"Tarix bu günlə bağlı olanda millətin sabaha inamı artır"
Qorqudşünas alimlərin araşdırmalarına görə, “Kitabi-Dədə Qorqud” dastanında əksini tapan hadisələr, canlandırılan obrazlar, işlənən ifadələr mifik düşüncə məhsulu olmaqdan çox uzaqdır. O yerlər bu gün də həmin adlarla var, o qəhrəmanların məzarlarını tapmaq mümkündür, müasir azərbaycanlıların dilində əski ifadələr indi də tez-tez işlənir. Konkret fakt söyləyək: Ötən ay Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti “Kitabi-Dədə Qorqud” dastanının izinə düşüb Xocavənd rayonunun Nərgiztəpə ərazisinə yol aldı. 4 rayonda - Beyləqan, Xocavənd, Tərtər, Bərdə rayonlarında geniş tədbirlər keçirildi. Yerli ictimaiyyət nümayəndələrinin, dövlət qurumlarının, alimlərin “Kitabi-Dədə Qorqud” dastanı haqqında səsləndirdikləri dəyərli bilgilər bir daha onu deməyə əsas verdi ki, Nərgiztəpə yüksəkliyi dastan qəhrəmanı Qaraca Çobanın oylağı olub, xalqın real qəhrəmanı olan bu şəxsiyyətin məzarı da məhz Nərgiztəpədədir.
"Qorqud” dastanlarını ətraflı araşdıran alimlərin yekdil qənaətindən çıxış etsək, Bəklin çadır qurduğu yer Qax rayonu ərazisindədir. Daha dəqiqi, I-III əsirlərdə inşa edilən, Ay məbədi kimi tanınan "Kürmük" Alban Məbədinin ətrafı Bəkilin mənzil qərərgahı olub. Məbəd IV-VII, VII-IX əsrlərdə yenidənqurmaya məruz qalıb. Ay məbədinin taleyinə dəfələrlə yenilənmək yazılıbmış. Tarix və yenilənmək bir-birinin əksinə məhfumlar olsa da, Ay məbədini Kürmük kilsəsinə çevrilməkdən xilas edə bilməyib. Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti və xristianlığı qəbul etmiş ingiloyların ianəsi ilə 1892-94-cü illərdə qədim alban məbədinin qalıqları üzərində "Kürmük" kilsəsi tikilib. Proses bununla da sona çatmayıb. 2003-cü ildə məbəd yenidən təmirə bağlanıb. Təmir işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılıb, hazırda tikili bu qurum tərəfindən qorunur. Hazırda yerli azərbaycanlılar və Azərbaycan vətəndaşı olan gürcülər, o cümlədən Gürcüstan vətəndaşları ildə iki dəfə "Kürmük" məbədini ziyarət edirlər.
Xatırladaq ki, sərəncamda qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alınıb ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Prezident Admnistrsiyasının təmsilçisi bu istiqamətdə müxtəlif bölgələrin əhalisnin, o cümlədən Qax sakinlərinin köməyinə böyük ehtiyac olduğunu dedi: "Biz Nərgiztəpədə olduq. Dədə Qorqud, Qaraca Çoban və başqa tarixi faktlar barədə maraqlı məlumatlar toplamışıq. Bununla yanaşı, öyrənmişik ki, Sabirabadda Qara Günəy kəndinin, Şamaxıda Qazan xan oylağının, məhz həmin yerdə qaynayan Burlaxatunun adı ilə bağlı olan Xatun bulağının, Tovuz və Gədəbəy rayonlarında yerləşən Təpəgöz qalalarının "Kitabi Dədə Qorqud" dastanı ilə bir başa əlaqəsi var. Bu yerlər haqqında dastanı bir dəfə də olsun oxumayan yerli sakinlər bizə məlumat verib. Deməli, söhbət real tarixi hadisələrin əks olunduğu dastandan gedir. Sizlərlə görüşməkdə məqsədimiz odur ki, dastanda əksini tapan dövrlərə aid hansı nişalər barəsində bilgilərə maliksinizsə, bildiklərinizi bölüşəsiniz. Cənab Prezidentin imzaladığı sərəncamın birinci cümləsi belədir: "Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsi"...
