“Euronews” telekanalında dünyanın diqqət mərkəzində olan Azərbaycan haqqında daha bir reportaj yayımlanıb.
Reportaj İsmayıllının Lahıc kəndinə həsr olunub.
Süjetdə Lahıcın Azərbaycanın qədim misgərlik və çilingərlik mərkəzi olduğu bildirilir. “Azərbaycan həyatı” adlı proqram tamaşaçıları Lahıc ustaları və bu məkanın tarixi ilə tanış edir: “Lahıc paytaxt Bakıdan cəmi 200 kilometr aralıda yerləşir. Amma adama elə gəlir ki, bura tamam başqa bir dövr, fərqli bir zamandır. Sanki Lahıc misgər alətlərinin tıqqıltısı ilə yaşayır”.
Həmçinin diqqətə çatdırılır ki, kənd sakini Kəbləmi Əliyevin nəslində bütün kişilər misgər işləyiblər. Sənətkarlığın sirləri atadan oğula keçib. Hələ XVIII əsrdə Kəbləminin əcdadları xarici ölkələrə səhəng və qazanlar satıblar. Kəbləminin özü mis ilə hələ balaca olanda işləməyə başlayıb. Onun həm ana, həm də ata babaları dəmirçi olublar. Bu gün o, əsasən mətbəx ləvazimatlarının istehsalı ilə məşğuldur.
Reportajda qeyd olunur ki, Azərbaycan ərazisində misgərlik sənəti eramızdan əvvəl III minillikdə inkişaf etməyə başlayıb. Orta əsrlərdə Azərbaycan sənətkarları misdən 80-ə yaxın əşya hazırlayırdılar, o cümlədən Lahıcın özündə vaxtilə mis hasil edirdilər.
Proqramda bildirilir ki, Lahıcdan olan mis əşyalar həm kəndlilərin evlərində, həm də muzeylərdə öz layiqli yerlərini tutur. Misal üçün, bu əşyalar Luvr muzeyində də sərgilənir.
Modern.az