1. Yazı
Dünyada qloballaşmanın geniş yayıldığı, modern, postmodern və vətəndaş cəmiyyətinin qurulmasına çağırışlar edildiyi bir dövrdə türkçülük, islamçılıq və insanlığın nə qədər vacibliyi məsələsinin xüsusi maraq doğurması təbiidir. Ümumiyyətlə, qloballaşma prosesində türkləşmək, islamlaşmaq və insanlaşmağa münasibətdə iki əsas baxış var: 1) Qərbyönlü vətəndaş cəmiyyəti, modernləşmə, tolerantlıq, maddi insanlıq, multkulturalizm türklük, islamlıq və mənəvi insanlığa nisbətən daha vacibdir; 2) Qərbyönlü vətəndaş cəmiyyəti quruculuğu, modernləşmə, maddi insanlıq, tolerantlıq nə qədər zəruri olursa-olsun, türklük, islamlıq və mənəvi insanlıq onun kölgəsində qalmamalıdır.
Bu gün də Türk-Müsəlman insanının şüurunun formalaşmasında ən azı iki tərəfli mübarizə gedir. İnsanlarımızda hansı şüurun formalaşması bu mübarizənin nətəcəsi olaraq ortaya çıxacaqdır. Əgər vətəndaş cəmiyyətinin, modernləşmənin, tolerantlığın, maddi insanlığın türklük, islamlıq və mənəvi insanlıqdan daha vacib olması qənaətinə gəlinərsə, yaxud da gəlinibsə bu zaman Türk-Müsəlman insanının öz düşüncə sistemindən xeyli dərəcədə kənara çıxması son nöqtəsinə varacaqdır. Təxminən 2 əsrə yaxın Türk-Müsəlman insanının Qərb şüurunun bir parçasına çevrilməsi prosesi başa çatacaqır. Bu proses isə 3 mərhələdən keçmişdir. 1) Tənzimat, 2) Türkiyə Cümhuriyəti, Azərbaycan Cümhuriyyəti və b., 3) Avropa Birliyi.
Tənzimat dövründən (1839) çağdaşlamaq adı altında başlayan qərbləşməyin daha sonra demokratiya və liberalizmlə «yüksəlməsi», sonucda Avropa Birliyini və Qərb uyğarlığını doğurmuşdur. İndi başda Türkiyə və Azərbaycan cümhuriyyətləri olmaqla Türk-Müsəlman dünyası Qərbin-Avropanın «Vətəndaş cəmiyyəti»nə inteqrə olmaq yolundadırlar. Daha doğrusu, Qərb təqlidçiliyini son sürətdə davam etməkdədirlər. Çünki «vətəndaş cəmiyyəti» adə altında formalaşan şüur daha çox qərbsayağı beynəlmiləl, kosmopolit şüurdur. Digər tərəfdən, «vətəndaş cəmiyyəti»nin özünə olan münasibət və onun tətbiqi forması birmənalı deyildir. Belə ki, sözün həqiqi mənasında vətəndaş cəmiyyəti, tolerantlıq, çoxkültürlülük modeli Türk toplumlarına uyğulanarsa, müəyyən mənada o, milli-dini şüurla uzlaşdırıla bilər. Ancaq bu formal şəkildə baş verərsə məsələ tamamilə başqa rəng alar. Ona görə də bizlər üçün Türk-İslam ülküsünün özünəməxsus tolerantlığı, azadlığı, humanizmi önəmlidir. Yəni bizlərə Qərbsayağı humanizm, tolerantlıq, demokratiya lazım deyildir. Bizə öz milli və dini dəyərlərimiz lazımdır ki, orada da əsas yeri insanlıq fəlsəfəsi tutur.
Bu anlamda, «Vətəndaş cəmiyyəti»ndən bəhs olunarkən tez-tez belə bir fikrin səsləndirilməsi ki, hər hansı Şərq-Müsəlman toplumunda Qərbə, özəlliklə ABŞ-a məxsus vətəndaş cəmiyyəti tətbiq olunarsa, bu zaman yerli adət-ənənələr, milli özünəməxsusluqlar nəzərə alınmalıdır, bu son dərəcədə anormal bir durumdur. Çünki Qərbin «Vətəndaş cəmiyyəti» adı altında Türk-Müsəlman dünyasına sırınan dəyərləri əslində dəyərsizlikdir. Başqa sözlə, Qərb dəyərləri, yaxud da Qərbin «vətəndaş cəmiyyəti» modeli antiinsani fəlsəfədir. Bunu, Qərbin praqmatizm, freydizm, ekzistensializm, həyat fəlsəfəsi, marksizm vəb. qeyri-insani fəlsəfi təlimləri açıq şəkildə ortaya qoyur.
Ötən əsrdə Türk-İslam dünyasının insanlarının şüurlarını dəyişdirmək, yəni Qərbə yönəltmək üçün ən çox istifadə olunan Qərb fəlsəfəsi təlimlərindən marksizm (sosial-demokratizm) və liberal-demokratizm (praqmatizm vəb.) geniş istifadə olunmuşdur. Hər iki Qərb təlimi Türk-Müsəlman dünyasının insanlarının şüurlarının türklük, islamlıq və mənəvi insanlıq fəlsəfəsindən xeyli dərəcədə uzaqlaşmasında müstəsna rol oynamışdır, bu proses hələ də davam etməkdədir.
Bu baxımdan Türk-Müsəlman insanının şüurunun dəyişdirlməsinə yönəldilmiş və hələ də öz təsirini qoruyub saxlayan bu iki örnəyə: 1) Marksizm (sosializm-kommunizm); 2) liberal-demokratiya ideyalarına diqqət yetirmək lazımdır. Maraqlıdır ki, ilk baxışda bu iki «beynəlmiləl» ideyanın biri - kommunizm məfkurəsi dünyada zorakılıqla, digəri – demokratiya isə könülülük əsasında həyata keçirilmişdir. Amma burada işarə etdiyimiz «zorakılıq» və «könülüllük» anlayışları nisbdir. Çünki bəzən zorakılıqdan azadlıq, könülüllükdən isə diktatura yaranır. Hər ikisi də Türk-Müsəlman insanının şüurunda istər zorakılıqla (Azərbaycan, Türkistan və Rusiya Türk dövlətlərində), istərsə də könüllüklə (Türkiyə) dərin iz buraxmışdır.
Hazırda da milli düşüncə sisteminin prosesinin ləngiməsi fonunda, buna alternativ olaraq Türk-Müsəlman xalqlarında kənar ideyalar və ona uyğun qeyri-milli şüur formaları toplumun ayrı-ayrı təbəqələrinə bu və ya digər dərəcədə təsir göstərir. Çünki milli şüuru istənilən səviyyədə olmayan insanlar istər-istəməz alterantiv ideyaların ya təsirinə məruz qalır, ya da özləri kənar ideyalara meyil göstərirlər. Bu, xüsusilə gənc Türk Cümhuriyyətləri üçün çox təhlükəlidir. Bu anlamda hazırda Türk Cümhuriyyətlərində (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan) Türklük şüurunun dirçəlməsi yolunda əsas problemlərindən biri təhsil və elm sahəsində çalışan müəllimlərin, alimlərin milli-mənəvi və fəlsəfi dünyagörüşlərinin millilik səviyyəsində olmamasıdır. Bu dövlətlər müstəqillik dönəmində milliləşmə yolunda elm və təhsil sahəsində bir sıra reformalar-islahatlar həyata keçirsələr də, hələ də ciddi problemlərlə başbaşadırlar.
Belə ki, bir zamanlar, özəlliklə 1920-1930-cu illərdə Azərbaycanda, Türkiyədə vəb. Türk dövlətlərində mövcud olmuş Qərb kosmopolitzminin Türk-Müsəlman dünyasında yenidən dirçəldilməsi müşahidə olunur. O zaman Azərbaycanda, Türkiyədə, Türkistanda Qərb kosmopolitzminin kor-koranə təbliğatçıları, indiki radikal tolerantlıq tərəfdarları kimi tara, saza, papağa, hicaba və başqa milli-dini dəyərlərə qarşı çıxırdılar. Bu gün də belə hallar müşahidə olunur. Az qala milli-dini dəyərlərə aid hər bir anlayış radikal tolertlıq tərəfdarlarınca mühafizəkarlıq kimi qarşılanır. Bir sözlə, aşırı Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə qamaşdırıb. Məncə, bu gün Sovetlər Birliyində yaşamış Türk Cümhuriyyətlərinin əsas problemi tolerant olmaq, kosmopolit olmaq deyil, milli düşüncə sistemindəki problemlər olmalıdır. Biz, ilk növbədə Azərbaycan üçün insan, vətəndaş yetişdirməliyik, dünya üçün yox. Hər halda vətəninə, millətinə, dövlətinə sahib çıxa bilməyən tolerant olub dünyaya da sahib çıxa bilməyəcəkdir.
Bu anlamda Milli Düşüncə Sisteminin yaranması, daha doğrusu vaxtilə mövcud olanın bərpası çox zəruridir. Milli Düşüncə Sistemində isə milli-dini ideyalarla Qərbin «beynəlmiləl» ideyalarının yeri və rolu müəyyən edilməlidir.
Fikrimizcə, Türk xalqlarının ictimai şüurunda ona yaxın olan milli-dini ideyalarla (türkçülük, islamçılıq, insanlıq) və Qərbin «beynəlmiləl» ideyaları (kommunizm, demokratiya, liberalizm, tolerantlıq vəb.) arasında mübarizə getdiyi bir dövrdə toplumun həm milli, həm də vətəndaş cəmiyyətinə bir yerdə hazır olub-olmaması məsələsi çox mübahisəlidir. Bunu sözlə belə ifadə etmək olar ki, xalq həm milli-dini, həm də Qərbin «vətəndaş cəmiyyəti»ndə yaşayır. Vaxtilə kommunizm haqqında da eyni hökmlər çıxarılmış, milli və bəşəri kommunizmdən söz açılmışdır. Ancaq sonra məlum oldu ki, nəinki biz milli, heç beynəlmiləl kommunizm dövründə də yaşamamışıq. Bütün bunlar Qərbin oyunlarından başqa bir şey deyildi. Özəlliklə, Qərbin uydurma kommunizm dövrünü yaşamış xalqların, yenidən Qərbin sözdə «vətəndaş cəmiyyəti», yaxud da «demokratiya», «tolerantlıq» dövrünü yaşamasının nə mənası var?
Özəlliklə, bu gün Türk toplumlarında demokratiya, tolerantlıq, vətəndaş cəmiyyəti haqqında, sözün həqiqi mənasında, yəni həm Şərq, həm də Qərb elmini bilmək anlamında tam və geniş təsəvvür yoxdur. Daha dogrusu, Şərqlə müqayisədə daha çox Qərb elmi və fəlsəfəsini öyrənməklə məşğuluq, yarımçıq da olsa. Çünki Qərb elmi və fəlsəfəsiylə baglı bilgilərimizdə daha çox nəzəriyyələr və informativ bilgilər üstünlük təşkil edir. Bütün bunlar, bizim vətəndaş cəmiyyəti qurmağımız, tolerant olmağımız demək deyildir. Bu baxımdan demokratiya, vətəndaş cəmiyyəti, tolerantlıq, çoxmədəniyyətlilik nəzəriyyələriylə, onlara aid müddəalarla bir toplumun gerçək həyatı, milli özünəməxsusluqları arasında dərhal bərabərlik işarəsi qoymaq yanlışdır. Çünki milli şüuru normal səviyyədə formalaşmayan bir cəmiyyətdə kənar ideyalarla bağlı mövcud olan təsəvvürlərin özü də yarımçıq olur. Bu yarımçıqlıqlar insanların milli şüurunda natamamlıq kompleksi yaradır. Hər halda, Türk-Müsəlman toplumlarının milli şüurunda yarımçıq demokratiya, yarımçıq kommunizm (sostal-demokratiya), yarımçıq liberalizm, yarımçıq vətəndaş cəmiyyəti, yarımçıq islamçılıq, yarımçıq türkçülük hakimdir. Yəni bizdə bütün bunların hamısından var, ancaq yarımçıq formada. Bütün bu yarımçıqlıqlar isə Türk xalqlarında milli şüurun formalaşmasına imkan vermir. Yaxın iki əsr ərzində milli yaddaşı dolaşdırılan bir cəmiyyətin bunu həll etmədən hər hansı bir yeni ictimai-iqtisadi formasiyaya, o cümlədən vətəndaş cəmiyyətinə transformasiya olması mümkün deyildir. Öncə milli yaddaş şüuru bərpa olunmalı, daha sonra hansısa yeni bir modelin tətbiqinə cəhd göstərilməlidir. Əgər milli yaddaş şüuru bərpa olunmadan cəmiyyətə yeni bir model təklif olunarsa, cəmiyyətin müxtəlif təbəqələri ona fərqli təpkilər verəcəklər.
Bu mənada, hazırda demokratiya, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, tolerantlıq adı altında həyata keçirlən «islahatları» toplumun ayrı-ayrı təbəqələri birmənalı qarşılamırlar. Doğrudur, ümumilikdə bu islahatların əleyhinə heç kim çıxmır və bunların əleyhinə çıxmağın özü də mənasız bir addım olardı. Ancaq bu zahirən belədir. Çünki bir tərəfdən milli şüur yaddaşı bərpa olunmayan, digər tərəfdən Qərbin «vətəndaş cəmiyyəti» modelini tam anlamayan bir cəmiyyətdə istər-istəməz əks reaksiyalar yaranacaqdır. Ola bilsin ki, bu əks reaksiyalar ilk dövrlərdə ciddi şəkildə özünü büruzə verməsin. Lakin zaman keçdikcə vəziyyət dəyişə bilər. Bu hal, bütün cəmiyyətlər üçün keçərlidir. Yəni heç bir cəmiyyət bundan sığortalanmamışdır. Bu əks reaksiyaların mahiyyəti də eyni deyildir. Yəni əks reaksiyalar cəmiyyətin inkişafı baxımından müsbət də, mənfi də ola bilər. Baxır kimlər, hansı dairələr, hansı mənada əks reaksiyalar verirlər. Əlbəttə, cəmiyyətin sağlam düşünən beyininin əks reaksiyaları ortada olan səhvləri aradan qaldırmaq, yəni toplumda öncə milli yaddaş şüurunu bərpa etmək, milli-demokratik ruhu yüksəltmək və bunun sonunda vətəndaş cəmiyyəti ilə uzlaşdırma tapmaqla bağlıdır. Yəni milli mənəvi dəyərləri qorumaqla yanaşı, zəmanənin çağdaş tələblərini də nəzərə almaq lazımdır.
Hər hansı toplumda milli şüur formalaşmadan populist və məntiqdənkənar şüarlarla nəyisə əldə etmək çətindir. Özəlliklə, SSRİ-dən imtina edərək müstəqilliyini bərpa etmiş Türk cümhuriyyətlərinin xalqları ilk dövrlərdə populist və məntiqdənkənar şüuarlardan uzağa gedə, yəni milli şüuru formalaşdıracaq türkçülük və islamçılığı doğru şəkildə cəmiyyətə çatdıra bilmədiyi üçün, yenidən milli ideyaların, yoxsa beynəlmiləl ideyaların vacibliyi məsələsi gündəmə gəlmişdi. Bu günə qədər də həmin mübahisələr və diskusiyalar davam etməkdədir. Burada əsas vacib olan milli mənəvi dəyərlərlə müasirliyi uzlaşdırmaq, üstünlüyü birinciyə verməkdir. Halbuki Qərbin «vətəndaş cəmiyyəti»ndə sözdə də olsa, ən ali dəyər milli kimlik (millət), dini kimlik (müsəlman, xristian), siyasi kimlik (sağçı, solçu, mərkəzçi) deyil insandır. Amma sözdə bu belədir.
Bəs gerçəklik nə deyir?!