Atam dayımla hansısa rayona gedirmiş. Adətincə bazara baş çəkib. Maşını saxlayıb içəri keçmək istəyirlərmiş ki, ortayaşlı bir nəfər bunlara yaxınlaşır:
- Salam.
- Ay əleykmə salam, - deyə atam hörmətlə salamını alır.
- Tanıdım sizi. Siz Qabilsiniz – televizorda görmüşəm.
- Lap yaxşı, - atam yenə hörmətlə cavab verib yoluna davam etmək istəyir. Birdən o kişi:
- Qabil müəllim, yadımdan çıxmışdı e... soruşum. Yenə şeir yazırsan?
Dediyin həcilər bunlardır?
Dayılarımdan biri gəlir ki, bəs qardaşım uşağı üçün elçi gedirik. Qabil, sən də bir ağsaqqal kimi qabaqda getməlisən. Amma bu başdan səndən xahişim var. Bu ailə çox dindar ailədir. Hacıdırlar. Süfrə açacaqlar. Amma demə ki, bəs ortaya araq niyə qomamısınız. Yalandan, mədəniyyət xətrinə bir-iki qaşıq plovun düyüsündən yeyərik. Rəsmi mərasimi başa vurarıq, sonra gedək oturaq harda istəyirsən qeyd edək. Yəni ki, yaxşıca vuraq.
Nə isə gəlirlər qızın qapısına. Stolun bu tərəfində qız evi oturur, o biri tərəfində də oğlan evi. Qız evindən də kişilər üzü tüklü, başlarında buxara papaq, əllərində təsbeh. Sözlərinin əvvəli də Allahla başlayır, sonu da Allahla bitir. Birdən onlardan biri:
- Qabil müəllim, tanımadun? Hacı Filankəsəm də. Salam rəhmətliklə gələrdüz a... bizə - qutaba-düşbərəyə. Qızın atası mənəm. – deyir.
- Həəəə, sənsən? – deyə atam onun valideynlərini xəbər alır. Biləndə ki, rəhmətə gedib “Allah rəhmət eləsin” də deyir.
- Qabil müəllim, mən də Hacı Filankəsəm də... tanımaduz. Memmed müəllimin qohumi.
- Həəəəə.... Güclə tanıdım. Evdə nə var, nə yox?
Beləcə bütün məclis əhli atamla bu minvalla hal-əhval tutur. Hamısı da özünü Hacı Filankəs kimi təqdim edir. Axırda atam dözmür. Üzünü dayıma tutaraq bərkdən:
- Ay Fikrət, dediyin həcilər bunlardır? Alə, bunların hərəsiylə bir ton araq içmişəm e...
Anam qısqanar axı...
Atam rəhmətə gedən gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun tapşırığı ilə məni gətirdilər 1-ci Fəxri xiyabana. Qəbir yerini özüm seçməliydim. Birinci göstərilən yer iki il əvvəl rəhmətə getmiş, xalq artistimiz Sara xanım Qədimovanın yanındakı boş sahə idi. Məni müşayiət edənlər üzümə baxıb cavab gözləyirdilər. Ki, qəbri burda qazaq, ya yox?
- Yox. Bura yox. Başqa yer göstərin.- dedim
- Niyə? – deyə kimsə sual verdi.
- Anam qısqanar axı...