“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramınlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyin ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. “Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndlərinin - Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinin su təchizatının yaradılması layihəsinin birinci mərhələsinin icrası uğurla başa çatıb.
Vərgədüz kəndində içməli suyun verilməsi ilə əlaqədar təşkil olunmuş tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çətin relyefə malik kəndlərin içməli su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandırmış, göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun ucqar kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə 2013-cü ilin yayında böyük bir layihənin icrasına başladıq. Bu gün artıq 4 kəndin sakinləri keyfiyyətli içməli su ilə təmin olunurlar, gələcəkdə onların sayı 15-ə çatdırılacaq”.
Tədbirdə çıxış edən kənd sakinləri bildirmişlər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.
İcrasına 2013-cü ildə başlanmış layihəyə əsasən su mənbəyi kimi Sineyir çayı hövzəsindəki bulaqlar seçilib. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbədə sugötürücü qurğu inşa edilmiş, buradan yaşayış məntəqələrinə qədər müxtəlif diametrli borularla 24 km uzunluğunda magistral kəmər çəkilmişdir. Magistral su xəttinin üzərində Osnakəran kəndində həcmi 500 kubmetr, Bürzünbül və Vərgədüz kəndlərinin hər birində tutumu 100 kubmetr olan su anbarları tikilmiş, kəndlərdə bulaqlar quraşdırılmışdır. Layihənin icrası nəticəsində 4 kənddə 6 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.
Ümumilikdə layihə Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Layihənin icrası tam başa çatdıqdan sonra Yardımlı rayonunun 15 kəndində 2688 ailə təsərrüfatının və ya 12 min sakinin içməli su təchizatı yaxşılaşdırılacaqdır. Bu məqsədlə yeni xətlərin və anbarların tikintisi layihələndirilib.
Qeyd edək ki, “Azərsu” ASC Füzuli, Tovuz, Zaqatala, Ağcabədi, Quba rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də layihələr icra edir və iyun ayında bu layihələrin bir çoxu yekunlaşacaq.
Modern.az