Mayın 30-da bir sıra müxalifət təşkilatları və ictimai fəalların birləşdiyi Milli Şura Bakıdakı “Məhsul” stadionunda icazəli mitinq keçirib. Müxalifət fəalları «Xilas olaq!», «Talana və yalana son!» şüarları ilə keçirilən aksiya ilə ölkədə günahsız həbs olunanlara, korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildiriblər.
Modern.az-ın məlumatına görə, mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlı, AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.
Hakimiyyətin siyasətini kəskin tənqid edən Cəmil Həsənli mayın 19-da baş verən yanğından da danışıb, baş verən hadisəyə görə heç bir məmurun vəzifəsini itirməməsini pisləyib.
Mitinq qətnamənin oxunması ilə başa çatıb. Mitinqin qətnaməsində hakimiyyətdən 19 may yanğınında və əsgər ölümlərində günahkar olanların cəzalandırılması tələb edilib.
Mitinqin sonunda polis iki nəfər aksiyaçını saxlayaraq, aparıb.
***
Milli Şuranın Bakıdakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə 400 nəfər iştirak edib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, saat 15.30-dan 16.30-dək davam edən mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Modern.az