filologiya üzrə elmlər doktoru, professor
Tanrı, adətən, müəllimə iki cür tələbə göndərir. Birinci qrup tələbələr sayca çox olurlar, onların elə bir istedadı və qabiliyyəti olmur. Belələrinə müəllimlərinin də rəğbəti olmur. Ancaq ikinci qisim tələbələrin sayı çox az olur. Onlarda istedad və qabiliyyət olur. Nə isə etmək, qurmaq, yaratmaq istəyində, ehtirasında olurlar. Belələrini – ikinciləri yaxşı öyrətmək, başa salmaq lazımdır. Onların yolunda əziyyət çəkməyə dəyər.
***
Elmə marağı olmayanlar sənət öyrənsələr daha yaxşı olar. Onlar vaxtlarını itirərək elm arxasınca getməkdənsə, həmin vaxtı sənət öyrənməyə həsr etsələr çox şey əldə edərlər. Həyat onu da təsdiq edir ki, yalançı elm adamı olmaqdansa, yaxşı sənətkar olmaq lazımdır. Yalançı elm adamı ilə müqayisədə yaxşı sənətkarın cəmiyyətdə hörməti daha çox olur.
***
Qabiliyyəti, gücü çatmayan insanın bir işin arxasınca getməsi özü bilmədən lovğalıq etməkdir. Onlar unudurlar ki, qabiliyyət və gücləri onları yarıyolda qoyacaq.
***
Hər bir kəsin Allahdan müəyyən istəkləri və diləkləri var. Onların sırasında bunlar xüsusi yer almalıdır: Allahım, mənə güc ver! Allahım, mənə dinclik ver! Allahım, mənə bacarıq ver! Allahım, mənə yorulmazlıq ver! Allahım, mənə bilmək qabiliyyəti ver!
***
Adam var ki, onun nə gəncliyi nə də qocalığı bir şey deyil. Ancaq yeməkdən sonra yatmaq arzusunda olanlar kimi hər ikisini arzulayır.
***
Əsas odur ki, Allahın dərgahında yüksək səviyyədə olasan. Bu barədə Nobel mükafatı laureatı Tomas Eliotun “Kilsədə qətl” dramında belə bir yer var:
“Sən şəhidlik yolunu seç, sən dünyada özünü
Ən alçaq səviyyədə hiss et ki,
Allahın dərgahında ən ucada durasan”.
***
Bəzi adamların ömrünə payız və qış çox tez gəlir.
***
İnsanlar eyni pəncərədən bayıra baxsalar da, müxtəlif mənzərələri görürlər. Hətta eyni mənzərəni gördükdə də qənaətləri müxtəlif olur.
***
Biz nərdivanla yuxarı çıxdıqda bəzən fikirləşmirik ki, həmin nərdivanla da aşağı düşəcəyik.
***
Bizi nə gözlədiyini bilmirik.
***
Maraqlıdır ki, gündüzü də, gecəni də Allah xəlq edibdir. Ancaq biz gündüzü sevirik. Gecədən xoflanırıq, qorxuruq. Sevdiyimiz gündüz bizi yorur. Biz gündüz işləyirik, fəaliyyətdə oluruq, özümüzü yoruruq. Amma gecə dincəlirik, bədənimiz istirahət edir. Bəs onda gecəni niyə sevmirik, gecədən niyə xoflanırıq?!
***
Gənc nəsil kef məclisini çox xoşlayır. Bunu daha çox gənc olmayanlar deyir. Axı onlar gənc olmadıqları üçün gənclərdən, onların arzu və istəklərindən uzaqdırlar.
***
Biz həmişə gələcəyə doğru gedirik. Axı gələcək tikilir. Özü də keçmiş üstündə tikilir. Keçmiş üstündə tikilməyən gələcək bic olur.
***
Sən bilsəydin əsən küləklər haralardan keçib gəlir, onun qədrini yaxşı anlayardın.
***
Şimal ölkələrinə bahar gec gəldiyi kimi, bədbəxt adamların taleyinə də xoşbəxtlik gec gəlir.
***
Bizi bu gün bir nəfər başa düşən varsa, ona da şükür etməliyik. Ona görə ki, sabah neçə nəfərin başa düşəcəyini bilmirik.
***
İnsanın xoşbəxt ola bilməməsinin səbəbləri çoxdur: biri özündədir, biri özgəsindədir, biri günahlarındadır, biri dəcəlliyindədir, biri qismətindədir və s.
***
Görəsən ölülər geri qayıtmaq istəyirlərmi?!
***
İnsan ömrü boyu saysız-hesabsız, əhəmiyyətsiz qorxularla qarşılaşır.
***
Nə yaxşı ki, insan gün ərzində bir neçə dəqiqə özü ilə tək qala bilir.
***
Bədbəxtlik insanların yuxusuna haram qatır. Görəsən bədbəxtlər necə yatır?!
***
Dünyadakı bütün adamların səhvlərini qanun da qaydasına qoya bilmir.
***
Şəxsi məsələlər qəzetlərə yol tapırsa, ictimailəşirsə, deməli, şəxsiyyət deyilən anlayış dəyərdən düşür.
***
Mənim qapım ADAM olan bəndəyə açıqdır. Sözün həqiqi mənasında ADAM olan bəndəyə.
***
Məhəbbət bir açardır. O, qarşı tərəfə düşüb onu aça biləcəkmi?!
***
Bəla yavaş-yavaş gəlir. Bəla gəlir ki, işini sona yetirsin. O nə tələsir, nə də ləngiyir. O heç öz yolunu da səhv salmır. Onu yolundan döndərmək də mümkün deyildir. O, güclüdür.
***
Xəyal şirindir. İnsan xəyalda olduqda özünü xoşbəxt hiss edir.
***
Allah insana hər cür şans verir. Lakin bu şansdan istifadə edə bilməyənlər elə bu dünyada cəhənnəmin içində olurlar. Bu dünyada cəhənnəmin içində olanlar verilən şansdan istifadə etməyi bacarmayanlardır. Onlar heç bir iş görməyə qadir olmurlar.
***
Görəsən cahil bilirmi ki, o, cahildir? Riyakar bilirmi ki, o, riyakardır? Yalançı bilirmi ki, o, yalançıdır? Yaltaq bilirmi ki, o, yaltaqdır? Bilmədiklərinə görə də öz əməllərindən əl çəkmirlər.
***
Bəzən elə faktlar var ki, onlar heç kəsə lazım deyil. Belə faktlar ölü faktlardır.
***
Mən düşdüyüm mühitin aurasını hiss edirəm. Hətta oradakı pis auralı bir adam olsa belə, onu hiss edirəm. Dərs dediyim auditoriyada bunu daha tez duyuram. Bir süfrə arxasında əyləşən zaman süfrə arxasındakı mənfi auraları hiss edirəm. Avtobusda yol gedərkən içəridəki mənfi auraları hiss edirəm. Hissiyyatım məni aldatmır. Hissiyyatımın verdiyi əzablar məni yorsa da, hissiyyatım məni aldatmır. Bu hissiyyatı mənə hədiyyə edən Allahıma borcluyam.
***
Təpəgöz Oğuz boyunun içərisində yetişdi və bu boya qənim kəsildi. Bəzən öz aramızda və içərimizdə təpəgözlər yetişdiririk. Onlar bir müddətdən sonra bizim hər birimizə qənim kəsilirlər, bizim hər birimizə zülm edirlər.
***
İnsan həm də özü olanda xoşbəxt olur. Elələri var ki, ömrü boyu özü ola bilmir. Bəlkə bir an, bir dəqiqə, bir saat, bir gün özü ola bilmir. Çoxlu uğurları olur, çoxlu mərtəbələrə yüksəlir. Ancaq özü ola bilmir.
***
Göydəki ulduzlar yerdən bizə çox balaca görünür. Əslində isə onlar balaca deyildir. Ulduzlar bizdən o qədər uzaqdır ki, biz onları uzaqdan balaca görürük.
***
Professor Əbdüləzəl Dəmirçizadə Azərbaycan dilinin özüdür.