“Təklif edirəm ki, I Avropa Oyunları ərəfəsində ATV və ANS telekanallarında Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın təqdimatında yayımlanan verilişlər dayandırılsın”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Dilarə Vəliyeva deyib. O qeyd edib ki, bu ərəfədə bu cür verilişlərin yayımı müxtəlif qurumlar tərəfindən müxtəlif cür qarşılanır.
“ATV və ANS telekanallarında hər gün müxtəlif ehtiyacı olan insanların problemləri ilə bağlı böyük həcmli verilişlər yayımlanır. Bu verlişləri çoxdan izləyirəm ki, aparıcılar problemlərin həllinə nə dərəcədə vaxt ayırırlar. Hər zaman da müşahidə edirəm ki, hər iki kanalda şəxsiyyətə daha çox vaxt ayrılır, nəinki problemin həllinə. Düzdür, işlər görülür, təqdirəlayiq işlər var, amma bu kanallara dünyanın çox yerində baxılır. Bizim dostlarımızla yanaşı, düşmənlərimiz də bu verilişlərlə baxır və müxtəlif cür dəyərləndirirb, qiymətləndirirlər. Azərbaycanda I Avropa Oyunları keçirilməsəydi, bu məsələnin üzərində çox dayanmazdım. Təklif edərdim ki, heç olmasa, oyunlar ərəfəsində bu iki verilişin yayımını dayandırsınlar”.
D.Vəliyeva qeyd edib ki, hər iki verilişdə reklama ayrılan vaxt problemə ayrılan vaxtdan çoxdur.
“Düzdür, hər iki aparıcıya xələl gələcək, reklamdan qazanılan pullar cibə müəyyən qədər təsir edəcək. Bu məsələni yenidən qaldırcam ki, ona baxılsın.
Burada reklama ayrılan vaxt problemə ayrılan vaxtdan çoxdur. Hər iki kanala təkliflərim var ki, verişilər bu cür formada getməsin. Ayrı cür yayımlansın, amma hesabatı verilsin ki, nələr görüldü. Xoş simalı, xoş əməlli camaatımız var, onları göstərsin. Hər gün “cümə axşamları ağlaşması qururuq”, üstəlik bazar günləri də saat 22:00-dan 00:00-dək ağlayırıq. Ora gələnlərin simaları, xarici görünüşləri bizim xalqımızın göstəricisi deyil. Əleyhimizə olan qurumlar bunu bayraq etməyəcəklər ki, Xoşqədəm xanım və ya Zaur bəy xeyirxah iş görüb. Deyəcəklər ki, Azərbaycan budur”.
Şura üzvi eyni zamanda təklif edib ki, oyunlar ərəfəsində telekanallarımız maarifpərvər, vətənpərvər verilişlərin mətinlərini ingilis dilində subtitrlərlə versin.
“Telekanallarımızda xanım aparıcılarımız çox gözəl görünürlər. Ancaq kişi aparıcılarımız simalarına fikir vermirlər, efirə saqqallı və ya yarımsaqqalı çıxırlar ki, buna da fikir verilsə, yaxşı olardı”.
Aytən ƏLİYEVA