Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı
Artıq 5 ilə yaxınıdr ki, küveytli dostum Əbu Məhəmməd Bakıya gəlib-gedir. O, Deynat qəbiləsindəndir. Küveytdə məşhur “Deynat” şirkətinin sahibidir. Hər gəlişində qonağım olur. Azərbaycanı gəzməyi çox xoşlayır. Olkəmizin dağlarına, meşələrinə, bulaqlarına heyranlığını gizlətmir.
O, hər dəfə gəlişini elə vaxta planlaşdırır ki, mən də məzuniyyətdə olan vaxta düşsün. Beləcə, dostluğumuz, əlaqələrimiz bu gün də davam etməkdədir. Hər dəfə də soruşur ki, sən sünnisən, yoxsa şiyə? Bir dəfə yenə həmin sualı verdi, cavab vermədim – susdum... Dostum Mübariz bizimlə idi. - Sünnisən, yoxsa şiyə, - deyə ondan da soruşdu. Mübariz isə sünni olduğunju söylədi. Üzünü mənə tutaraq: - Niyə susdun, cavab vermədin? – dedi. Söylədim ki, Mübariz mənim dostumdur. 5 il bir yerdə oxumuşuq, 10 ildir ki, birgə çalışırıq, mən hələ bilmirdim o sünnidir, ya şiyə. İndi mən sənə sual verim: - Niyə bölürsünüz bu müsəlmanları iki yerə, nə fərqi var, sünnidir, ya şiyə?
- İndi mən də sənin sualını cavabsız qoyacam, - dedi, - bu bölgü, ayırmaq, parçalamaq bizim qanımızda var. Başıni buladı və aşaqı saldı...
Hər gələndə azərbaycanlıların qonaqpərvərliyindən danışır, hər dəfə özü üçün sanki nələrsə kəşf edirdi. Məni öz ölkələrinə - Küveytə dəvət edirdi. Bu dəvət hər dəfə təkrar olunurdu. Baxmayaraq ki, o ölkəyə viza almaq elə də asan deyildi, hər halda bunu təşkil edirdi. Hər dəfə yola düşəndə məni gözləyəcəyini deyirdi. Amma mənim Küveyt səfərim hələ ki alınmırdı. O söyləyirdi ki, “gəl səni qəbiləmizlə tanış edəcəyəm. Böyük qardaşıma səndən, sizin ölkənizdən danışmışam. O da gəlmək, Azərbaycanın adət-ənələriylə tanış olmaq, gəzmək, tanımaq istəyir. Qardaşımın adı Əbu Məhəmməddir. O, həm qəbiləmizin başçısı, həm də millət vəkilidir”.
Növbəti illərin birində Azərbaycana qardaşıyla gəldi küveytli dostum. Mən qardaşını qarşılayanda Əbu Məhəmməd çox sevindi, qürurlandı da. Heç demə dostluğumuzdan, qonaqpərvərliyimizdən, gəzdiyimiz, gördüyümüz yerlərdən ağızdolusu danışıbmış elə vətənlərində olan vaxtlar. Əbu Məhəmməd, dostumun dediyi kimi qəbilələrinin başında durur. Yaratdıqları şirkətə elə qəbilənin şərəfinə “Denat” adını veriblər. Məhəmməd eyni zamanda həmin şirkətin rəhbəridir. Dostmun adı Nail, qardaşının adı isə Haivdir. Ərəblərdə belə bir adət var: övlad nə qədər ki subaydır, ona öz adıyla müraciət olunur, evləndikdən sonra isə böyük övladın adıyla müraciət olunur. Qardaşların ikisinə də böyük övladlarına eyni ad - Məhəmməd ismi qoyublar. Hər ikisinə Əbu Məhəmməd, yəni Məhəmmədin atası kimi müraciət olunur. Mən də qardaşların ikisinə də eyni adla – Məhəmməd deyə müraciət edirdim.
Bir dəfə qardaşların əmisi oğlu da gəlmişdi. O neft sahəsində rəis vəzifəsində isləyirdi. O da oğlunun adını Məhəmməd qoyub. Bir əmisi oğlu isə bələdiyyə rəhbərinin müaivini idi. Onun övaldının adı isə Yusif idi - Əbu Yusif. Bu gəlişlərində dörd nəfər idilər. Bir nəfər də tərcüməçiləri vardı. Beləcə, bu dəfə qonaqlarımın sayı beş nəfər idi.
Bir qədər istirahət etdikdən sonra şəhərə çıxdıq. Bakının görməli, tarixi yerləriylə tanış oldular. Sabahı gün Qəbələyə, növbəti gün isə Şəkiyə səfər etdik. Hər iki qədim məskənlərin əsrarəngiz gözəlliklərinə heyranlıqla baxırdılar. Çox xoş idi, mən də bir vətən övladı kimi sözsüz ki, qurur hissi keçirirdim.
Daha sonra məmləkətimizin Qərb bölgəsinə - Tovuza getdik. İlk olaraq yolumuzu dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Kirən kəndi ərazisinə saldıq. Kirən kəndi sirlərini aşkarladığım, koksündə saraylar, tikililər, daş hörgülər tapdığım dağın yaxılığında, Qalaboyun kəndiylə bir slisilədə qərar tutub. İllər əvvəl bir sinifdə oxuduğumuz İbrahim burada dağlar qoynunda elə Kirən kəndində Nəcəf bulağı ərazisində kafe islədir. Onun qonağı olduq. Bu təmiz havada samovar cayı, bulaq suyu, hər yanı bürümüş çiçək ətri sanki cənnəti xatırladırdı. İbrahim işçilərini qonaqlara yüksək səviyyədə xidmət etmək üçün ayırmışdı.
Qonaqlar artıq beş gün idi ki, Azərbaycanda idilər. Böyük Əbu Məhəmməed əqrəbalarından seçilirdi. O özünü son dərəcə ağır aparır, daha çox buraların tarixiylə maraqlanırdı. Söhbətin ortasında üzünü mənə çevirib suallar verirdi. Söhbətimizin mövzusu 7-ci əsrdə ərəb xilafətinin Azərbaycana yürüşündən, Azərbaycan türklərinin İslam dinini qəbul etməsindən tutmuş ta 20-ci əsrin sonlarında Sovetlər ailəsinin dağılmasından sonrakı vəziyyət, Qarabağ savaşı, ermənilərin, havadarlarının dəstəyilə törətdyi Xocalı soyqırımından və s. olurdu. O savadlı adam idi. Azərbaycan haqqında nəinki təsəvvürü, hətta bir çox məsələlərdə bilgisi var idi. Keçmişimiz və bu günümüzlə bağlı, necə deyərlər, məlumatlı idi. Bəzən elə suallar verir və ya elə şeylər danışırdı ki, mən, - bunu hardan bilir, - deyə təəccüblənirdim də…
Bir dəfə də söhbətin mövzusu Şah İsmayıl Xətai oldu. Məlumatlılıığını görüb özümü saxlaya bilmədim: - Sən bunları hardan bilirsən? – deyə soruşdum. Bildirdi ki, o, dünyanın çox ölkəsində olub. Hara gedəcəksə, bir müddət əvvəlcədən həmin ölkənin tarixi, mədəniyyəti, adət-ənənələri və s. ilə - müfəssəl olmasa da – tanış olur. Başqa ölkəyə gedərkən, əvvəlcədən o yerlər haqda məlumata malik olmağın səfər zamanı daha çox maraq doğurduğunu önə çəkərək, bunu mənə də tövsiyə etdi. Onu da deyim ki, o, ən çox ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansız soyqırımıları haqda maraqlanırdı. Mən ona bu haqda bilgim və imkanlarım yol verdiyi qədər məlumat verirdim. Onlara bildirdim ki, 1991-ci ildə Azərbaycanda ordu yox idi. Soverlər birliyi çökəndən sonra respublikalar, bir-birilə bağlarını itirərək, ağır vəzyyətə düşmüşdü. Sozsüz ki, bu hal strateji maraq kəsb edən Azərbaycandan da yan keçə bilməzdi. Havadarlarının əliylə və dəstəyilə erməni təcavizkar dəstələri Xocalıda yerli əhalini öz yurd-yuballarından çıxarmağa nail oldular. Bütün bunlar ruslara məxsus 366-ci alayın vasitəsilə həyata keçirilirdi.
Mən bunları ona danışarkən telefonuna ismarıc zəngi gəldi. Məndən sorusdu ki, bura Ermənistan Respublikasının ərazsidir? Məndən qöncə suala tərcüməçi “yox, Azərbaycan ərazisidir” deyə cavab verdi. Əbu Məhəmməd təəccüblə bildirdi ki, “mənim mobil telefonum sputnikə qosuludu. İndi ismarıc gəldi ki “Siz Ermənistana xoş gəldiniz””. Mən isə bildrdim ki, olduğumuz ərazi yüksəklikdə yerləşir, Ermənistan ərazisi aşağıdadır. Sadəcə, telefon qovsaqları onlara məxsus antenalarla dalğa ötürür.
Qonaqlarım nahardan sonra bulaq başına enmək istədiklərini bildirdilər. Qəribə qaydaları varmış. Əvvəl böyük qardaş, yəni Əbu Məhəmməd ayağa qalxdı. O dəqiqə böyüyə hörmət əlaməti olaraq bütün qardaşlar qalxdılar. Beləcə, Nəcəf bulağına tərəf endik. Burada yaşayan kənd uşaqları adəti üzrə eşşəyin belinə xurcun tək yükləniş bidonlarla bulaqdan su aparırdılar. Ərəb dostlarım uşaqlarla şəkil çəkdirdilər. Onlar bunu, gah uşaqlar arasında dayanmaqla, gah bulaqdan bidona su doldururmaqla edirdilər. Şəkil çəkdirəndə uşaqlara 100 dollarlıq əkskinas da verdilər. Amma uşaqlar o pulu götürmədilər. Əbu Məhəmməd tərcüməçi vasitəsilə uşaqları başa saldı ki, “mən sizin zamanınızı aldım, əziyyət verdim. İtirdiyiniz vaxtın və çəkdiyiniz zəhmətin haqqını ödəyirəm”. Amma uşaqlar bir-birinə baxıb gülümsəyərək, çiyin çəkdilər və pulu götürmədilər. Əbu Məhəmmədi maraq götürmüşdü. Uşaqarın hamısı eyni şeyi etdilər, yəni onlara verilən yüzlüklərdən imtına etdilər. Axır məndən sorusdu ki, “bu necə olur, az qala dünyanın əksər yerində olmuşam, amma belə vəziyyətlə ilk dəfədir qarşılaşıram. Amerika dollarına gözlərinin ucuyla da baxmayanlar ölkəsi. Mən hara düşmüşəm, bura haradır?”.
Qona marağını gizlədə bilmirdi...
Hətta belə bir eksperiment aparmaq qərarına da gəldi. Belə ki, yaxınlıqdakı evlərin birinin qapısını döyəcəyini, qonaq olduğunu bildirəcəyini dedi və onu da söylədi ki, heç kəs onunla getməsin. Bildim, o, nə üçün bunu etmək istəyir, yəqin düşünürdü ki, pul götürməyən uşaqları öyrədən var. Dediyi kimi də elədi. Ən yaxılıqdaki evə getdi. Ev sahibinə - qoca və onun həyat yoldaşına qonaq olduğunu bir təhər başa saldı. Onlar qonağı içəri dəvət etdilər. Evin xanımı qonağa təzə qatıq və qaymaq verdi, çay süzüb qoydu. Əbu Məhəmməd çay içib qalxdı. Öz bildiyi kimi, təşəkkürürünü bildirdi və stolun ustunə 400 ABŞ dolları qoyub çıxdı. Bunu görən ev yiyəsi pulu götürüb düşdü qonağın ardınca. Zor-xoş birtəhər pulu geri qaytardı.
Əbu Məhəmməd bizə yaxınlaşdı. Qardaşı, əmisi oğlanları, tərcüməçi, mən onu gözləyirdik. Tərcümçi vasitəsilə mənə təkrarən bildirdi ki, “bu mözüzədir, sehirlənmişəm sanki. Bu cənnətin insanları da elə belə olmalıdır bəlkə də”. Qardasına sağ ol dedi, onu buraya dəvət etdiyinə, bu gözəl mənzərələrlə tanış etdiyinə görə. Hələ bu haqda şeir də yazacağını dedi.
Ertəsi gün mən onları Kirəndən biraz da uzağa – dağların başında yerləşən Baqqallı kəndi ərazisinə apardım. Burada da istirahətimizi davam etdirdik. Deyə-gülə dostum Mübarizgilə gəldik. Mübariz özü samovar qaynatdı, həyətdəki yaşıl otların üstündə süfrə açdı. Qatıq, qaymaq, nehrə yağı, bal, təzə pendir filan düzüldü. Əbu Məhəmməd süfrədəkilərdən daddı. Heyrətini gizlədə bilmədi, Mübarizdən soruşdu ki, “bu baldır, başa düşdüm. Bəs bu qaymaq, qatıq necə olur ki, elə bal kimi dadır?”. Mübariz yerindən qalxdı, yaxınlıqdaki ot tayasindan bir çəngə gətirdi süfrənin qırağına və dedi: - Baxın, bu otdur. Amma bu otun tərkibinə diqqət edin, əksəriyyəti müalicəvi çiçəklərdən ibarətdir. Bəs bu qidalari yeyən inəyin südü, qaymağı necə olmalıydı ki?!
Maraqlı bir hadisə də oldu. Mübariz çay dəmləyəndə bu çiçəklərdən br qismini dəm çaynikinə atdı. Qonaq dedi ki, “sən nədən onu yumamış atdın, axı o toz içindədir. Mübariz təbəssümlə: - Bura dağın zirvəsidir, ən təmiz yerdir, burda toz nə gəzir?! Toz Küveytdə olur.
Tərcümədən sonra hamı gülümsədi. Əbu Məhəmməd Mübarizin əlini mehribanlıqla sıxdı və “yaman dedin”, - dedi, - “biz heç vaxt olmadığımız bir yerdəyik. Özümüzü cənnətdə hiss edirik”.
Daha iki gün də Mübarizin qonağı olduq, maraqlı gəzintilərə çıxdıq. Sonra qonaqları rayon mərkəzinə, oradan isə Kür çayının sahilinə apardım. Bu tərəflərə rayonun aranı deyirlər. Burda hava isti idi. Ərəblər bundan da cox istiliyə öyrəşiblər. Yenə Əbu Məhəmməd özünü saxlaya bilmədi: - Siz xoşbəxt xalqsınız, - dedi, - bir yanı isti, bir yani sərin məmləkətiniz var, hara istəyəndə ora gedirsiniz. Aranında istisi, dağında havası, suyu can dərmanı bir ölkədə yaşamaq hər millətə, xalqa nəsib olmur.
Beləcə, gözəl günlər yaşadıq. Amma vaxt yetişdi, 10 günlük istirahətdən, səyahətdən sonra dostlarımı yola salası oldum. Hava limanına gəldik. Yola düşməzdən əvvəl Əbu Məhəmməd hər şey üçün təşəkkür etdi. Söylədi ki, “qardaşım mənə danışanda elə də inanmadım, yaxşı ki gəlib hər şeyi öz gözümlə gördüm. Bu səyahətimi ömür boyu unutmayacam”.
Bunları əlində təsbeh firladaraq deyirdi və təsbehi gostərərək sözünə əavə etdi: - Bu mənim ulu babamdan babama, babamdan atama, ondan da mənə yadigar qalıb. Mənim üçün də, ümumən bizim üçün də çox dəyəri var bu təsbehin. İndi onu sənə bağışlayıram, yadıgar qalsın. Amma bir xahişim olacaq: gərək bu dəfə sən Küveytə gələsən.
Sağollaşıb ayrılarkən tərcüməçi vasitəsilə onu da bildirdi ki, o, dağda yazdığı şeiri Küveyt parlanetində ölkəmiz haqda təəssüratlarını bölüşərkən oxuyacaq...
Küveytli qonaqlarım gedəndən iki ay sonra tərcüməçidən zəng gəldi. Bildirdi ki, Əbu Məhəmməd zəng edərək, onun çıxışını izləməyi xahiş edib. Tərcüməçi bu işdə özü mənə yardımçı oldu.
Əbu Məhəmmədin çıxışını dinlədik: “Hər yay tətilində dünyanın, o cümlədən Avropanın müxtəlif ölkələrinə səyahət edirik. Ailəmiz də özümüzlə olur. Gəzdiyim, gördüyüm ölkələrin heç biri məndə Azərbaycan kimi təsir buraxmayıb. Bu ölkənin qəribə insanları var. Qocaları nurlu, uşaqları saf, pak. Onlarda olarkən dostum bizi doğulduğu rayona apardı. Rayonun dağlıq ərazisində bulaqdan su aparan uşaqlarla şəkil çəkdirdik, evlərdə qonaq olduq, qaymaq yedik, amma onlara zəhmətlərinə gorə verdiyimiz puldan imtina etdilər. Bu məni lap heyrətə gətimişdi. Təklifim odur ki, zamanınız olunca, başqa ölkələrə gedəndə yolunuzu Azərbaycana da salın, görün insanları necə qonaqpərvərdir. Orada olanda elə bilirsən cənnət deyilən yerdəsən. Bu şeiri o dağlarda olanda yazmışam, sizə oxuyuram ilk dəfə”.
Onun cıxışı məni təbii ki, sevidirdi. İcim qürur hissi ilə dolmuşdu. Axı söhbət Azərbaycandan və onun övladıarından gedirdi.
Söz verdiyim kimi, Küveytə səfərim dekabr ayına təsadüf etdi. Aeroportdan birbaşa səhralıqda qurulmuş çadırlar olan bir yurda apardılar məni. Bura Denat qəbiləsinə məxsus idi. Oralar isti olduğundan ərəblər günlərini axsam 12-dək beləcə səhrada keçirirdilər. Burada bəlkə də 50-yə yaxın çadır qurulmuşdu. Bir ayrı, amma fərqli bir çadırın yanına gəldik. Bildirdilər ki, bu çadır mənim üçün qurulub. Qəbilə nümayəndələrini gərək olduqda burada qəbul edəcəm. Başçının alaçığına gəldik. O özləri haqda qısaca danışdı. Dedi ki, qəbilə sakinləri səhər 10-dan axsam 12-dək burada olurlar.
“Başqa yerə getsək belə, gərək gündə azı bir dəfə bura gələk”. Mən belə yaşayışı filmlərdə görmüşdüm. Maraqlı idi.
Burada məndən təxminən neçə günlük qalacağımı öyrəndilər. Əbu Məhəmməd bildirdi ki, qardaşlarə, əqrəbalarının, hər gün biri olmaqla 7 nəfərin qonağı olacam. Qardaşlarına, əmisi oğlanlarına tapşırdı ki, hər səhər qonaqlıq evdə olacaq. Buraya qəbilənin tanınmış hörmətli insanları da məni dəvət etmək üçün gəldilər. Çox qonaqpərvər idilər. Hamısı isti münasibət göstərirdilər.
Mənim üçün maraqlı olsun deyə Əbu Məhəmməd günləri özü bölüşdürmüşdü. Tapşırıqları ancaq mənimlə bağlı idi. Oradakılara dedi ki, qonağı dəniz sahilinin hər gün bir bölgəsinə götürsünlər. Beləcə, gündə bir yerdə keçdi günlərimiz. Heç yer təkrar olunmadı. Birinci gün axşam Əbu Məhəmmədin imarətinə gəldik. Qonaqlara oğlanları, qardaşı oğlanları qulluq edirdi. Orda qaldığım müddətdə o mənzildə bir nəfər də olsun qadın görmədim. Dostum özü məni mənziliylə tanış edərək, otaqları gəzdirdi.
Sözsüz ki, tərcüməçisiz işimiz heç aşmırdı. Əbu Məhəmməd bir neçə tərcüməçi dəvət etmişdi və bunlardan birini seçməyi mənə həvalə etmişdi. - Hansı səni yaxşı başa düşür, onu de, - söylədi. Onlardan ikisi iranlı, biri türkiyəli idi. O, tərcüməçiləri tez-tez dəyişdirirdi. Hələ ki iranlılardan biri tərcüməçimiz idi. Amma ərəblər nə desələr də elə o eyni şeyləri deyirdi; halın yaxşıdır, Küveyt xoşuna gəlir və s. Bu tərcüməçini istəmıdiyimi bildirdim və türkü göstərərək: - Bu bəy olsun bizim tərcümçimiz bundan belə, - dedim. Razılaşdı və mən Küveytdə olacağım müddətdə o da məminlə olacağını bildirdi.
Artıq üçüncü gün idi ki, ordaydım. Mən ərəbləri belə qonaqpərvər bilməzdim. O qədər diqqət göstərirdilər, adam istər-istəməz həyəcan keçirir və utanırdı. Qəbilə başçısı hər səhər yeməyində bizimlə birgə olurdu. Mənə və tərcüməçiyə özüylə birgə süfrə açdırırdı. Sonra restorana götürərdilər. 7 nəfər adama bəlkə 70 nəfərin yeməyi gəlirdi. Hər gələn yeməkdən hec olmasa dadına baxmağımı xahiş edirdilər. Balıqlarin bir növü götürülüb yerinə ayrısı qoyulurdu. Hərəsindən isə cəmi bir tikə götürə bilirdim, onu da dadını bilmək üçün. Yeməyə getməmişdən əvvəl mən xahiş edirdim ki, yeyəcəyimiz qədər sifariş edin. Onlar yenə də elə “öz işlərindəydilər”.
Hər gün günorta bir saatlıq evə gəlir, həyətdə kofe içir, sonra harasa gedirdik. Bir dəfə evə kofe içməyə gələn vaxt mən etiraz edərək, getmək istəmədiyimi bildirdim. Səbəbini soruşanda dedim ki, sizə evinizdə qulluqçular xidmət edir, mənə isə oğlunuz. Çay, ya köfe süzür, mən içib qurtarınca yanımı kəsdirib gözləyir. Mən isə bundan cox narahatlıq keçirir, sıxılıram.
Onda Əbu Məhəmməd qayıtdı ki: - Bizdə evə hörmətli qonaq gələrsə, ona evin böyük oğlu xidmət etməlidr. Məsələn, çay içirsənsə, böyük oğul süzməlidir, çaynik əlində gözləməlidir. Qonaq çayını içən kimi yenisini süzməlidir. Əgər qonaq daha içmək istəmirsə, stəkanı əlində sağa-sola yellədərək içmədiyini bildirməlidir. Bundan sonra xidmət edən əlindəki çayniki yerə qoya bilər, yoxsa əlində saxlamalıdır. Mən təəcüblə tərcüməçiyə baxdım və dedim ki, bu hal ərəblərdə bir qaydadır, nədən deməmisən. Söylədi ki, o da evə ilk dəfdir dəvət olunur, bilmirmiş.
Daha heç nə demədim. Evə gəldik. Süfrə arxasına əyləşən kimi onlara qulluqçular, mənə isə ev sahibinin böyük oğlu yaxınlaşdı. Kofe süzdülər. Acı idi. Küveyt kofesi həm də aromatlıdır. Mən çay istədim. Ev sahibinin oğlu çay süzdü və adət üzrə başımın üstündə dayanıb gözlədi. Onun gözləməyi məni narahat etdi, amma yolda demişdilər, adətin də əleyhinə getmək olmur. Çayı tez-bazar içib stəkanı yellətməklə vəziyyətdən çıxa bildim. Böyük oğul çaydanı yerə qoyub getdi. Mən özümü unudub dərindən nəfəs aldim. Onlar gülümsündülər.
Hər axşam alaçığa gedirdik. Qəbilə başçısı başda əyləşir, mənə isə yanında yer verirdi. Qarşımıza sulu qəlyan qoyulurdu. Bu vaxt onların qəbiləsindən olan 7 nəfər gəlib salam verib əyləşir, kofe içib qalxırdılar. Bir az keçməmiş başqa 7 nəfər daxil olur, yenə qayda üzrə kofelərini içib gedirdilər. Beləcə də davam edirdilər. Çox maraqlı adətləri-qaydaları varmış olnların. Bir şey də var ki, dili dualıdırlar.
Mən təyyarədən enəndə yağış yağmışdı. İndi onu yenə xatırlatdılar. Dedilər, burda belə yağışlar az hallarda olur, 5 ildə bir yağır. Elə aeroportda hər yanı su almışdı, sel-su idi hər tərəf. Onlarda kanalizasıya sistemi yoxdur deyə, şəhərin bir neçə yerində su yığılmışdı, gölməçələr yaranmışdı yağış suyundan. Onda da beləcə dua etmişdilər. Deyirdlər ki, sən ayağı sayalı qonaqsan, bərəkət gətirdin. İndi hər yanda yaşıllıqlar baş qaldıracaq, keçilər, dəvələr yaşıl ot yeyəcək.
Süfrə arxasında, ya qeyri yerlərdə söhbətləşmə vaxtı onlar maraqlı suallar verirdilər. Ümumiyyətlə, Azərbaycan haqqında, Qarabağ həqiqətləri, bu bölgədəki hazırkı durum söhbətimizin əsas mövzularından olurdu. Mən özümlə apardığım xəritədən Azərbaycanı, onun əraziləri haqda əyani göstərərək, danışırdım. Diqqətlə dinləyirdilər, mən söhbətimi bitirməmiş səbsizliklə tərçüməçiyə baxırdılar. Bir dəfə də onlardan biri dedi ki, “eşitdiyimizə görə sizdə - hava limanından Bakıya gələn yolun qıraqlarında zeytun ağacları var. Onların meyvəsi elə üstündə qalır, yığan olmur. Doğrudanmı belədir?”.
İlk dəfə deyildi bu sualı eşitməyim. Söylədim ki, yanlış məlumat deyil. Abşeron yarımadasında min hektarlarla zeytun bağları var. Onların heç 10 faizi yığılmır. Bu sahəyə bizdə maraq yox dərəcəsindədir deyə, zeytun yığımı, tədarükü ilə məşğul olunmur. Bu haqda o qədər danışmışdım ki, artıq tərcüməçi mənsiz də belə sualları özü cavablandırırdı. Onların bir çox sözləri fars sözləriylə eynidir, bəziləri isə bizə tanış olan sözlərdir. Odur ki, az da olsa sual verilən kimi nə demək istədiklərini anlamaq olurdu. İstənilən mövzuda sohbətlərimiz maraqlı keçirdi.
Sonuncü gün Əbu Məhəmməd Küveytin tanınmış iş adamlarını bir araya gətirdi. Azərbaycanın Küveytdəki səfirini, özünün bir neçə dostunu da dəvət edərək, mənim şərəfimə dənizin ortasında gəmidə – üzən restoranda ziyafət verdi. Görüş zamanı Azərbaycan haqqında danışdı, tanıdıqları, bildikləri, gördükləri barədə söylədi. Torpaqlarımızın işğalından, Xocalı soyqırımından geniş söz açdı. Bütün çətinlikləri ilə bərabər Azərbaycanın gözəlliklər diyarı olmasını, insanlarının mehribanlığını dilə gətirdi. Sonra əlini çibinə atıb bir kağız parçası çıxartdı. Dedi ki, bu şeiri Azərbaycanın Tovuz bölgəsində dağlar başında yazıb. Orada kənd uşaqlarının su apararkən pul almamasını təkrarən burada da təəcüblə söylədi. Və şeiri oxudu.
Mən onun bu qabiliyyətinə, dünyagörüşünə, bizə münasibətinə, dostluğa belə dəyər verməsinə heyran qaldım. Doğrusu, oraya gedənə qədər bu haqda təsəvvürüm adi idi, bu dərəcədə hörmətçil və qonaqpərvər olduğlarını bilmirdim. Əbu Məhəmmədin çıxışından sonra oradakı qonaqarın bir neçəsi ölkəmizə gələcəklərini bildirdilər. Mən də məmuniyyətlə gözləyəcəyimi bildirdim. Başda Əbu Məhəmməd olmaqla cümlə dostlara hər şey üçün təşəkkür etdim.
Beləcə, Küveyt görüşlərim başa çatdı.
Bakı Hava limanına təzə enmişdim ki, Əbu Məhəmməd zəng etdi. Mən havada olarkən dua etdiyini, sağ-salamat vətənə yetişdiyim üçün sevindiyini bildirdi.
...Aradan bir neçə ay keçmışdı. Əbu Məhəmməd tərcüməçisi vasitəsiylə mənə telefon etdi. Hal-əhval tutdu, dedi ki, “küveytli dostlar Azərbaycana gəlmək istəyir. Onlara Tovuz dağlarında keçirdiyimiz günlərdən, oranın mənzərələrindən danışmışam. Bu tətil fikirləri sizin ölkəyə gəlməkdir”.
Qış ayları idi. Mən onların göstərdikləri yüksək qayğıya, qonaqpərvərliyə görə deyə bilmədim ki, Küveytə baxmayın, indi hər yan qar, dağ yolları buzdur. Odur ki, dəvət etməkdən başqa yolum qalmadı. Onları özüm qarşıladım...
Maraqlı hadisələrlə dolu olan bu görüşlər indi də davam etməkdədir. Hər zaman telefonla əlaqə saxlayır, danışır, olanları yada salırıq.
Belə maraqlı məsələlərdən birini qeyd etsəm yerinə düşər. Bildirmişdim ki, Əbu Məhəmməd tərcüməçini secməyi mənə həvalə etmişdi. Küveytə ilk gedişimdə təqdim olunan tərcüməçi Hüseyn adlı bir iranlı idi. Ümumi vəziyyətdən, dünyəvi məslələrdən danışarkən mən tez-tez Türkiyənin adını çəkirdim. Amma hiss edirdim ki, tərcüməçi mən söyləyənləri təfsilatıyla demir, nələrisə dəyişdirir, Türkiyənin adını demək olar ki, heç çəkmir. Bir gün soruşdum ki, nədən belə edir. O isə mənə bildirdi ki, “bunu sənin üçün edirəm, yəni ərəblər ta Osmanlı İmperiyasının zamanından bu yana türkləri sevmir. O üzdən Türkiyəylə bağlı sözlərini ixtisarla tərcümə edirəm, ya da heç demirəm. Bu ərəbləri qıcıqlandıra bilər”.
Bu məsələnin üstündən artıq bir neçə il keçmişdi. Mən yenə dostum Əbu Məhəmmədlə danışan zaman tərcüməçi Hüseyn idi. O, söhbətarası mənə bildirdi ki, daha Türkiyənin adını nə qədər istəsən çəkə bilərsən. Rəcəb Tayib Ərdoğan hakimiyyətə gələndən sonra ərəblərin türklərə qarşı fikirləri dəyişib. İndi ərəblər türkləri çox istəyirlər.
Bu mənim xoşuma gəldi və dedim ki, Ərdoğanı indi nəinki ərəblər, hətta bütün müsəlman dünyası çox istəyir.