Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə növbəti səyyar qəbul-görüşü Gecəgözlü kəndindən olan məcburi köçkünlərin kompakt məskunlaşdığı Gecəgözlü kənd yatağında keçirib.
Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır.
O, deyib ki, Gecəgözülü kənd yatağının işıq, su, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. İlin sonuna kimi isə əraziyə qaz çəkiləcək.
Gecəgözlü kənd yatağında məktəb, tibb məntəqəsi fəaliyyət göstərir, burada məskunlaşan məcburi kömkünlərə təsərrüfatla və maldarlıqla məşğul olmaq üçün torpaq sahələri ayrılıb.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.
Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi, Baytarlıq Xidməti və digər xidmət təşkilatlarının rəhbərləri Gecəgözlü kənd sakinləri qarşısında hesabat veriblər.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Onlar ən böyük arzularının işğal altında olan Gecəgözlü kəndinə qayıtmaq olduğunu vurğulayıblar.
Modern.az