Neçə il öncə “Ərəb baharı” dalğası Şərq aləmini silkələdi. İllərlə iqtidarda olan Tunisin prezidenti Ben Ali, Liviya lideri Müəmmər Qəzzafi, Misirə 30 ilə rəhbərlik etmiş Hüsnü Mübarək siyasi səhnəni tərk etdilər. Proses davam etdi; qanlı qarşıdurmalar İraqı, Suriyanı bürüdü, İŞİD terror qruplaşması bu gün də hərbi əməliyyatlar aparır. Səudiyyə Ərəbistanı qoşununu qonşu Yəmənə yeridib, aviasiyanın köməyi ilə oranı bombardman edir.
Ən ciddi nəzarət sistemi belə heç bir ölkənin təhlükəsizliyini təmin edə bilməz, dünya artıq internet, sosial şəbəkələrlə birləşib, fikirlər, təriqətlər, ideologiyalar bir yerdən o biri yerə maneəsiz hərəkət edir. Sərhədlər mənasızlaşır, insanlar milli marağa yox, internetdə dolaşan trendlərə üstünlük verirlər.
Azərbaycanın güc elitası da narahatdır, deyəsən lazım olduğundan az...
Deyirdi, bizə heç təhlükə yoxdur. Nəzarət əlimizdədir...
Elə “Ərəb baharı” dövründə orta bir məmurla söhbəti xatırlayıram. Deyirdi, bizə heç təhlükə yoxdur. Nəzarət əlimizdədir, kim də özünü pis aparsa, çağırıb söhbət edirik, anladırıq, başa salırıq. Özü də bunu deyən sosial şəbəkədə olmayan birisiydi. Düşünür, nə var, nə olub; heç nə olmaz. Şəbəkənin gücünü bilmirdi çünki…
Virtual texnologiyaların gücünü görmüşük. Bakıda baş vermiş son yanğın şəbəkəni necə silkələdisə, başqa mövzuya yer olmadı. Hadisə hamını birləşdirdi bir növ, kədərlənən, şəkil, video, yazı paylaşan insanların sayı birə on artdı. Bu yanğın cəmiyyəti parçaladı da, kimsə məmurları ittiham etdi, kimsə də müdafiəsinə qalxdı. Hətta aparıcı Mətanət Əliverdiyevanın efirdə söylədiyi “Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi” ifadəsi də şəbəkəni növbəti dəfə “partlatdı”.
Bu olmuş hadisə ətrafında gedən prosesdir. İnsanların yanğından ziyan çəkənlərə mənəvi dəstək olması bəyəniləndir. Amma internet həm də kiminsə ssenarisi ilə studiyada çəkilən “dəhşətli” videolarla doludur. İngilis dilində “Feyk” (Fake) adlanan yeni bir termin də yaranıb. Feyk yalançı, saxta, qondarma deməkdir. Media mühiti saxta xəbər, foto və videolarla doldurulur. Adi istifadəçi yalanı doğrudan ayırmaq gücündə olmur. Nümunə az deyil.
Facebook-da Rusiya prezidenti Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinanın guya alman mətbuatına verdiyi “müsahibəsi” yayılmışdı. Bir gün müzakirə getdi, sonra da təkzib gəldi. Rusiya tərəfi də feyklərdən yararlanır. Məsələn, 10 gün öncə Ukraynaya məxsus “Donbas” batalyonunun iki nəfərin edam səhnəsini əks etdirən video yayılıb. Guya ukraynalılar yaraqlı və onun hamilə xanımını meşədə “asırlar”. Videonu diqqətlə izləyən hər kəs onun səhnələşdirilmiş olduğunu anlayar. Ən azı asılan adamın ağırlıq mərkəzi belə yox, boyuna düşməlidir, burada isə “asılan” insana belinə əlavə ip bağlanır, ağırlıq da mərkəzə düşür. Ya da konvulsiya 10 saniyə olmalıdır, videoda isə bu cəmi 2 saniyə çəkir. Qüsur çoxdur, video saxtadır.
Qlobal şəbəkədə savaş gedir: pul marağı elə də vacib deyil
Yer kürəsi çox daralıb, hamı internetlə birləşib. 3 ABŞ şirkəti Google, Facebook, Twitter rəqiblərini üstələyib. Dünya əhalisinin təqribən 85 faizi Google-un brauzerindən yararlanır. Digər İKT nəhəngi Microsoft əksər noutbuklara öz əməliyyat sistemini yükləyir, istəsən də, istəməsən də Windows sistemində işləməlisən. Şirkət hamının ünsiyyət qurduğu Skype-ı da alıb. Facebook, Twitter-in ümumi istifadəçisinin sayı 2 milyarda yaxındır. Üstəlik, Facebook iki məşhur şəbəkəni də alıb – WhatsApp və Instagram-ı.
Qlobal şəbəkədə beyinlər uğrunda ağır savaş gedir. Burada pul marağı elə də vacib deyil, axı Mark Suxerberqin WhatsApp, Instagram-ı, Microsoft-un Skype-ı , Google-un isə Youtube-u almaqda nə marağı var? Hələ ötən ilin hesabatında Twitter 176 milyon dollar kəsiri olduğunu, 22 milyard dollara WhatsApp-ı alan Facebook isə bu platformanın 2362.5 milyon dollar zərərini ödədiyini açıqlayıb. Kapitalist də ziyana işləyər? Əvvəl beyin savaşında qalib gəlmək lazımdır, pul özü sonra axınla gələcək.
Adı hallanan platformalar yalnız bir meydandır, buranın oyunçuları kimlərdir? Yeni bir elita yaranır: netokratiya. Əgər demokratiya “xalqın hakimiyyəti” mənasını verirsə, netokratiya “şəbəkənin hakimiyyəti” deməkdir. Artıq internetdəki şəbəkələr, müxtəlif platformalar ənənəvi institutları sıxışdırır. Yəni klassik iqtidarı, parlamenti, bələdiyyəni, polisi və ordunu şəbəkədə formalaşan yeni elita əvəzləyəcək. Yaxın zamanda köhnə hakimiyyət formalarının, seçki sisteminin, ənənəvi medianın ortadan çıxacağı proqnozu verilir. Dünya şəbəkədən idarə ediləcək.
Yeni qlobal elita özünü hər hansı bir millətə, dövlətə aid etmir. Dünyanı idarə etmək iddiasında olan insan adətən hər yerdə “vayfay” internet axtaran, kürəyində gəzdirdiyi çantasındakı noutbuk və ya əlindəki smartfondan status yazan birisidir. Amma zahirən onlar bir-birinə bənzəyirlər, yaşadığı ölkədən asılı olmayaraq.
Yeni elita tədricən əhəmiyyətli mövqelərdə yerini möhkəmləndirir. Proqramçılar, sayt dizaynerləri, İT mütəxəssisləri, sosial şəbəkə liderləri bu elitanı formalaşdırır.
Netokratiya ənənəni qəbul etmir, öz qaydalarını yaradır
Netokratiya əslində qlobal trendlərin transferi ilə məşğuldur, dövlət sərhədlərini, milli-mədəni çəpərləri aşaraq öz ideologiyasını diktə edir. Hər bir dövlət, millət qloballaşmanın üstünlükləri ilə yanaşı yaratdığı təhlükələrlə də üzləşir. Milli ənənəni formalaşdırmaq da çətinləşir: niyə muğama üstünlük verməliyik? Eləcə, rok, caz, rep, pop musiqini dinləyə bilərik. Niyə Lənkəran çayı içməliyik? Daha keyfiyyətli Seylon çayı içə bilərik. Nədən müasirlərimiz Ramiz Rövşəni, Anarı, Elçini, Nəriman Əbdülrəhmanlını oxumalıyıq? Dəbdə olan Murakami, Pamuk, Den Braun, Xalid Hüseyni onları sıxışdırır. Yeni nəslə hətta klassik yazar və şairlər də darıxdırıcı görünür. Balzak, Tolstoy, Şekspirin cild-cild kitablarını oxumaq nəyə gərəkdir?
Netokratiya ənənəni qəbul etmir, öz qaydalarını yaradır. Şəbəkədə populyar insanların fikri daha əhəmiyyətli olur. Əgər sosial mediadə sözü eşidilən nüfuzlu birisi dəbdə olan əsəri tərifləsə, onun sözünü daha çox eşidəcəklər, nəinki parlamentin 10 deputatının. Şəbəkənin öz liderləri var, budur netokratiya. Onlar çox iddialıdırlar.
Ənənələrin məhvi, itməsi çoxlarını narahat edir. Rusiyanın hərbi potensialı, nüvə silahı, ucu-bucağı bilinməyən ərazisi var. Nə olsun? Ərazisinə internetlə daxil olan Google, Facebook, Twitter-in əlində acizdir. Bu şirkətlər istənilən məlumatı Rusiyadan kənara ötürür. Hətta İKT sahəsinə nəzarət edən Roskomnadzor qurumu bu 3 şirkətə xəbərdarlıq da edib. Nə faydası? Gərək, alternativ yaradasan. Rusiyanın Rambler, Yandex, Mail.ru servisləri rəqabət gücündə deyillər.
Qlobal güclərdən ehtiyatlanan dövlətin 2 problemi var: bir qlobal təhlükədən qorunmalıdır, bir də daxili. Qəribə görünsə də, texnoloji baxımdan geridə qalan millətlərin daxilində qədim ənənəyə, dinə qayıdış tələbi olur. Bu qüvvələr tərəqqini ziyanlı sayır, həqiqəti elə köhnə qayda-qanunda görürlər. Hakim çevrə isə bu qlobal yarışmada daha çox texnoloji yeniliklərə üstünlük verir, köhnəliyə can atanları millət üçün təhlükə kimi qəbul edirlər.
Qonşu İranın son 100 ildə keçdiyi yolda bu tendensiyalar tam görünür. 1922-ci ildə hakimiyyəti gələn Rza Pəhləvi ölkənin geriliyini ləğv etmək üçün islahat keçirməyə qərar verir. Ordunu gücləndirir, məhkəmə sistemini təkmilləşdirir. Köhnəlik rəmzi kimi görünən çadranı zorla qadınlardan soyundururlar.
Oğlu Məhəmməd də bu prosesi davam etdirir, 1970-ci illərdə İran Yaxın Şərqin Yaponiyası adlandırılır. İran elektronika sahəsində böyük uğur əldə etmişdi. Amma narazı qruplar da az deyildi, ölkədə inkişafla yanaşı pozğunluq, əyyaşlığın artıdığını iddia edən klerikal qüvvələr 1979-cu ildə şahı devirdilər. Əvvə təqib olunan dindar təbəqə ənənəyə qayıdış ideyasını ortaya qoydu, İran İslam Respublikası yarandı.
Bəzi dostlar pişik şəkli ilə 2-3 min “bəyəndim” toplayır
Azərbaycan sosial şəbəkəsində də həyat qaynayır. Müstəqil jurnalist Çingiz Sultansoy da Facebook fəallıdır. Jurnalistin fikrincə, dünyanı müəyyən dərəcədə şəbəkədə yerləşən insanlar idarə edir: “Baxır "idarəetmə” sözünü hansı mənada işlədirik. "İdarəetmə" deyəndə adi istifadəçilərə internetin müxtəlif seqmentlərinin, kino və şou-biznes, idman ulduzları, bloqçu və media simalarının təsirini nəzərdə tutmalıyıq. Məharətli təsir elə idarəetmə deməkdir. Yaxın zamand köhnə idarəetmə elementlərinin, seçki mexanizmlərinin, ənənəvi mass-medianın səhnəni tərk edəcəyini iddia etmək hələ tezdir.
Bir jurnalist kimi ictimai rəyə müəyyən qədər təsir imkanım var. Bu təsirin gücü zamandan, jurnalistin çalışdığı KİV-dən, yaşadığı ölkədəki vəziyyətdən asılıdır. Televiziya və ya populyar qəzetdə çalışarkən tamaşaçı-oxucu auditoriyam daha geniş idi, sonra başqa yerdə çalışdığım zaman sayı azalsa da, tam itmədi. Həm də KİV-in auditoriyası geniş, jurnalistin şəxsi təsiri isə kiçik ola bilər. Çünki aparıcının efirdən səsləndirdiyi xəbər tamaşaçıda etibar doğurmursa, ona inam da olmur. Bizim yerli kanallar buna nümunədir.
Mən Facebook-un fəal üzvüyəm, şəbəkəni, oradakı durum, imkanları bəyənirəm. Yazdıqlarım xeyli şərh toplasa da, şəbəkənin Azərbaycan seqmentində məndən də populyar iştirakçılar var. Facebook-da cəmi 5000 dostum var, məgər bu çoxdur? Onların sayı 20-30 minə çatsa, bu əsl məşhurluq deməkdir. Bəzi dostlar pişik şəkli ilə 2-3 min “bəyəndim” toplayır. Özümü yeni yaranan netokratiya təbəqəsinə aid etmirəm.
Millətlərin yoxa çıxması və SSRİ vətəndaşlarının sovet xalqı adlı yeni tarixi birliyinə qədəm qoymasını ifadə edən çoxlu yazı yazılıb, dissertasiya müdafiə edilib vaxtilə. Bu ideologiya tam iflasa uğradı. Millətlər qaldı, Sovetlər Birliyi dağıldı, onun ideoloqları, alimləri yoxa çıxdı. Gələcəkdə hər hansı bir millətin yoxa çıxacağını istisna etmirəm, amma tələsmək lazım deyil, çünki hələ millətin formalaşması mərhələlərinin hamısını keçməmişik. Bu məsələdə öndə getməyə ehtiyac yoxdur.
Ayrı-ayrı milli birliklərə təhlükə həmişə olub, indi də var, olacaq da, bu məsələ qloballaşma ilə bağlı aktuallaşıb. Yoxa çıxmış xalqlar – qədim yunanlar, misirlilər, assuriyalılar buna nümunədir. Amma bugünkü yunan və misirlilər vaxtilə böyük mədəniyyət qurmuş ulu babalarından xeyli fərqlidirlər. Hazırda keçmiş SSRİ-də yaşamış çukça, yakut, even kimi xalqlar yoxa çıxmaq təhlükəsi ilə-ilə üz-üzədirlər. Biz, azərbaycanlılar da belə təhlükədən sığortalanmamışıq. Sərhədlərin yoxa çıxması, dövlətlərin birləşməsi – normal prosesdir, bəzən də tərəqqiyə aparır, Avropa Birliyi buna bir nümunədir. Xalqların yoxa çıxması başqa prosesdir. Kiçik etnosların itməsi – dünyanın zənginliyinin azalması deməkdir, buna tərəqqi deməzdim”.
Facebook da daxil olmaqla çox sosial şəbəkənin fəal üzvü olan media eksperti Azər Həsrət yeni texnologiyaların özü ilə yeni münasibətlər sistemi də gətirdiyi qənaətindədir: «Bu, həmişə belə olub. Net texnologiyalarının günümüzdə hakim olması qaçılmazdır. Bir jurnalist olaraq son dəfə nə zaman köşkdən qəzet aldığımı xatırlamıram. Yaxud da təyyarə bileti üçün kassaya getmirəm, çünki internetdən alıram. Kommunal xidmətləri və digər pul keçirmələrini də onlayn ödəyirəm. Yəni şəbəkə artıq məni idarə edir.
Şəbəkədə kifayət qədər təhlükə də var. Əlbəttə, bu təzahürləri əngəlləmək üçün senzura tətbiqindən söhbət gedə bilməz. Sadəcə, insanları cəlb edə biləcək alternativ kontent istehsalına ciddi diqqət ayrılmalıdır. Yəni elə etməliyik ki, şəbəkə istifadəçiləri bizə sırınan yad və zərərli kontentə deyil, özümüzə uyğun məlumata müraciət etsinlər.
Qlobal təhlükə evimizin içinə qədər gəlib artıq. İnternet harda varsa, orda qlobal təhlükə var. Örnək üçün, 2 il öncə Türkiyədə yaşanmış Gəzi Parkı olaylarını, yaxud “Ərəb baharı”nı xatırlayaq. Bunların hamısını qlobal aktyorlar şəbəkədən idarə edirdi. Belə proseslər indi də davam edir. Ona görə də milli olan hər şeyi qoruya bilmək mümkünsüz olub. Qurban da verməliyik. Amma çalışmalıyıq, qurbanlar az olsun. Bunu etmək üçünsə yeni texnologiyaların kəşfi və tətbiqində önə çıxmaq lazımdır.
Bu təzahürlər gələcəyin şəkilləndirilməsində ən ciddi amillər olacaq. Ona görə də dünya millətləri içində əriyib itməmək üçün prosesin arxasınca sürünməli deyil, önündə olmalıyıq. Əks təqdirdə inteqrasiya bizi udacaq”.
Dəyərləri qoruyub, yeni texnologiyaları qəbul etməliyik
Texnoloji yeniliklərsiz yaşamaq mümkün deyil, milli dəyərləri də qorumaq çətinləşir. Burada bir yolumuz qalır: yeni ideyalarla köhnə ənənənin bir balansını tapmaq. Necə ki, vaxtaşırı evdə yır-yığış edirik, köhnə əşyaları tullayıb yenisi ilə əvəzləyirik, real həyatda da bu yolu tutmalıyıq. Köhnəlmiş cinsdən yaxa qurtaranda, rahatlıq tapırıq, amma dədə-babadan qalmış qədim mis qabları, nimdaş Quranı və ya ulu nənəmizin toxuduğu xalça-palazı tullaya bilmərik.
Vacib dəyərləri qoruyub, yeni texnologiyaları qəbul etməliyik. Bəlkə onda kimliyimiz saxlaya bildik.
İsmayıl Rafiqoğlu
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.