Modern.az

Deputat uşaqlardan YAZDI

Deputat uşaqlardan YAZDI

1 İyun 2015, 12:41

Hadi Rəcəbli,
Milli Məclisin Sosial siyasət komitəsinin sədri

1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən bu tarixin  Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. BMT-nin bu addımı  bir daha onu sübut edir ki, beynəlxalq aləm uşaq siyasəti, uşaq problemləri, uşaqlara qayğını  daim diqqət mərkəzində saxlayır.

Uşaq Hüquqları Konvensiyası 25 ildən artıqdır ki, fəaliyyət göstərir və dünyada bu konvensiyanın müddəaları rəhbər götürülərək, uşaqların hüquqi müdafiəsi  istiqamətində ardıcıl və çoxşaxəli iş aparılır.

Azərbaycan  Uşaq Hüquqları Konvensiyasına 1992-ci ildə qoşulub. Həmin vaxtdan bu günə kimi  Konvensiyadan irəli gələn yüzə yaxın hüquqi sənəd qəbul edilib, ölkəmiz onlarla  ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərə qoşulub. Bu istiqamətdə bu gün də ardıcıl iş aparılır.

BMT-nin Uşaq Fondu (UNİCEF) Azərbaycanın  həm qanunverici orqanı, həm icra strukturları ilə sistemli əməkdaşlıq edir.  Hüquqi bazanın möhkəmləndirilməsi və icra strukturlarının idarəetməsində  dünya təcrübəsindən də  bu qurum vasitəsilə istifadə edilir.


Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və bu sahədəki işlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, həm də əlaqələndirici fəaliyyət göstərir.  Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə daimi diqqətdən xəbər verir.

Rəsmi statistikaya əsasən  bu gün Azərbaycanda 2 milyon 548 min 200 uşaq var. Uşaq problemləri ilə məşğul olan 80-ə yaxın Qeyri Hökümət Təşkilatı fəaliyyət göstərir.

Bu QHT-lərdən ən irimiqyaslı layihələrə imza atan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları həyata keçirilir. Qeyd etmək lazımdır ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2014-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunub və yenidən qurulub. Bu layihə çərçivəsində respublikamızın ən ucqar kəndində belə müasir dövrün tələblərinə cavab verən, yeni avadanlıqlarla təchiz olunmuş məktəblər tikilib.

Uşaqların asudə vaxtının təşkili, bədən tərbiyəsi və idmana cəlb olunması da daimi diqqət mərkəzindədir. Təkcə onu demək kifayətdir ki, hazırda respublikamızın rayonlarında 40-a yaxın müasir olimpiya kompleksləri fəaliyyət göstərir. İdmançılarımız daim möhtəşəm  uğurlar qazanır.

Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir daha möhtərəm prezidentimiz İlham Əliyevə və ölkəmizə inam və etimadın təzahürüdür.

Bu yarışlarda uşaqlar da tamaşaçı qismində iştirak edəcək, möhtərəm prezidentləri və ölkələrinə görə iftixar hissi keçirəcəklər.



Yay tətili başlanır. Hər il uşaqlar üçün  Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyası və digər rəsmi qurumlar, özəl strukturlar tərəfindən “Azərbaycan ölkəm mənim” devizi altında istirahət düşərgələri təşkil olunur, minlərlə balalarımız bu yerlərdə dost, sağlamlıq, intellekt qazanır və regionlarımızı öyrənirlər.

Hər il deputatlarımızın bir qismi də bu istiqamətdə xeyriyyəçilik fəaliyyəti göstərirlər.

Bir daha uşaqlarımızı və valideynlərimizi bu gün münasibətilə təbrik edir, ölkəmizin hər bir strukturunda balalarımıza qayğı və diqqəti heç vaxt əsirgəməməyi arzulayıram.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular