Mayın 29-da Azərbaycan paytaxtı özünün ən yaddaqalan günlərindən birini yaşadı. Heydər Əliyev Mərkəzinin geniş və yaraşıqlı salonunda keçirilən “Muğam Müsabiqəsi – 2015”-in final yarışmasına toplaşanlar sözün əsl mənasında musiqi bayramına, sözün, qəzəlin, muğamın, qədim musiqi sənətimizin ucalığına, yenilməzliyinə şahidlik etdilər. Muğam sənətimizin inkşafı, dünyada tanıdılması istiqamətində misilsiz xidmətlər göstərən Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə həyata keçirilən və gənclərin muğam ifaçılığı sahəsində püxtələşməsinə yaxından kömək baxımından müstəsna rolu olan bu layihənin reallaşmasında Mədəniyyət və Turizm nazirliyinin və AzTV kollektivinin əməyi xüsusi qeyd olunmalıdır.
Builki muğam yarışması özünün bir sıra xarakterik cizgiləri ilə hafizələrdə qalacaq. Ölkəmiz üçün son dərəcə əhəmiyyətli olan Avropa Oyunları ərəfəsində keçirilən müsabiqə boyu hər bir konsert zamanı toplaşanlara Azərbaycanın bütün guşələrində baş tutan Məşəl bayramının gedişindən bəhs edən video - çarxların, eləcə də muğam sənətimizdə silinməz izlər qoyan ustadların lent yazılarının təqdim olunması razılıqla qarşılanırdı. Bütün bunların reallaşması, eləcə də ümumilikdə yarışmaların tamaşaçılara yüksək professionallıqla, dolğun və qüsursuz çatdırılması AzTV-nin yaradıcı heyətinin və texniki personalının gərgin fəaliyyətinin nəticəsi kimi qəbul olunmalıdır. Yarışmaların gedişində AzTV rəhbərliyinin layihənin icraçısı ilə tez-tez əlaqə saxlaması da nəzərdən qaçmırdı və yayımı həyata keçirən telekanal əməkdaşlarının məsuliyyətini qat-qat artırırdı.
Münsiflər heyətinin prinsipiallığı, peşəkarlığı müsabiqənin yüksək səviyyəsini müəyyənləşdirən amillərdəndir. Xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, Ağaxan Abdullayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Ramiz Quliyevin, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcovun, layihənin icraçısı, “MƏDƏNİYYƏT” kanalı direktorunun müavini, Əməkdar İncəsənət Xadimi Nadir Axundovun ötən həftələr boyu yeniyetmə və gənc ifaçılara tövsiyələri və tutduqları iradlar adama valideynlərin öz övladlarına verdiyi təmənnasız öyüd-nəsihəti, məsləhəti xatırladırdı. Beynəlxalq Muğam Mərkəzinin səhnəsi ilə münsiflər heyəti arasında sanki bir xoş ovqat körpüsü yarandığı ilk baxışdan sezilirdi. Auditoriyalardan böyük səhnəyə uzanan yolun yolçularında gələcəyə nikbin baxışın formalaşdırılması, gənc ifaçıların özünə olan inamının möhkəmləndirilmasi münsiflər heyəti üzvlərinin xoş niyyətinə, pozulmaz fəaliyyət kredosuna çevrilmişdi. Musiqiçilərin müğam ifaçılarını necə şövqlə müşaiyət etməsi də toplaşanların ürəyincə idi və hər dəfə səslənən alqışlar bu hissləri açıq-aşkar ifadə edirdi.
“Muğam Musabiqəsi – 2015” uğurla başa çatdı. Möhtəşəm musiqi bayramını xatırladan final yarışması çoxdan gözlənilən nəticələri ortaya qoydu. Azərbaycan muğamını yaşadanların, inkişaf etdirənlərin və tanıdanların siyahısına büllur səsli gənclərin adları yazıldı. Nisbətin, Məhəbbətin, Sədəfin, digər iştirakçıların gələcəyinə bəslənən ümidlər çoxsaylı tamaşaçı alqışları ilə ifadə olundu. Sonda diplomantların və qaliblərin ifasında səslənən Azərbaycanın Dövlət himni və “Qarabağ” şikəstəsi muğamımızın, klassik musiqimizin, ümumilikdə mədəniyyət və incəsənətimizin daha işıqlı gələcəyinə səmtlənən nikbin nidalar qismində Ulu Öndərin adını daşıyan gözəl və əsrarəngiz Mərkəzdən müstəqil Azərbaycanın hər yerinə, muğamımızın gözlənildiyi və qiymətləndirildiyi ünvanlara sarı qanad açdı. Bakı səmasında yayılan muğam sədası çox yerlərdə eşidildi.