(fonemdən morfemə qədər)
...orda ayla, illə, burda müxtəsər dillə arazbarı uzaqlardan başlayıram.
Və belə arazbarı uzaqlardan başlamağımın sərhesab səbəbi budur ki, “renessans.ge” saytında hərdən epizodik, hərdən də baş rollardan birini ifa edən Coşqun Cəfər nahaqdan belə hesab edir ki, güya Gürcüstanın Baş nazirinə ünvanlanan bəlli məruzə məktubdakı “Azərbaycan məktəbləri bağlansın və gürcüləşdirilsin!” nidasının müəlliflik hüququ şəxsən ona və məktubu imzalayan bəzi “gənc obrazovannılar”a (ifadə Mirzə Cəlil Məmmədquluzadənindir) məxsusdur. Amma biz borçalıları ucdantutma “göysatan” kimi qələmə vermək, “saz dınqıldadan” tək bəzəmək, “quzu kababından yeyib, gürcü çaxırından içənlər” misallı nümunəyə çevirmək köhnə dəbli darülfünunluq-dardüşüncəlilik deyilmi?
Özümüzü doğrayan baltaların sapı özümüzdəndir mənasında, az qala vəsiyyətnaməli varisliyi C. Cəfərgil qəbul etdi; çünki onlar C.Cəfər demiş, artıq “muxtardırlar”!
Amma bir var göy – əlbəttə, göy-göyərti, tərəvəz mənasında – satasan, bir də var üç-beş arşın toprağımızdan dolayı, göyümüzü-səmamızı-fələyimizi satalar!
Mirzə Mikrob, Mirzə Virus, Mirzə Halaypozan, Mirzələr Mirzəsi kimi “milli muzdlular” neçə illərdir ki, göyümüzü-səmamızı satırdılar. Amma onların bir təhrif edilmiş intibah-renessans tərəfi, Herostrat hoqqası çatmırdı. Məhz bu boşluğu indi C.Cəfər və komanda doldurmağa çalışır.
C.Cəfərin qəhvəyi taun qoxuyan “Borçalı cəmiyyəti, yoxsa Borçalı cinayəti?” adlı yazısını (bəlkə də daha çox... paskvilini) oxuyarkən yazıçı Elçin Hüseynbəyli ilə olan bir söhbətimizi xatırladım. “Dünya ədəbiyyatı” dərgisində Elçinin tərcüməsində “Herostratı unudun!” (müəllif Qriqori Qorin) adlı əsər dərc olunmuşdu. Elçin sözarası dedi ki, siz Borçalı yazarları (söhbət C.Cəfərin nəzərdə tutduğu “yazar sürüsü”ndən deyil, vaqifanə qələm sahiblərindən gedirdi) xoşbəxtsiniz ki, sizin Herostratınız yoxdur. Məlum olduğutək, Herostrat Efesdəki dünyalarca məşhur Artemida məbədini yandırmişdı; özü də o sallaqulaq səbəbdən yandırmışdı ki, öz adını həqiqəti demək üçün deyil, qulağa xoş gəlmək üçün olan tarixə yazdırsın.
Bu gün mənfi mənada işlədilən “Herostrat şöhrəti” ifadəsini Coşqunla bağlı işlətməyim, onu herostrat adama bənzətməyim o ürbənd üzdəndir ki, bu orijinal opium indi də mənim (həm də İsa İsmayılzadənin və Mirzə Qələmin) orfoqrafiyamı yandırmaqla məşğuldur: sözün həm həqiqi, həm də məcazi mənasında. Bir yazıda 50-dən artıq (!) orfoqrafik səhvi olan, qara piarın Borçalı variantının yaradıcılarından biri olan C.Cəfər hələ bir zoddu-zoddu qürrələnir də ki, bəs deməzsənmi, “dilimizi qoruyacağımızı biz iddia edirik”! C.Cəfərə görə, bəlkə moltanı, ya da yəcuc-məcuc dilləri belə qorunurmuş. Bilmirəm. Bildiyim budur ki, orfoqrafiya lüğətində 110 mindən artıq söz olan ana dilim (eyni minvalla ispan, gürcü, ərəb, fransız və digər dillər) əsla belə qorunmur! Ziyalıliq göstəricisinin bir cəhəti olan yazı mədəniyyətini belə məqsədyönlü şəkildə yandırmaq bəzi qələm darğalarının əslində “uçurum üzərində oynayan təlxəklər” (Balzakın ifadəsidir) olduğuna doğrudan da dəlalət etmirmi? İmlası və inşası, sintaksisi belə yastıyapalaq yarıtmaz olanın əlindən orfoqrafiyamızı yandırmaqdan savayı özgə nə gələ bilər ki? Bu müqəddəs məbədi bu urvatsız üsulla yandırmaqla tarixə düşmək təşəbbüsü yerli Herostrata eləmi yaraşır? Hətta Mirzə Levon -Məlik Şahnazaryan da bu uzurpator üsula əl atmamışdı...
Əlbəttə, Allahın altında hamıya yer olduğu üçün, bütün bunlardan dəlizoğal dolayı, vaxtilə Ünsizadə qardaşlarının, Mirzə Fətəlinin, Mirzə Cəlil Məmmədquluzadənin gəzdiyi Tiflis küçələrində “gənc obrazovannılar”ın ideoloqları olan Günel Mövluda və Seymur Baycana da yer var. Amma Seymur Baycanın yarımseksiya və təqvasız təlimat yazısı olan “Gürcüstan azərbaycanlıları”nı oxumaq kifayətdir ki, “renessans”çıların bizi Azərbaycandan bu cür “tarixi-inqilabi” təcrid etmək istəklərini qanasan. Məktəblərimizi bağlatmaq onların sadəcə olaraq bığaltı bəhanələri imiş! Onlara görə, sən demə, Azərbaycanla Gürcüstan arasına böyük “Çin səddi” çəkmək lazımdır! Borçalını isə, eynən M.Cavaxişvilinin “Günahsız Abdulla”sı misallı, Metex qalasında qandallatmaq! C.Cəfər israr edir ki, “Anarı, Elçini, bir də Borçalının qara üzü Zalımxanı dərsliklərdən çıxartsınlar”. Bəs onları kimlər əvəzləsin? C.Cəfərə görə, əlbəttə, yerli Mirzə Mikrob, yerli Mirzə Halaypozan, Coşqun Cəfərin özü və huysuz Herostrat...
Kaş birlikdə yığışıb Mirzə Cəlilin bircə “Kamança”sını, Elçinin “Talvar”ını, Anarın “Ağ liman”ını yazaydılar!.. Heç olmasa beş abzasını yazaydılar...
C.Cəfər “regional təfəkkürdən çıxa bilməyən” məni də unudulmaz Elçibəylə bir səhifədə tənqid edir. Deyim ki, Elçibəylə bir sırada dayanmaq mənim kimi sadəcə olaraq dünyanın ucqar adamı olan birisi üçün böyük, həm də çox böyük fəxarətdir! Çünki mən – təvazökarlıqdan hər nə qədər uzaq da olsa – Allahverdi Təhləlidən və Mirzə Qələmdən sonra Vaqif Bayatlının “Ancaq Elçibəyçün” silsiləsindən yazdığı “Ancaq ulduzlara dəyən qılınc pəncərəsindən olduğutək görünər düşmən” şeirini əmanətdar əzbər bilirəm. Təkcə əzbər bilmək yox, Sınıq körpütək sınıq ruhuma səpməyi də bacarıram...
Əgər C.Cəfər özünə qarşı azı on dəfə yaxşı münasibət gözləyirsə, nədən heç olmasa bircə nəfər aydına-yazara yaxşı münasibət göstərmir? Təkcə səhvlərə, haqsızlığa, saxtakarlığa deyil, həm də ufaqa, köməksizə, işsizə, müflisə (özünün də dediyi kimi) kritikanlıq-tənqidbazlıq, ekstrim tərəfdən qiymət verir; “renessans”ın trubadur tərəzisinə çixarır. Təftişçi təhsildən dolayı, həm də dini təhsili olan C. Cəfər eşitməmiş deyil ki, ancaq Qiyamət tərəzisi haqdır və şeytan tərəzisinə uyanlar nicat tapmaqdan ümidlərini üzsünlər. Yəni görkəm xəstəliyinə tutulan – hey onu görsünlər, gülbuta gündəmdə hey o olsun, dördtelli tərifnamələr hey ona verilsin və sairə və ilaxır – Mirzə Halaypozanın yerinə nə Coşqun, nə də İbrahimxəlil tərəzisi yüngül gələnlərdən olmayacaqlar; həm də məcazi mənada, hərə ancaq öz əbədi oruc “orfoqrafiya”sına görə cavab verəcək. Məsələnin məşvərət tərəfinə gəlincə isə... yoxsa həm də yaxşı tərcümələri ilə tanınan Günel Mövlud ona heç olmasa bircə dəfə etnosentrik postapokaliptik antiutopiya “kıs” (tərcüməçisi olduğu Tatyana Tolstayanın “Кысь” romanını nəzərdə tuturam) dərsi keçməyibmi? Necə ola bilər ki, bu boyda məmləkətdə bircə pozitiv transformasiya olmasın?
C.Cəfər və komanda ilə bağlı bir şəbədəbaz şeyi də anlamıram: bir halda ki, Azərbaycan “orfoqrafiya”sı belə “mağmın-mayıf”dır (əstəğfürullah!), onda C.Cəfər özünün doğum haqqında şəhadətnaməsindəki halal-hümmət “Nuqzar” adını sonralar nədən “Coşqun”a dəyişib və nədən “renessans.ge”nin məktəblərimizi bağlatmaq və “orfoqrafiya”mızı yandırmaq eşqi ilə alışıb-yanan bəzi üzvləri yazılarını ya moltanı, ya da yəcuc-məcucca deyil, məhz Azərbaycan dilində-Azərbaycan türkcəsində, arada-sırada da gürcücə yazırlar?
Dünyanın heç bir dövlətində və xalqında alınma söz, yaxud alınma ad heç zaman qüsur sayılmayıb! Məgər fars mənşəli “Nuqzar”ı (indi əsasən gürcülərə qoyulan addır: məsələn, tanınmış yazıçı Nuqzar Şataidze) türk mənşəli “Coşqun”a dəyişəndə məgər adam dönüb dünyəvi-sekulyarmı – C. Cəfər yazısında “sekulyar” terminini tez-tez “tələffüz” edir – olur? Dünyəviləşdirmə adı altında vaxtı ilə bəzi kilsə və monastırların əmlakının müsadirə edilməsi misallı, “renessans” mənim payız paltomu, Vaqif Səmədoğlunun adına əkdiyim alma ağacını, eşşək arabamı müsadirə edə bilər, amma “orfoqrafiya”mı qətiyyən!..
Başqa vaxtlar özlərini “orfoqrafiyamızın keşikçiləri” kimi qələmə verən bəzi “problemçözənlər” isə susmağa üstünlük verirlər; cansız heykəllərin qərq olduğu sükuta. Üstəlik, bəzi televiziya tamaşaçıları kriminal xəbərləri eşidəntək necə rahatlıq tapırlarsa, eynən həmin minvalla, onlar da C.Cəfərin “azadxahlığına” azarkeşlik edirlər. Hətta xəzri xəbərdarlıqları da olur ki, bəs deməzsənmi, C. Cəfəri rahat burax, yoxsa qələm tutan şəhadət barmağını qırarıq. Bu yazıqlar bilmir ki, Allahın hər iki əli sağ əldir və Allah-taala sağ əlləri ilə haqqı batilin başına çırpmağın yolunu – nicat yolunu həmişə göstərir; kor olmayanlar bunu hər dəfə görürlər.
...Dilimin orfoqrafiya qaydalarına görə, ədəbi tələffüzdə ilk səsi “ı” ilə deyilən sözlər yoxdur. Amma mənə belə gəlir ki, yenə də həm həqiqi, həm də məcazi mənada, “orfoqrafiya”sı olmayan bəzi internet trollarının adları qarşısında bir “ı” hərfi durur. Nədənsə...
Bilmirəm bu “Orfoqrafiya lüğəti ilə öldürmək” anlamını da verirmi?
Və son olaraq, gördüyünüztək, bu yanıq yazımda orfoqrafiya təkcə düzgün yazı qaydalarını öyrətmir, hətta söhbət “Ağ liman”da Məmməd Nəsirin dediyi “yeddi dəfə dəyişən orfoqrafiya”dan da dolayı gedir...
P.S. Qarayazı Muğanlısının (C.Cəfərin də kəndi) yetirmələrindən biri olmuş yazıçı Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanının “orfoqrafiya”sı yazıçılıqla, yazıçılıq əzabı ilə odunçuluq və odunçuluq əzabının filhəqiqət fərqinə də varır. Eyvaz hər cür herostratlığın əleyhinə idi. Üstəlik, bütün ənənəvi və texniki səhvlərini dərhal düzəltməyə çalışırdı...
...Qriqori Qorin də, Merab Mamardaşvili də, Vaqif Bayatlı da, Qoderzi Çoxeli də, Adil Mirseyid də demirdilərmi: herostrat olmaq insanın məğrur səslənən adına yaraşmır.
Amma belə görükür ki, kimlərəsə yaraşırmış; özü də yastıyapalaq yaxşı yaraşırmış. Yazıqlar olsun!..
İbrahimxəlil