Əgər bir xalıqn bu möhtəşəmliyində abidəsi varsa, o xalq əbədidir və dünyaya nümunədir. Yəqin bilirsiniz ki, dastanda Bəkil adlı qəhrəman var. Bu igid sərhədləri yadellilərdən qorumaq üçün ailəsi ilə birlikdə Gürcüstan ərazisinə köçür. Bəkil sizin sakini olduğunuz Qax ərazisində yaşayıb, məzarı da burda olmalıdır. Çox arzulayırıq ki, Bəkil haqqında sizlərdə hansı bilgilər varsa, onları bizə təqdim edəsiniz. Sərancamda oğuz qəhrəmanı Bəkilin Kürmük məbədi ətrafında yerləşən məzarının abadlaşdırılması və bu ziyarət yerinin bərpası məsələsi xüsusi vurğulanır".
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun "Kitabi Dədə Qorqud" dastanının təbliğatında gördüyü işlərdən danışdı. Fondun əməkdaşlarının müxtəlif bölgələrdə əhali ilə təmaslarından dəyərli məlumatlar topladıqlarını diqqətə çatdıran icraçı direktor, bu məlumatlar əsasında bukletlər, jurnallar hazırlamağın məqsədəuyğun olduğunu dedi: "O xalq güclüdür ki, hər daşının tarixini öyrənməyə cəhd göstərir.
Cənab prezidentin sərəncamında ilboyu həyata keçirəcəyimiz fəaliyyət ardıcıllığı ilə əksini tapıb. Biz dastanın real həyatla əlaqələrini faktlarla əsaslandırsaq, bu faktları çoxaltsaq, Azərbaycan dünyanı heyrətə salacaq".
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov Qaxın fiziki gözəlliyi ilə mənəvi gözəlliyinin təmas təşkil etdiyini bildirdi: "Məhz bu gözəlliyin vəhdəti Dədə Qorqudu bu diyara gətirib. Dastan Azərbaycanın bütövlüyünü göstərir. Dastanda əksini tapan adət-ənənə, etnoqrafiya, məişət, toponimlər, qəhrəmanlıq hadisələri məhz azərbaycanlı təfəkkürünün, yaşayış tərzinin bariz ədəbi nümunələridir. Fridrix fon Dits Oğuz siklopunu Odissey qəhrəmanları ilə müqayisə edərək yazırdı ki, dastanda oğuzların obrazı daha bütöv, daha realdır. Fon Ditsin "Oğuznamə" kitabı var. Bu dastanı hər kəsə təqdim etmək vacibdir. Azərbaycan xalqının hardan gəlib hara getdiyi bu dastanlarda tamlığı ilə əksini tapıb. Qorqud nə qədər əfsanəvidirsə o qədər həqiqdir. Qəhrəmanı real adam olmağı qəhrəman etmir, o, əfsanələşməsi ilə qəhrəmandır. Siz fəxr edin ki, Bəkil Qaxda yaşayıb və burda dünyadan köçüb".
Konfransda yerli sakinlərin çıxışları da dəyərli informasiyaların verilməsi baxımından yadda qalan oldu. Belə müəyyənləşdirilmişdi ki, hər alimin çıxışından sonra qaxlılar münasibət bildirsin. Qax rayon kitabxanasının direktoru Güllü Əhmədova dastanda süjet boyu istifadə olunan dialektin məhz Qax ərazisində yaşayan insanların dialekti ilkə eynilik təşkil etdiyini bildirdi.
Qax rayon 5 nömrəli tam orta məktəbin direktoru Sevil Əsgərova təklif etdi ki, kəndlərdəki yaşlı insanlarla söhbətlər aparılsın, onların yaddaşlarının gücündən istifadə olunsun. Onun sözlərinə görə, dastandakı yer adları Qaxın bir çox ərazilərindəki adlarla ya eynidir, ya oxşar.
Rayonun 2 saylı tam orta məktəbinin tarix müəllimi Faiq Sofiyev yazıçı Kamal Abdullanın "Gizli Dədə Qorqud" romanından oxuduqlarının Qax ərazisi ilə bağlılığından danışdı.
Onun fikrincə, "Ala göz", "Qarşı dağı", onların ətrafındakı əski kənd adları, "Basıncaq" adlanan məkandakı Oğuz qəbirləri dastan mətni ilə eynilik təşkil edir". Qax rayon təhsil şöbəsinin metodisti Hacıxan İsgəndərovun səsləndirdiyi ifadələrin altından xətt çəkməyə dəyərdi. Hacıxan müəllim belə dedi: "Tarix bu günlə bağlı olanda millətin sabaha inamı artır". 5 saylı tam orta məktəbin tarix müəllimi Lalə Qabulova ədəbiyyatı tarixin köməyi ilə öyrənməyin üstünlüklərinə diqqət çəkdi. Onun sözlərinə görə, tarixi vərəqləyəndə məlum olur ki, dastan mətnində keçən faktlar içərisində məhz Qax ərazisinə aid olanları daha çoxdur.
AMEA Folklor institunun əməkdaşı Ləman Süleymanov təmsil etdiyi qurumun bu mövzuda layihəsi olduğunu dedi. Layihəyə görə, alimlər Azərbaycanı qarış-qarış gəzib, tarixi faktları toplayırlar.
Onun sözlərinə görə, Dədə Qorqud dövrünə aid folklor mətnləri demək olar bütün bölgələrimzdə bu gün də yaşayır: "Yəqin xatırlayırsız, dastanda doğulan uşaq yalnız 14 yaşından sonra ad alır. Hünər göstərir, adını qazanır. Faktiki bizdə də uşaq doğulandan ən azı 40 gün sonra ona ad qoyurlar. Yaxud belə bir müasir qarğış var: "Görüm səni ad alıb, süfrə açmayasan". Təbii ki, insan 14-15 yaşından sonra müstəqil süfrə açmağı bacarır. Görürsünüz, Qorqud dövrü ilə necə səsləşir. Müasir dilimizdə hələ də çox yatan adama "Oğuz ölüsü" deyirlər.
Belə faktları çox sadalamaq olar. Sizdən istədiyimiz odur ki, araşdırmalarımızın daha zəngin nəticələr qazanması üçün bizə yardımçı olasınız". Bilik Fondunun Qax rayonu üzrə nümayəndəsi, Əmbərçay kənd tam orta məktəbinin direktoru Rövşən Hədisov müqqədəs fəaliyyətin tərkib hissi kimi, sakini olduğu rayonun seçilməsində bu missiyanı həyata keçirənlərə minnətdarlığını bildirdi. Bilik Fondunun nümayəndəsi hər kəsi tarixinin araşdırılıb üzə çıxarılmasında, dünyaya təqdim olunmasında aktiv iştiraka dəvət etdi və tezliklər Qax rayonu ərazisində Bəkilin məzarının əbədiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görməyə dəvət etdi və bu məzarın hər bir qaxlının qüruru və iftixar yeri olacağını bildirdi.
Beləcə "Kitabi Dədə Qorqud" dastanının izi ilə Bakıdan başlayıb, Nərgiztəpə yüksəkliyindən keçib, Kürmük abidəsinə çatan müqqədəs yol davam edir. Yolun həmişə işıqlı olmasını arzulayaq və Dədəm Qorqudun alqışına qoşulub bir ağızdan deyək: "Haqq yandıran çırağınız sönməz olmasın!".
Ceyhun Musaoğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi