Rusiyanın Ulyanovsk şəhərində Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin adını daşıyan 78 saylı məktəbdə onun xatirə lövhəsinin açılışı ilə bağlı təntənəli mərasim keçirilib. Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumatda bildirilib ki, tədbirdə Ulyanovsk şəhərinin rəhbərliyi və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak edib.
Ulyanovsk vilayətinin Milli siyasət departamentinin rəhbəri, Ulyanovsk Qubernatoru Sergey Mironov məktəbə Heydər Əliyevin adının verilməsini təqdirəlayiq hal adlandırıb və bu münasibətlə ÜAK-ın yerli nümayəndəliyinin üzvlərini və 78 saylı məktəbin kollektivini təbrik edib. Şəhərin qubernatoru bildirib ki, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adının bu məktəbə verilməsi dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.
ÜAK-ın Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynov Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərdən bəhs edib. O 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Ulyanovskun bir sıra abidələrində rekonstruksiya işlərinin aparılmasını bu münasibətlərin göstəricisi olduğunu qeyd edib.
78 saylı məktəbin direktoru Gennadi Çarev bildirib ki, təhsil ocağına Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir və bu hadisə məktəbin müəllim, şagird heyətini daha məsuliyyətli olmağa ilhamlandıracaq.
Çıxışlardan sonra şagirdlər Azərbaycan haqda şeirlər səsləndirib, Azərbaycan milli rəqslərini ifa ediblər. Sonda Heydər Əliyevin adının əks olunduğu löhvənin açılışı olub.
Gülşən RAUFQIZI