Modern.az

ADU-nun 10 tələbəsi Çində təhsil alacaq

ADU-nun 10 tələbəsi Çində təhsil alacaq

1 İyun 2015, 16:16

İyunun 1-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 2015-2016-cı tədris ilində Çin Xalq Respublikasının Şenyan Pedaqoji Universitetində universitet hesabına təhsil alacaq 10 nəfər tələbə və onların valideynləri ilə görüşdü.

Görüşdə Səməd Seyidov ADU-da çin dilinin tədrisinin Çin mütəxəssisləri tərəfindən aparılmasının vacibliyini söylədi. O, qeyd etdi ki, Çin dilini öyrənmək üçün ÇXR-da yaşamaq, orada təhsil almaq və çin tələbələri ilə əlaqələr yaradaraq bu dildə danışıq bacarıqlarını inkişaf etdirmək lazımdır. Regioşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsinin ÇXR-nın Şanyan Pedoqoji Universitetində təhsillərini davam etdirəcəklərini deyən rektor Səməd Seyidov sözlərinə onu da əlavə etdi ki, Elmi Şuranın qərarı ilə növbəti tədris ilindən II kursdan göndərilən tələbənin Şanyan Pedoqoji Universitetindən alınmış krediti 2 universitet arasında təsdiq olunacaq.

“Çində II kursu müvəffəqiyyətlə başa çatdıran tələbələr ADU-da III kursda öz təhsillərini davam etdirəcəklər. Tələbələr hazırda dərsə qarşı necə məsuliyyətlidirsə, xarici ölkədə də elə olmalıdırlar. Dil vərdişləri və ölkəni öyrənmək nöqteyi nəzərindən bu imkan tələbələr üçün çox böyük əhəmiyyət kəsb edəcək”. 

ADU-nun öndə gedən universitetlərdən biri olduğunu söyləyən rektor, eyni zamanda ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsini və ADU tələbələrinin könüllü olaraq çalışmasını da sözlərinə əlavə etdi

Rektor çıxışının sonunda Şanyan Pedoqoji Universitetində təhsilini davam etdirəcək tələbələrə uğurlar arzuladı.

ADU-nun Xarici dillər kafedrasının Çin dili müəllimi Könül Abbasova Çin dili və mədəniyyəti Mərkəzinin müdiri, professor Rafiq Abbasovun tələbələrə ünvanlanmış nitqini səsləndirdikdən sonra Şenyan Pedaqoji Universiteti haqqında məlumat verdi və  həmin universitetdə həyata keçirilən tədris şərtləri barədə danışdı.
Təməli 1951-ci ildə qoyulmuş Şimali-şərq Pedaqoji İnstitutunun 1953-cü ildə adı dəyişdirilərək Şenyan Pedaqoji İnstitutu adlandırıldığını və ölkənin şimal-şərqində yerləşən ən qədim iki pedaqoji institutundan biri olduğunu sözlərinə əlavə edən K. Abbasova 2002-ci ildə adıçəkilən institutun Lyaonin Pedaqoji İnstitutu ilə Şenyan Pedaqoji Universiteti adı altında birləşdirildiyini dedi. Universitetin nəzdində İqtisadiyyat və İdarəçilik İnstitutu, Çin ədəbiyyatı və mədəniyyəti İnstitutu, Paleontologiya İnstitutu, Teatr sənəti İnstitutu, Amfibiya və Sürünənlər İnstitutu, ÇXR şimal hissəsinin milli mədəniyyətlər İnstitutu, Kalliqrafiya təhsili İnstitutu, Humanitar resursların mənimsənilməsi və idarə edilməsi İnstitutu, “Mey Lanfan” incəsənət İnstitutu fəaliyyət göstərdiyini deyən K. Abbasova bildirdi ki, universitetdə fəlsəfə, iqtisadiyyat, hüquqşünaslıq, pedaqogika şöbəsi, ədəbiyyat, fizika, politexnik elmlər, idarəetmə və incəsənət istiqamətləri üzrə tədris həyata keçirilir.

Sonda Çinə yollanan tələbənin valideyni Sənəm Kərimova çıxış edərək yaradılan bu şəraitə görə rektora minnətdarlığını ifadə etdi.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular