Mayın 25-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda milli mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlər üçün yazı müsabiqəsi elan edilib.
Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, növbəti ənənəvi müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçiriləcək. Vüqar Səfərli müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu təklif edib. İcraçı direktor, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb.
Müşahidə Şurası üzvlərindən Vüqar Rəhimzadə, Əflatun Amaşov və Rəşad Məcid təklifi yüksək dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin yekununda müsabiqənin 2015-ci il mayın 27-dən iyulun 9-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.
Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi baxımından əlamətdar hadisə olduğunu vurğulayaraq bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından KİV-in üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd edib. O, KİV-in Avropa Oyunları barədə daha dolğun məlumatlar hazırlaması və yaymasını stimullaşdırılmaq məqsədilə Fondun "I Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda keçirəcəyi müsabiqə barədə ətraflı məlumat verib.
Mayın 26-dan iyulun 1-dək davam edəcək müsabiqədə qəzetlərlə yanaşı, televiziyaların, informasiya agentliklərinin və xəbər saytlarının da iştirak edəcəyini deyən Vüqar Səfərli I yer üçün 1 KİV olmaqla 30 000, II yer üçün 2 KİV olmaqla 15 000, III yer üçün 2 KİV olmaqla 10 000 manat məbləğində mükafatın nəzərdə tutulduğunu bildirib.
Müzakirələr zamanı bu fikir də xüsusi qeyd olunub ki, müsabiqə I Avropa Oyunlarının KİV-də daha geniş və operativ şəkildə işıqlandırılmasını təmin etməklə yanaşı, jurnalistlərin yaradıcı əməyini stimullaşdıracaq. Müzakirələrin sonunda müsabiqə qaydaları yekdilliklə qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
Fərdi jurnalist yazılarının müsabiqə elanı
№ | İstiqamətin adı |
1. | Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu |
2. | Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
3. | İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması |
4. | İctimai və dövlət maraqlarının müdafiəsi |
5. | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
6. | Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi |
7. | Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması |
8. | Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
9. | Azərbaycançılıq ideyasının təbliği |
10. | Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
11. | İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi |
12. | Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
13. | Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi |
14. | Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
15. | Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
16. | Ekologiya və ətraf mühitin mühafizəsi |
17. | Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi |
18. | Elm və təhsilin inkişaf etdirilməsi |
19. | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi |