İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirli bilinənlərə hökm oxunub.
Vəkil Elmar Süleymanov Moden.az saytına bildirib ki, prosesdə iş üzrə təqsirli bilinən şəxslər də iştirak edib: “İş üzrə təqsirləndirilən 6 şəxs var. Məhkəmə Ruslan Mustafayevi 14 il, qalan təqsirli bilinənləri 13 il 6 ay müddətinə azadlıqdan məhrum edib”.
Vəkil onu da əlavə edib ki, əgər təqsirləndirilən şəxslərin ailə üzvləri razı olsalar, qərardan apelyasiya şikayəti veriləcək.
Ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 nəfər Azərbaycan vətəndaşı – Soltan Yusifov, Taleh Soltanov, Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov, Vüqar Dursunəliyev və Elşən Qurbanlı şübhəli şəxs qismində saxlanılıblar.
Yeganə OQTAYQIZI