Ukraynanın paytaxtı Kiyevdəki Mərkəzi Olimpiya stadionunda dövlət rəsmilərinin iştirakı ilə Bakı 2015 I Avropa Oyunları ilə bağlı kütləvi tanıtım aksiyası keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, aksiyada Avropa Oyunlarına qatılacaq ukraynalı idmançılar və idman azarkeşləri ilə yanaşı, ölkənin idman və gənclər naziri İqor Jdanov, Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka, BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, müxtəlif millətlərdən olan, o cümlədən azərbaycanlı gənc fəallar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Modern.az saytı xəbər verir ki, BUAK və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) birgə təşkilatçılığı ilə keçirilən aksiyaya xeyli sayda yerli sakin də qatılıb. Olimpiya Komitəsinin prezidenti Sergey Bubka bildirib ki, Ukraynada Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı böyük maraq var və ölkəsinin 243 idmançısından ibarət ən hazırlıqlı komandası bu oyunlarda iştirak edəcək: “İlk Avropa oyunlarının Bakıda keçirilməsi tək idman hadisəsi deyil.
Bu, həm də Azərbaycanın avroatlantik məkana inteqrasiya olunmasında üzərinə götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsinin əyani təzahürüdür. Həqiqətən də qürurverici haldır ki, iyunun 12-də bütün dünya Avropaya Bakıdan açılan pəncərədən baxacaq”.
BUAK sədri Rövşən Tağıyev Azərbaycanda bütün sahələrlə yanaşı, idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyib. I Avropa Oyunlarına hazırlıqla bağlı Azərbaycanda görülən işlər, inşa olunmuş müxtəlif növ idman kompleksləri haqqında məlumat verib:
“İlk Avropa oyunları Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə əldə etdiyi beynəlxalq imicin göstəricisidir”.
Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı Nazim Əliyev, UAGB sədri İlhamə Allahverdiyeva da iştirak ediblər.
Gülşən RAUFQIZI