Bu gün Bakı Biznes Mərkəzində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu “Böyük İqtisadi Ensiklopediya” kitabının 6-7-ci cildlərinin təqdimatı keçirilib. Modern.az saytının verdiyi xəbərə görə, təqdimatda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycan Milli Ensiklopediyası oxucuların istifadəsinə verilib: “Bu, artıq oxucuların da ciddi marağına səbəb olub”.
AMEA prezidenti qeyd edib ki, zaman keçdikcə ensiklopediyaların da diversifikasiyası olur: “İqtisadi ensiklopediyaların buraxılışı da bu qəbildəndir. Amma onu da deyim ki, iqtisadi ensiklopediyalar nadir hallarda hazırlanır. Azərbaycanda belə məsul vəzifəni görkəmli iqtisadçı alimimiz Ziyad Səmədzadə öz üzərinə götürüb. Bu çox böyük uğur və nailiyyətdir”.Akif Əlizadənin sözlərinə görə, təqdimatı olan ensiklopediyada dilimizin lüğət fonduna daxil olan iqtisadi terminlər, sözlər öz əksini tapıb: “Ensiklopediyada qlobal iqtisadiyyata inteqrasiyaya, azad bazar münasibətlərinin dərinləşməsinə əsaslanan milli iqtisadiyyatla bağlı məsələlər ətraflı şəkildə təhlil edilib.
Bundan başqa, beynəlxalq iqtisadi terminlər lüğətindən, maliyyə-bank sahəsindəki təhlillərdən də istifadə edilib. Bütün iqtisadi amillər çox yüksək peşəkarlıqla təsvir olunub”. Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, tanınmış alim Xoşbəxt Yusifzadə deyib ki, iqtisadi ensiklopediya çox mükəmməl hazırlanıb. Onun fikrincə, kitabda TANAP, TAP, Cənub Qaz Dəhlizi layihələri barədə hərtərəfli məlumatların verilməsi xüsusilə təqdirəlayiqdir. “Ümumilikdə 7 cildlik bu ensiklopediya çox böyük əhəmiyyətə malikdir”.
O, neftin qiyməti ilə bağlı məsələlərin ensiklopediyada yer almasını da şərh edib. Onun sözlərinə görə, dünyada neftin qiyməti dalğavaridir: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda dünya bazarlarında neftin qiyməti 13 dollar idi. Amma biz yenə də yaxşı işləyirdik. Sonra neftin qiyməti 100 dollardan yuxarı qalxdı. Son bir ildə isə ucuzlaşmaqda davam edir. Buna görə deyə bilərəm ki, neftin qiyməti heç zaman sabit olmayıb”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə söyləyib ki, mərhum prezident Heydər Əliyevin strategiyası və dövlət başçısı İlham Əliyevin bu siyasəti davam etdirməsi sahəsində Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib. “Hörmətli alimimiz Ziyad Səməzadə də bu amilləri nəzərə alıb böyük bir ensiklopediya hazırlayıb”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da fikirlərini bölüşüb.
O deyib ki, “Böyük İqtisadi Ensiklopediya” magistr və aspirantlar üçün çox dəyərli bir kitab sayıla bilər. Hesablama Palatasının sədrinin fikrincə, iqtisadi institutlarla bağlı geniş məlumatlar öz əksini tapıb. Sonda deputat Ziyad Səmədzadə tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib. Böyük İqtisadi Ensiklopediyanın ilk 5 cildliyinin təqdimatı 2012-ci ildə olub.
Modern.az