Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağı davam edir. Bu məqsədlə iyunun 1-də Dövlət Komitəsində maliyyə yardımı ayrılmış qeyri-islam dini icmaların sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən xəbərə görə,toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, 2011-ci ildən dövlət tərəfindən qeyri-islam dini icmalara maliyyə yardımı ayrılır. Həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərdiyini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən Komitə sədri dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Mübariz Qurbanlı qeyd edib ki, 19 qeyri-islam dini icmasına 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.
Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran
DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.
Sonda qeyri-islam dini icmaları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə deyilir:
“Dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilməsi artıq ənənəyə çevrilib və biz bunu təqdir etməklə yanaşı, həm də dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycana xas xüsusiyyət kimi qiymətləndiririk. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər”.
Gülşən RAUFQIZI