Modern.az

Partiyalar auditor rəyi vercəkmi? - “Bunu dövlətdən maliyyələşən partiyalardan istəsinlər!” - SORĞU

Partiyalar auditor rəyi vercəkmi? - “Bunu dövlətdən maliyyələşən partiyalardan istəsinlər!” - SORĞU

Təhsil

30 May 2015, 11:30

"Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq. Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Siyasi partiyalar auditor rəyinə hazırdırmı?

Modern.az saytı bu sualla siyasi partiyalara müraciət edib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

“Auditor rəyi dövlət tərəfindən maliyyələşən partiyalardan tələb olunur. Dövlətdən maliyyələşməyən partiyalardan auditor rəyini tələb eləmək, sadəcə, həmin partiyaları əlavə xərcə salmaqdır. Çünki icarə haqqını ödəməkdə çətinlik çəkən partiya yenidən auditor rəyi üçün də pul verir. Həmin məbləği təqribən 500-2000 manat arası təyin edirlər. Bu da siyasi partiyaları çökdürməyin yoludur”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Bizim elə də maliyyə fəaliyyətimiz yoxdur. Bu səbəbdən də auditor rəyinə ehtiyacımız yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

“Əvvəlcədən auditor rəyi haqda bizim məlumatımız var idi. Bu ildən etibarən bu rəy alınıb təqdim olunmalı idi. Büdcəsi sıfır olan partiyalardan auditor rəyi almağa ehtiyac yoxdur. Amma dövlət büdcəsindən maliyyələşən partiyalar bu məsələni həll edirlər. Bunun dövlətin maliyyələşdirdiyi partiyalara aidiyyəti var. Büdcəsi sıfır olan partiyalara isə heç bir aidiyyəti yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov:

“Bizim partiyanın maliyyəsi şəffafdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər hansı  maliyyə əməliyyatlarını həyata keçirməsi baxımından heç bir problem yoxdur. Partiyaya Milli Məclisin qərarına müvafiq olaraq hər hansı bir maliyyə ayrılmır, üzvlərimizin də çoxu işsizdir. Onların cüzi sayda üzvlük haqları olur. Bu da hamıya aydındır. Ona görə də buyurub yoxlaya bilərlər. Heç bir problemimiz yoxdur”.

Sevinc Yasınqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular