Bu gün Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun 40 mərasimidir. Modern.az saytı Tofiq Yaqublunun qızının yas mərasimində iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
Vəkil Nemət Kərimili bildirib ki, ötən həftə Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinə elektron sorğu göndərib: “Müraciətdə bildirmişəm ki, Tofiq Yaqublu qızının 40 mərasimində iştirak etmək üçün bir-iki günlük müddətə buraxılsın. Hələ ki müraciətə rəsmi cavab yoxdur”.
Vəkil Tofiq Yaqublunun buraxılma ehtimalının olmadığını da əlavə edib.
Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. Mərhum ötən il ailə qurub, Rusiyada yaşayırdı. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi. Mərhumun aprelin 15-də 7 aylıq körpəsi dünyaya gəlib.
Tofiq Yaqublu Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. 2013-cü ilin fevral ayında tutulan Tofiq Yaqublu həmin il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə 5 il azadlıqdan məhrum edilib.
Yeganə OQTAYQIZI