Modern.az

Pensiyalarla maraqlananlar yeni saytdan istifadə edə biləcəklər

Pensiyalarla maraqlananlar yeni saytdan istifadə edə biləcəklər

30 Sentyabr 2010, 13:40

Sentyabrın 30-da Dövlət Sosial Müdafiə Fondunun saytının  təkmilləşdirilmiş  yeni versiyası istifadəyə verilib. Modern.az-ın məlumatına görə, fondun yeni saytı Azərbaycan və ingilis dillərində olmaqla istər dizayn, istər quruluş, istərsə də məzmun baxımından tam müasir tələblərə uyğun qurulub. DSMF-nin fəaliyyəti ilə bağlı zəngin məlumatları özündə əks etdirən saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq altbölmədən ibarətdir. Həmin bölmələrdə Fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, statistik göstəricilər, vətəndaşların məlumatlandırılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr, qonaq kitabı, lazımi linklərə istinadlar verilməklə bir çox suallara aydınlıq gətirilir.

"İnformasiya əldə etmək haqqında" Qanununun tələblərinə uyğun olaraq, Fondun fəaliyyətini əks etdirən bütün məlumatlar (DSMF-nin gəlir və xərcləri barədə operativ məlumat, DSMF-də uçotda olan pensiyaçıların say tərkibi və orta aylıq pensiyanın məbləği barədə məlumat, sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsinin gedişatı barədə ümumi məlumat, sığortaolunanlardan fərdi uçot sistemində qeydiyyata alınanların sayı və.s) saytda yerləşdirilib.

Yeni sayt sığorta-pensiya sahəsində görülən işlər barədə əhalinin məlumatlandırılması və internet səhifəsindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi istiqamətində geniş imkanlara malikdir.

"Vətəndaşların məlumatlandırılması" bölməsində məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sığortaedənlərin və sığortaolunanların Dövlət Sosial Müdafiə Fondunda uçotuna dair ərizə, arayış, məlumat, hesabat formaları, pensiya təyinatı üçün zəruri olan sənədlər, o cümlədən ərizə, təqdimat və s. formalar yerləşdirilib. 

Saytın "sual-cavab" (pensiya və müavinətlər, sosial sığorta haqları, fərdi uçot, hərbi qulluqçulara dair pensiya və müavinətlər və digər altbölmələrdən ibarət olmaqla) bölməsi vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin operativ cavablandırılması məqsədi daşıyır.

Həyata keçirilən islahat tədbirlərində QHТ və vətəndaş cəmiyyətinin fəal iştirakı imkanlarının və vasitələrinin formalaşdırılması üçün internet saytı vasitəsilə müxtəlif interaktiv sorğuların keçirilməsi üçün xüsusi bölmə təşkil olunub. 

9 bölmədən ibarət olan saytın sağ menyusunda “müştəri xidmətləri” (pensiya kslkulyatoru), “B-3 proqram təminatı”, “vakansiya”, “mətbuat guşəsi” və digər bölmələr yerləşdirilib. Həmin bölmələr vasitəsilə gələcəkdə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan bütün pensiyaçı və sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün texniki imkanlar müəyyənləşdirilib.

“Sosial sığorta haqlarının ödənilməsi gələcəyinizin təminatıdır”, “Gələcəyə arxayınlıqla aparan yol – sosial sığorta və fərdi uçot”, “Pensiyaçılar üçün bankomatdan istifadə qaydası”, “Mərkəzi çağrı sistemi:190” bölmələri məlumatlandırma üçün ətraflı materiallarla yanaşı xüsusi video çarxlarla da təmin edilib.

Saytın “Əlaqə” bölməsi də tamamilə yenilənmişdir. Burada DSMF-nin yerli şöbələrinin ünvanları, əlaqə telefonları verilmişdir. Bu bölmədə vətəndaşların qəbulu üçün qəbul qrafiki, yol sxemi və digər zəruri informasiyalar əks olunub.   

DSMF-nin www.sspf.gov.az ünvanlı saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi