“Xalq Arzusu” Hərəkatının rəhbəri Asəf Quliyev 2015-ci il parlament seçkisində fərdi qaydada iştirak etməyəcək. O, Modern.az saytına deyib ki, qərarını öncədən bəyan edib: “Amma rəhbəri olduğu təşkilatın seçkidə iştirak etmək istəyən namizədlər var. Onlar namizədliklərini 7-8 dairədən irəli sürməyi planlaşdırırlar. Ölkədə indiki halda seçki ab-havası duyulmur. Cəmiyyətin başı I Avropa Oyunlarına qatılıb. Oyunlar bitəndən sonra bəzi müzakirələr edib, şəraitə uyğun addımlar atacağıq.
İstəyirdik ki, ənənəvi olaraq partiyaların və təşkilatların getdiyi yoldan fərqli bir yol seçək. Düşüncəmiz fərqlidir, klassik, ənənəvi üsulla siyasi mübarizə aparmaq fikrimiz yoxdur. Siyasi proseslərə baxışımızda fərqlilik var. Bizim üçün əsas millət və dövlətdir. Parlament seçkisində iştirak edib, parlamentə düşmək önəmli deyil. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdi, dövlət formalaşdı. Ancaq milli dövlət yoxdur. Əsas qayəmiz cəmiyyətin yetişdirilməsi, milli dövlətin qurulmasına addım atmaqdır. Gedən siyasi proseslərdə milli ideologiya yoxdur. Milli ideologiyanın cəmiyyətdə təbliğ olunmasını, cəmiyyətin bunu qəbul etməsini və digər vacib məsələləri üzərimizə götürmüşük”.
Asəf Quliyev texniki problemlərin olduğunu da qeyd edib: “Təşkilatın hələ də ofisi yoxdur. Bu gün Azərbaycandakı bütün siyasi qüvvələr kimi bizim də maliyyə resurslarımız sıfır həddindədir. Ofisin tutulması üçün böyük maliyyə xərcləri lazımdır. Buna baxmayaraq, təşkilat müəyyən yerlərə yığışıb müzakirələr aparır”.
Hərəkatın sədri müxalif düşərgələrdə gedən proseslərə də münasibət bildirib: “Müxalif düşərgələrdə gedən proseslər onların daxili işləridir. Zamanla partiyalardan gedənlər də olur, gələnlər də. Müxalifət faktiki olaraq 20 ildir yol gəlir, ancaq heç bir müsbət nəticə əldə etməyib. Bu halda xüsusən gənclərin arasında narazılıqlar olur. Artıq insanlar bu cür mübarizə formasından beziblər. Buna görə də mübarizə formasını dəyişdirmək lazımdır. Ümumiyyətlə, partiyaya aidiyyəti olmayan insanlar öz fikirlərini ortaya qoyub yeni forma axtarırlar”.
Yeganə OQTAYQIZI