Modern.az

Qarabağ döyüşçüləri ermənilərin Bakıya gəlişi ilə bağlı müraciət yaydılar

Qarabağ döyüşçüləri ermənilərin Bakıya gəlişi ilə bağlı müraciət yaydılar

2 İyun 2015, 13:54

Qarabağ döyüşçülərinin koordinasiya şurasının işçi qrupu qarşıdan gələn Birinci Avropa Oyunları və Qarabağ müharibəsi ilə bağlı səngər yoldaşlarına müraciət ünvanlayıblar.
Modern.az xəbər verir ki, işçi qrupun müraciətində deyilir:

“Əziz döyüşçü dostlarımız! Bilirsiniz ki, iyunun 12-də Azərbaycanda Birinci Avropa Oyunlar start götürəcək. Bu beynəlxalq yarışmada Azərbaycan torpaqlarının 20 faizini işğal eləmiş, qız gəlinlərimizi əsir götürmüş, yurdumuzu viran qoymuş, minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirmiş Ermənistan idmançıları da iştirak edəcək. Düşmənlərimizin Bakıya gələcəyi xəbəri Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Məsələni təqdir edənlərlə, ümumiyyətlə susqunluqla qarşılayanlarla yanaşı, buna ciddi şəkildə etiraz edənlər də olub. Etirazçılar sırasında Qarabağ müharibəsinin od-alovundan keçmiş döyüşçülər də var. Onlar həm mətbuatda, həm də sosial şəbəkələrdə öz mövqelərini bildirirlər.

Biz Qarabağ döyüşçülərinin koordinasiya şurasının yaradılması ideyasının müəllifləri də erməni idmançılarının Bakıya gəlməsinə etiraz edirik. Bundan narazıyıq! Amma unutmayaq ki, bu bir beynəlxalq idman yarışmasıdır, sülhün, barışın rəmzidir, bunun da öz qaydaları, şərtləri var. Bu yarışlar Azərbaycan üçün, ələlxüsus da, Qarabağ probleminin həlli yolunda diplomatik üstünlüklər əldə etmək üçün çox böyük siyasi imkanlar yaradır. Azərbaycanın beynəlxalq aləmdəki imicini də nəzərə almalıyıq. Digər tərəfdən, hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə Qarabağın işğaldan azad olunması üçün  başlayacaq əməliyyatların potensial iştirakçıları olacağıq. Yəni biz bir vətən əsgəri kimi Ali Baş Komandanın əmrini gözləyirik. Və həmin Ali Baş Komandan bu gün ermənilərin Bakıya gəlməsinə razılıq verib. Biz bütün bunları nəzər alıb, ermənilərin Bakıya gəlişinə mane olacaq heç bir addım atmırıq və atılacaq addımlara da qoşulmuruq. Əksinə, bütün Qarabağ döyüşçülərini dövlətimiz və xalqımız naminə bu beynəlxalq idman yarışlarında səbirli, təmkinli və ayıq-sayıq olmağa çağırırıq!

Unutmayaq ki, hiyləgər, riyakar və ləyaqətsiz düşmənimiz hər addıma qadirdir. Onlar oyunlar zamanı özləri hər hansı bir provokasiya törədə bilərlər. Və bununla da onlar Azərbaycanın bu humanizm, sülh missiyalı Birinci Avropa Oyunlarının üzərinə kolgə salmaq istəyərlər.

Birinci Avropa Oyunları bitəndən sonra biz Qarabağ döyüşçülərinin ümumrespublika toplantısını çağırmaq üçün silahdaşlarımızın ümumi rəylərini öyrənməyə başlayacağıq. Həmin toplantıda işğal altındakı torpaqlarımızın azad olunması naminə hərbi əməliyyatlara başlamaq üçün Ali Baş Komandana ünvanlanacaq müraciətlə bağlı müzakirə aparılacaq.

Döyüşçülər olaraq bizə şərəf gətirəcək, itirilmiş heysiyatımızı özümüzə qaytara biləcək sabahkı savaşın başlayacağı anı səbirsizliklə gözləyirik!”.

Müraciəti Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudun Məmmədov, AVMVB sədr müavini Kamil Şirinov, hərbi jurnalist Üzeyir Cəfərov, tanınmış müharibə veteranları Vaqif Əlisoy, Camal Əhmədov, Habil Şirinov, Tərlan Eyvazov, Qalib Rəhimov, Arif Paşa, Rafiq Kərimov, Nurəddin Xoca, Azay Kərimov, Nazim Bayramov, Abuzər Abuzərov və Rey Kərimoğlu imzalayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular