Ötən gün bir qrup Laçın rayon sakini - ziyalılar prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətə bildiriblər: “ANS televiziya şirkətinin rəhbərliyi 23 ildir ki, Laçın rayonunun hər il keçirilən işğal günləri ərəfəsində hazırladıqları verilişlərdə yurdundan didərgin düşüb ölkənin 1500-dən çox yaşayış məntəqəsində məcburi-köçkün vəziyyətində yaşayan 75 min nəfərlik Laçın rayon sakinini hər vəchlə alçaltmaqdan, təhqir etməkdən əl çəkmir. Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı süjetləri qəsdən, məqsədyönlü şəkildə montaj edərək, videogörüntülərə öz prizmasından şərhlər verərək, laçınlıları qorxaqlıqda, torpaqları qəsdən müdafiəsiz qoymaqda “ittiham” edir, milyonlarla televiziya izləyicisinin gözləri qarşısında aşağılamağa çalışırlar. Halbuki, həmin videoçəkilişlər 1992-ci il may ayının 12-dən 17-dək olan müddətdə Laçın rayon ziyalılarının, laçınlı hərbçilərin təkidli tələbi ilə videolentə alınıb.
ANS-in 17 may 2015-ci il tarixli xəbərlər bülletenində efirə gedən süjetlərə şərh verən telejurnalist Ləman Ələşrəfqızı Laçın rayon sakinlərini növbəti dəfə alçaldıb təhqir edərək, bizləri heç bir insanlıq normalarına sığışmayan sərt ifadələrlə ləkələməyə çalışıb. Jurnalist Ləman Ələşrəfqızı, sanki ANS-in rəhbərlərindən aldığı xüsusi tapşırıqlar əsasında həmin videomaterialları montaj edərək hazırladığı xəbərlər bülleteninin sonunda yalnız ANS-çilərə məxsus əda və həqarətlə belə deyib: “23 il əvvəl-mayın 16-sı Laçında vəziyyət bax belə idi. Laçın təslim üçün əllərini qaldırmışdı. O bu görkəmi ilə 1926-cı ilə qədər daşıdığı öz köhnə Abdal adına daha çox oxşayırdı.”
Xahiş edirik, Laçın rayon sakinlərinin şərəf və ləyaqətinə hörmət qoymayan, vətənimizin müdafiəsində canlarını qurban vermiş 400 nəfərə yaxın laçınlı şəhidlərimizin pak və müqəddəs ruhlarını incitmiş, 23 ildir hər il Laçının işğalı günləri ərəfəsində hansısa məqsədləri naminə, biz laçınlıların faciələri üzərində çirkin təbliğat üsullarını işə salan ANS rəhbərlərinin qanunun aliliyi qarşısında cavab vermələri təmin olunsun!”
Modern.az saytı məsələyə Laçın rayon icra hakimiyyəti başçısının I müavini Tofiq Mirzəyevin münasibətini soruşub. O bildirib ki, bu məsələnin icra hakimiyyətinə aidiyyəti yoxdur: “Amma, hər bir halda telejurnalist bir söz deyibsə, məsələnin sivil həlli yolu var. İşğal vaxtı Milli Qəhrəman Çingiz Mustafayevi qaçan əsgərləri çəkmək üçün laçınlılar özü dəvət edib. İstər telekanallar, istər jurnalistlər, istərsə də vətəndaş hər bir mübahisəli məsələni hay-küy salmaqla yox, hüquqi müstəvidə etməlidir”.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov da məsələyə münasibət bildirib.
O bildirib ki, telejurnalist Ləmən Ələşrəfqızı pis heç bir şey söyləməyib: “O, normal materialını təqdim edib, heç kimə sataşmayıb. Ləman mənim yaxın dostumdur, mən nə deyə bilərəm?! Əlbəttə, onu dəstəkləyəcəyəm. İndi demokratiyadır, kim nə istəyir yazır. Ləmən nə deyib orda?
Bu hadisə düzgün deyil. Qarşı tərəf sonra iddia edəcək ki, mən erməniyəm, sonra nə! Belə olmaz axı, bu iddianı onlar deyir. Deyirlər, desinlər. O vaxtlar mən müxbir idim, Laçında, o cümlədən digər yerlərdə olmuşam. Gedən proseslərin hamısını bilirəm. Daha ciddi işlə məşğul olsunlar”.
Yeganə OQTAYQIZI