Modern.az

I Avropa Oyunları məşəlinin Bakıdan keçəcəyi marşrut açıqlanıb

I Avropa Oyunları məşəlinin Bakıdan keçəcəyi marşrut açıqlanıb

2 İyun 2015, 13:13



"Bakı 2015” I Avropa Oyunlarının məşəlinin iyunun 12-də keçiriləcək açılış mərasiminə gətirilməzdən Bakı şəhərindən keçəcəyi marşrut açıqlanıb.

Modern.az xəbər verir ki, məşəl bazar günü- iyunun 7-də qayıqla möhtəşəm üslübda Bakıya - yenidən qurulmuş Ağ Şəhər bulvarına, Neftçilər prospektinə və Dövlət Bayrağı Meydanına aparılacaq. Sonra Qız Qalasına gətiriləcək.

Bazar ertəsi iyunun 8-də məşəl “Bakı 2015” Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman Sarayı, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Respublika Stadionu, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkı daxildir.

“Bakı 2015” məşəli çərşənbə axşamı - iyunun 9-da bir çox tarixi məkanlara, o cümlədən İçərişəhərə aparılacaq. Bura məşhur Şirvanşahlar Sarayı da daxildir.

İyunun 10-da məşəl Bakının mədəniyyət və memarlıq obyektlərinə - Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya bağına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka aparılacaq.

“Bakı 2015” məşəli cümə axşamı, iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanında alovlanacaq.

“Bakı 2015” məşəli aprelin 26-da Atəşgah məbədində alovlandırılıb. Məşəl Bakıya gətirilməzdən əvvəl ölkənin daha 60 bölgəsinə aparılıb və əhalinin 99 faizinə göstərilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular