətlərlə üz-üzə gəlsəydilər, son nəfəsdə olan valideynlərini qucaqlayıb, fəryad qoparsaydılar, onların dizlərinə sığınsaydılar, doğmaları diri-diri gözlərinin önündə yandırılsaydı, belə ədalətsizliklərə yol verməzdilər. İnsanlığa dönük çıxmazdılar.

“Böyüməyən uşaqlar” kitabında hər iki valideyninin itirmiş 25 nəfərin acı taleyi və onların ürəkləri parçalayan dəhşətli xatirələri neçə-neçə romanların, əsərlərin mövzusudur.


Faciəli günlərin şahidi olan bu uşaqların ürəyi səksəlidir, gözləri yaşlıdır. Fikirləri əzizlərinin ürəklərinə sancılan güləllər kimi pərən-pərəndir, həm də bu xatirələr ibrətamizdir. Gənclik əzmini, vətəndaşlıq hissini, milli dəyərlərimizi əks etdirmək baxımından nümunədir.

Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Yasəmən deyir:”Anamın ölümünə sevindim, axı o ermənilərə əsir düşə bilərdi”, Mehdi valideynlərini və qardaşarını həsrətlə yad edir, onun çəkdiyi həsrət ürəkləri dağlayır.

Xəzangül Əmirova “Gözümün qarşısında anamı bacımı güllələdilər, atamı diri-diri yandırdılar” deyə acı uşaqlıq xatirəsini danışır.

Anar Orucov  “Ölmüş anasının döşünü əmən qız mənim bacımdır” deyə acı taleyini dilə gətirir.

Xocalı soyqırımı zamanı dəhşətli faciələrlə qarşılaşan bu uşaqların- meyitlərin cibindən çörək çıxarıb yeyən Mübariz..

İndiyə qədər valideynlərinin öldü-qaldısını bilməyən Vəsilə Məhərrəmovanın, “Biz uşaq ola bilmədik” deyə Yaşar Hüseynovun, güllə yarası almış atasından zorla ayrılan Həmayil Xəlilovanın acı ürək dağlayan xatirələrini oxuduqca, erməni qəddarlığının ölçüyə gəlməyən səhifələri insanı dəhşətə gətirir.

Bu dəhşətləri kimsəsiz uşaqlarla birgə yaşayan Elşad Eyvazlı böyük zəhmət hesabına, həm də bu kitabı dörd dildə çap etdirməyə və dünyanın aparıcı ölkələrində yayılmasına nail olub.

Bu kitab daha dörd dildə çapa hazırlanır. Həm də bu faciələrlə üzləşən uşaqların bir neçəsi xarici ölkələrdə insanlarla  görüşlərdə iştirak ediblər.

Onlar haqda məqalərə yazılıb və televiziya verilişləri hazırlanıb. Hər iki valideynini itirmiş 25 uşağa dövlətimiz tərəfindən əsl atalıq, valideynlik qayğısı göstəriir.

Azərbaycanın Prezidenti İlham Əliyevin diqqəti  sayəsində bu uşaqlar təhsil alıb, işlə təmin edilib və bu gün ölkəmizin quruculuğunda yaxından iştirak edirlər.

Həm də hər bir Azərbaycan vətəndaşı kimi Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş bu gənclərin də ən böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır.

Ana yurdu azad görmək və müqəddəs ata ocağını alovlandırmaq öz əməlləri ilə şəhidlərin ruhunu sevindirməkdir. Onlar buna əmindirlər və inanırlar. Torpaqlarımızı azad etmək eşqi, amalı ilə yaşayırlar.

Kitabın müəllifi Elşad Eyvazlı da o amalla yaşayan və yazıb-yaradan jurnalistlərdəndir. Və onun zəhməti dəyərləndirilməyə layiqdir. 

Bu kitabın işıq üzü görməsində əməyi keçən hər kəs sağ olsun! 

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu