Modern.az

Leninin başını qəlyanla döyəcləyən azərbaycanlı kimdir? - FOTOLAR

Leninin başını qəlyanla döyəcləyən azərbaycanlı kimdir? - FOTOLAR

1 İyun 2015, 21:54

“Qəlyanımı Leninin başına döyəcləyəndə işlərimiz yaxşı gedir”. Dadaş Əliyev bunu dəfələrlə sınaqdan çıxardığını da söyləyir. “Lenin incimir, çünki bu özbəyə də pul lazımdır”.

Modern.az saytı Kreml ətrafında, Qızıl Meydanda baş verən hadisələrlə bağlı yazını təqdim edir.

İstər işgüzar səfərə gedənlər, istərsə də turistlər Rusiya paytaxtında olanda Qızıl meydana baş çəkməyi arzulayırlar. Bir çox tarixi hadisənin şahidi olmuş Kremlə ekskurs etmək, nəhəng siyasətçilərin ayaq izlərini özündə həkk etmiş Qızıl meydanda dolaşmaq təbii ki, hər bir insanda böyük maraq doğurur.

Bütün bunlarla yanaşı, Qızıl meydanda insanların marağını cəlb edən başqa bir məqam da var: tarixi şəxsiyyətlərin obrazını yaradan insanlarla həmsöhbət olmaq, şəkil çəkdirmək. Bu sahədə isə Qızıl meydana əsasən sahiblik edənlər Lenin və Stalindir.

Lenin və Stalin cütlüyü meydanın bir neçə yerində qərarlaşıb. Yəni bir neçə cütlük rəqabət aparır. Yer uğrunda isə əsl mübarizə gedir. Ayrı-ayrı cütlüklər insanların daha çox keçdikləri yerdə fəaliyyət göstərmək istəyirlər. Hətta turistlər dəfələrlə “lider”lərin yer uğrunda əlbəyaxa davasının şahidi də olublar.

Mübariz cütlüklərdən biri də Stalinin obrazını yaradan azərbaycanlı Dadaş Əliyev və Lenini əvəzləyən milliyətcə özbək Əhməd Yangibayevdir.

Əhməd Yangibayev Moskvada süpürgəçi işləyib. Bu şəhərdə yaşadığı illərdə bir dəfə də olsun nə Qızıl meydanda, nə də digər tarixi yerlərdə olub. Lenin olmaq təklifini aldıqdan sonra isə həyatı tamamilə dəyişib və bunu etiraf etməkdən də çəkinmir: “Həyat üzümə güldü. Bu əsl intiligent işidir. Həyat yoldaşım da bu işimdən çox razıdır. O artıq Krupskaya haqqında kitablar ozumağa başlayıb. Əvvəllər uşaqlarım Lenin haqqında heç nə bilmirdilər. Amma indi Vladimir İliçin bütün həyatını əzbər bilirlər”.

Dadaş Əliyev Rusiyada yaşayan adi azərbaycanlılardan biridir. Özünü bu sahədə sınamağa qərar verən Dadaş Əliyev işindən narazı deyil: “İşimiz pis getmir. Turistlər bizimlə şəkil çəkdirmək üçün 2-3 dollar pul ödəyirlər. Müştərilərimiz çox olanda endirim də olur. Bəzən elə olur ki, saatlarla şəkil çəkdirən olmur. Belə vaxtlarda Lenini-Əhmədi kənara çəkib qəlyanımla bir neçə dəfə başına döyəcləyirəm. Bunu edəndə yeni müştərilərimiz peyda olur. Dəfələrlə sınaqdan keçirmişəm. Buna görə Lenin məndən incimir. Axı bu özbəyə də pul lazımdır”.



Dadaş Əliyev bir neçə dəfə Qızıl meydanda rəqib cütlüklərlə yer üstündə davaya çıxıb. Digər “Stalinlər” onun rəhbərə oxşamadığını iddia ediblər. Dadaş isə tutarlı və məntiqli cavab verib: “Siz Stalinin müharibədən sonrakı obrazını yaradırsınız, mən isə müharibədən əvvəlki dövrünü”.

Turistlərin rəyinə görə, Qızıl meydanda ən uğurlu və bəxti gətirən Lenin Sergey Solovyovdur. Həm də qazancına görə o, rəqiblərini üstələyib. 15 ildən artıq meydanda Lenini əvəzləyən Solovyovun bu işə qoşulması sırf təsadüf nəticəsində baş verib: “Tənbəlliyim ucbatından bir neçə gün üzümü qırxmamışdım. Belə vəziyyətdə işə gələndə məni görən həmkarlarım bir ağızdan “Lenin gəldi” deyib qışqırdılar. Rəhbərlik isə mənə irad tutdu və təcili saqqalımı qırxmağı tələb etdi. Sözsüz ki, rəhbərliyin tələbini dərhal yerinə yetirdim. Düz 10 il müddətində saqqal buraxmadım. Amma günlərin birində internetdə Leninə oxşarlığım haqqında məlumat verdim. Növbəti gün mənə iş təklif olundu. Qazancım müxtəlif olur. Tez-tez Stalinlə birgə tədbirlərə də dəvət alırıq. Dubaya çeçenlərin ad gününə də dəvət almışdıq. Həmin ad günü zamanı Stalinə zarafatla demişdim ki, çeçenləri sürgün etdiyinə görə səni bura çağırıblar ki, qisas alsınlar. Yaxşı qazandığım vaxtlar da olub. Leninin hesabına oğluma maşın da almışam, bağ da tikdirmişəm”.

Gün ərzində “lider” cütlüklərlə 50-dən artıq şəkil çəkdirirlər. Bəzən isə müştərilərin sayı 120-130-dan artıq olur. Ən gəlirli vaxt isə yay ayları və qış tətilidir.

Böhran onlardan da yan keçməyib. Lenin də, Stalin də Rusiyadakı böhrandan şikayətlidirlər.

“Rəhbər”lərin fəaliyyətində problemlər də az deyil. Ən böyük problemləri isə polisin tez-tez onları Qızıl müydandan qovmasıdır. Bu məsələdə Stalin daha ayıq tərpənib. O meydandan ticarət mərkəzinə gedən keçidin qarşısına çəkilir və işini burda görür.

Meydan “lider”ləri arasında ən hörmətsizi Brejnevdir. Leonid İliçlə şəkil çəkdirmək istəyənlərin sayı çox azdır. O bütün gühahları Stalində görür: “Stalin burda da heç kimə imkan vermir”.



Ən populyar isə Stalindir. Turistlər onunla hətta söhbət etməyə də üstünlük verirlər. Milliyətcə qırğız olan Lətif Vəliyev-Stalin bundan qürur hissi duyur: “İnsanlar mənə daha çox yaxınlaşırlar və ilk sualları belə olur ki, mən hakimiyyətə nə vaxt qayıdacağam”.

“Lider”lərin qazancı jurnalistlərdən də çıxır. Brejnev mətbuat işçilərinə müsahibəni pulsuz versə də, Stalin hər sualın cavabını pulla verir.

Son zamanlar Qızıl meydanda Rusiyanın yeni lideri olan Putin də meydan sulamağa başlayıb.

Beləliklə, Kreml divarlarının bu tayında, Qızıl meydanda “siyasətçi”lər keçmiş tarixi yaşadırlar, divarların o üzündə isə yeni tarix yazılır...





İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu