Modern.az

Milli Məclisdə spikerlə deputat mübahisə etdi: “Sizinlə mədəniyyətlə danışıram”

Milli Məclisdə spikerlə deputat mübahisə etdi: “Sizinlə mədəniyyətlə danışıram”

Parlament

29 May 2015, 12:48


Milli Məclisin bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurları hədəf alan sərt çıxış edib. Modern.az saytının xəbərinə görə, o, binaların üzlənməsinə külli miqdarda vəsait xərcləndiyini vurğulayıb:

“Nəticədə yararsız materialla binalar üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”.

Deputat onu da qeyd edib ki, Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə qarşı çox böyük hörmətsizlik edilir: “Dünən Respublika Günü qeyd edildi. Neçə vaxtdır deyilir ki, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, amma o büstün başına çuval keçirilib. Bu, ABŞ-ın İraqda türk əsgərinin başına çuval keçirməsinə bənzəyir. Əgər Gəncə şəhər  İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Yoxsa, zəhmət çəkib onun yeni büstünü qoysun”.

Deputatın çıxışı spiker Oqtay Əsədovun narazılığına səbəb olub: “Siz hər dəfə Milli Məclisin iclası başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi”.

Sabir Rüstəmxanlı da spikerə yerindən sərt tonda cavab verib: “Mən danışmaq üçün təkid etdim. Yalan danışmayın” .

Bu sözlər spikerlə deputat arasında gərginliyin daha da artmasına səbəb olub. “Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama