Modern.az

Xaricdə dini təhsillə bağlı qalmaqal böyüyür

Xaricdə dini təhsillə bağlı qalmaqal böyüyür

2 İyun 2015, 09:41

“Qadağalar ilə heç nəyə nail olmaq mümkün deyil”


Deputat Zahid Oruc parlamentin iclaslarında dəfələrlə gənclərin xaricdə dini təhsil alınmasına qarşı çıxıb, buna qadağa qoyulmasının tərəfdarı olduğunu söyləyib. Azərbaycanda xaricdə dini təhsil almaq istəyənlərin kifayət qədər olduğunu nəzərə alsaq, məsələnin necə tənzimlənəcəyi də maraqlıdır.

Modern.az saytına açıqlamalarında Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli və ilahiyyatçı Elşad Miri məsələyə bu cür yanaşıblar.

Hacı Şahin Həsənlinin fikrincə, hər bir şəxs dünyanın istənilən yerində təhsil almaqda sərbəstdir: “Məsələ burasındadır ki, Azərbaycan daxilində dini təhsilin səviyyəsi çox aşağıdır və artırılmalıdır. Ölkəmizdə keyfiyyətli dini təhsil verilməlidir. Çünki bəzi insanların  xaricdə dini təhsil alan zaman həmin ölkənin təsiri altına düşdüyünün şahidi oluruq. Sonradan isə həmin ölkələrin maraqlarının təbliğatçısına çevrilirlər. Ona görə də məsələnin qarşısını almaqla yox, kompleks tədbirlər həyata keçirməklə tənzimləmək lazımdır. Hazırda Azərbaycanda dini tədris edən təhsil müəssisələri olsa da (Bakı Dövlət Universiteti, İslam Universiteti), təhsil ocaqlarında daha keyfiyyətli təhsil verilməsinə çalışmaq lazımdır. Əlbəttə, bu müəssisələrdə onlarla mütəxəssis yetişdirilib. Bu mütəxəssislər din sahəsində fəaliyyət göstərir. Amma düşünürəm ki, hər halda, bu məsələyə ciddi önəm verilməlidir. Eyni zamanda, prosesi qadağalarla tənzimləmək mümkün olmayacaq. Müasir dövrdə hər kəs istədiyi yerdə təhsil ala bilir və buna nəzarət etmək çətin məsələdir. Qadağalar əvəzinə təhsil bazasının daha da geniş təbliğinə çalışılmalıdır”.

İlahiyyatçı Elşad Miri hesab edir ki, dini təhsilin dövlət tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur: “Amma bu gün dövlət tərəfindən deyil, şəxsi imkanları hesabına Oksfordda, Harvardda oxuyanlar var. Onların xaricdə təhsil almalarına qadağa qoyulması heç bir halda düzgün deyil.

Dini təhsil sahəsində qüsurlar var. Məsələn, cənub bölgəsində kimsə sərhədi keçib İrana gedir və 9-10 il orada yaşayaraq təqaüd alır. Azərbaycana qayıdanda isə həmin şəxsi böyük avtoritet, dediklərini isə qanun kimi qəbul edirlər. Ona görə də yalnız dini təhsildə deyil, ümumiyyətlə, təhsil məsələlərində dövlətin ciddi nəzarəti olsa, məsələ daha düzgün tənzimlənə bilər. Amma sırf xaricdə təhsili dini təhsillə əlaqələndirib bunun önünü kəsmək doğru yanaşma deyil. Bunun üçün dövlətin özünün qanunvericilikdə nəzərdə tutulan proqramı olmalıdır ki, həmin proqram çərçivəsində bu tədbir həyata keçirilsin.

Bu gün Azərbaycanda islamın tədrisi ilə məşğul olan iki dövlət qurumu var. Onlardan biri Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsidir. Burada təhsil çox məhdud formada tədris olunur. Çünki təhsil alan tələbələr orta məktəbdən hazırlıqlı olmadıqlarına görə universitetdə sıfırdan başlamalı olurlar. Müəllimlərin özü ilə bağlı da müəyyən işlər aparılmalıdır.
Bakı İslam Universitetində də din tədris olunur. Bu təhsil müəssisəsində isə mollanın üst sinfi kimi qəbul edilən axund, imam yetişdirilir. Fərq ondadır ki, mollalar ucuz, axundlar isə bahalı yas mərasimi aparırlar. Nəticədə diplomlu mollalar yetişmiş olur. BDU-nin ilahiyyat fakültəsində isə dinlə, ilahiyyatla bağlı məsələlər elmi şəkildə tədris olunur. Təəssüf doğuran məqamdır ki, orta məktəblərdə din tədris olunmur. Türkiyə kimi ölkədə “Qurani-Kərim” öyrədilir, yaxud Peyğəmbərin həyatından seçmələr tədris olunur. Azərbaycanda da orta məktəblərdə dini təhsilin tədris olunması təqdirəlayiq olar, amma əvvəlcədən burada dərs keçəcək müəllimlər xüsusi yetişdirilməlidir. Qadağalarla nəyəsə nail olmaq mümkün olmayacaq”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular