Modern.az

Oqtay Əsədovdan NARAZILIQ

Oqtay Əsədovdan NARAZILIQ

1 İyun 2015, 21:37

 

İyunun 1-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az saytının məlumatına görə söhbətdə Sədr müstəqil Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən ATƏT-lə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi.   Qeyd edildi ki, ötən il Bakıda ATƏT PA-nın 23-cü sessiyasının keçirilməsi bu fikri bir daha təsdiqləyir. Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın tədbirlərində mütəmadi iştirak edir, qurum çərçivəsində qaldırılan məsələlərin müzakirəsində fəallıq göstərir. 

Sədr bildirdi ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ölkə ictimaiyyətini narahat edən əsas məsələdir.  

“20 ildən artıqdır ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, bu sahədə hələlik heç bir  irəliləyiş yoxdur.  

Azərbaycan nümayəndə heyəti Minsk qrupunun fəaliyyəti ilə bağlı ATƏT-in Parlament Assambleyasında vaxtaşırı  hesabat verilməsi məsələsini qaldırsa da, bu, öz həllini hələ də  tapmayıb. Minsk qrupunun həmsədrləri münaqişənin həllini tərəflərin üzərinə atmaqla özlərinin qəbul etdikləri prinsiplərdən geri çəkilmiş olurlar.

Qrupun hazırladığı Madrid prinsipləri də çox təəssüf ki, kağız üzərində qalır. Bunun nəticəsidir ki, Azərbaycan ərazilərinin işğalı bu gün də davam edir.  Biz inanırıq ki, Serbiya Respublikasının ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həll olunması yolunda Minsk qrupunun fəaliyyətində irəliləyişə nail olunacaq”.

Qəbulda Sədr Azərbaycan-Serbiya münasibətlərindən söz açaraq 2013-cü ildə ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənədi yüksək dəyərləndirdi. Bildirildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.

“Ölkələrimiz arasında imzalanmış 25 sənəd bu münasibətlərin möhkəm hüquqi bazasını təşkil edir. Parlamentlər səviyyəsində də əlaqələrimiz təqdirəlayiqdir. Biz deputatlarımızın qarşılıqlı səfərlərini və beynəlxalq təşkilatlar  çərçivəsində mütəmadi görüşlərini əhəmiyyətli hesab edirik. Düşünürük ki, siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək”

Qəbul üçün minnətdarlığını bildirən Serbiya Respublikası Baş nazirinin müavini və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, Serbiya Baş nazirinin birinci müavini, ölkəsinin xarici işlər naziri kimi Serbiya-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini önəmli hesab etdi.

Bildirildi ki, bu yaxınlarda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Serbiya Prezidenti də iştirak edəcək. 

Söhbətdə bölgədə sülh və əmin-amanlığın yaranması, regional münaqişələrə münasibətdə ikili standartların aradan qaldırılması, Azərbaycan-Serbiya münasibətlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı. 

Sonra qonaq ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini açıqlayaraq, problemin həllində beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyinə toxundu. O, bölgəyə səfəri çərçivəsində münaqişə tərəflərinin mövqeyi ilə yaxından tanış olacağını söylədi. 

Görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Məlahət İbrahimqızı, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Serbiyanın Azərbaycandakı səfiri Nebojsa Rodiç  və digər rəsmi şəxslər iştirak edirdilər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular