Deputat Sabir Rüstəmxanlının Milli Məclisin son iclasındakı çıxışında Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünün başına çuval keçirilərək təhqir edilməsi, həmin parkın baxımsız vəziyyətdə olması ilə bağlı iradı ətrafında müzakirələr davam edir.
Hazırda müzakirə edilən əsas mövzu isə büstün yerləşdiyi parkın hansı qurumun tabeliyində olmasıdır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov parkın Gəncə Şəhər İcra Hakimiyyətinin balansında olmasını bildirsə də, qarşı tərəf əksini deyir.
Gəncə Şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən açıqlamada “Azərbaycan Dəmir Yolları” QSC rəsmisinin sözlərinin həqiqəti əks etdirmədiyi qeyd edilib:
““Azərbaycan Dəmir Yolları” QSC tərəfindən İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edilənvə onlara bildirilib ki, parkın təhvil-təslim işləri xüsusi komissiya yaradılaraq həyata keçirilə bilər. Amma təəssüflər olsun ki, bu proses onlar tərəfindən reallaşmayıb və ortada heç bir təhvil-təslim işi aparılmayıb”.
Gəncə Şəhər İcra Hakimiyyətinin açıqlamasında o da bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC sanki məsuliyyətdən qaçır.
“Həmin qurumun balansında 200-dən çox mənzil, park, su idarəsi, xəstəxana, yaşayış binası və çoxlu kommunal təyinatlı obyektlər var. Hazırda da əhaliyə həmin QSC-nin tərkibində olan qurumlar tərəfindən xidmət göstərilir. Bundan qaça bilməzələr. Bir daha qeyd edirik ki, hər hansı obyektin İcra Hakimiyyətinin balansına keçməsi prosesi yalnız qanuni şəkildə, komissiyanın iştirakı ilə mümkündür ki, bu proses də həyata keçirilməyib.
Onlar məktubu təhrif etməklə prosesi şübhə altına alırlar. Təhrif olduğu üçün də bu gün obyektlərin təhvil götürülməsindən heç bir söhbət gedə bilməz”.
Modern.az