“Mən uşaqalıqdan kişilərlə cinsi əlaqədə olmuşam. Hələ 15 yaşında olarkən dərzi köməkçisi işlədiyim vaxtlardan bu əməlin sahibiyəm. İttihamnamədə adları çəkilən insanlarla da heç bir siyasi əlaqəm olmayıb. Bizim yalnız fiziki yaxınlığımız olub...”.
Bu, 1936-38-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığına rəhbərlik etmiş, iki il iki aylıq fəaliyyəti ilə ölkə tarixinə “yejovşina dövrü”nü yazan Nikolay Yejovun məhkəmədəki etiraflarıdır. Bu həmin NKVD şefidir ki, ondan təkcə böyüklər deyil, uşaqlar da qorxublar. Valideynlər ailələrində öz uşaqlarını məhz bu “qaniçən cəllad”ın adı ilə sakitləşdiriblər.
Nikolay Yejov kim olub? Stalinin komandasında təsadüfi komissar, yoxsa düşünülmüş kadr təyinatı?
Təbii ki, Stalinin komandasında təsadüfən peyda olmaq, özü də NKVD kimi mühüm bir posta başçılıq etmək mümkünsüz bir məsələ olub. Elə tarixi faktlar da göstərir ki, Nikolay Yejov bu vəzifəyə Stalinin təşəbbüsi ilə təyin olunub. Özü də təxirəsalınmadan və təcili. 25 sentyabr 1936-cı ildə Jdanovla birgə məzuniyyətdə olan Stalin aşağıdakı məzmunda Moskvaya teleqram göndərib:
“Yoldaş Kaqonoviçə, Molotova və Mərkəzi Komitənin siyasi bürosunun digər üzvlərinə. Nikolay Yejovun Xalq Daxili İşlər komissarı vəzivəsinə təcili təyin olunmasını zəruri hesab edirəm...”.
Səhərisi gün sentyabrın 26-da Nikolay Yejov NKVD rəhbəri kimi fəaliyyətə başlayıb.
Stalin üçün bu zərurət hardan yaranmışdı? Məzuniyyətdə olarkən belə bu təxirəsalınmaz təyinat niyə bu qədər vacib idi?
Bu müəmmalı təyinatın sirrini yəqin ki, Stalindən başqa heç kim bilməyib. Məhz həmin ərəfədə rəhbər böyük miqyaslı “təmizlik” işlərinə start verməyə hazırlaşıb. Və əvvəlcədən Yejovun çox da normal olmayan psixoloji durumu son incəliklərinə qədər öyrənilib və qənaətə gəlinib ki, bu cür psixoloji durumda olan insandan “maksimum” istifadə etmək olar. Digər bir tərəfdən Nikolay Yejovun Stalinə qarşı qədərindən də artıq sədaqətli olması, rəhbərə xoş gəlmək üçün bütün tapşırıqları düşünmədən, müzakirəsiz yerinə yetirə biləcəyi də nəzərə alınıb. Beləliklə də, yeni NKVD şefi ağılasığmaz represiyalar, sürgünlərlə Stalinin planlarını həyata keçirməyə başlayıb. Komissar olduğu dövrdə Nikolay Ejov 1 milyon 500 min insanın həyatına son qoyub. Bunlardan 700 minə yaxını ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.
Sözsüz ki, bu sonu görünməyən ən ağır cəzalar, ölüm hökmləri, sürgünlər qapalı da olsa cəmiyyət tərəfindən heç də yaxşı qarşılanmayıb. O da məlumdur ki, baş verən hadisələr Stalinin siyasi imicinə də xələl gətirib. Bütün bunlar Stalinin özünə də aydın olub. Ancaq hər şeyi ölçüb-biçən Stalin bu məsələdə də sudan quru çıxmağı bacarıb. Rəhbər əvvəlcədən düşünülmüş ehtiyat variantını işə salıb.
Stalinin ehtiyat variantı nədən ibarət olub?
İki il ərzində ona lazım olan “təmizlik prosesi” Yejov tərəfindən “şərəflə” həyata keçirilib. Deməli rəhbər istədiyinə nail olub. Qalır təkcə bir məsələ ki, bütün bu represiyalar kiminsə ayağına yazılsın. Bu da Stalin üçün çox sadə bir məsələ idi. Cəmisi iki il fəaliyyət göstərən komissarı ifşa etməklə, ən nəhayət hər şeyi ustalıqla boynuna qoyub ən ağır cəzaya məhkum etməklə rəhbər özünün ədalətli olduğunu sübut edib. Stalinin ehtiyat variantı da məhz elə bu olub.
Həmin dövrdə NKVD-yə xüsusi səlahiyyətlərin verilməsi də təsadüfi olmayıb. Qan tökmək, məhv etmək üçün bu səlahiyyətlər yetərli idi. Arxiv sənədlərində də bu məsələ öz əksini tapıb. Represiyalarla bağlı bütün təqdimatlarda, siyahılarda yalnız Jejovun imzası və NKVD-nin möhürü görünüb. Belə ki, Stalinin göstərişləri şifahi olub, qurban gedəcək insanların siyahısı rəhbərə Jejovun imzası ilə təqdim edilib, siyahıdakı insanların sürgününə və qətlinə razılıq yenə də rəhbər tərəfindən şifahi verilib, icra üçün sənədlərə isə Jejov imza atıb. Bununla da amansız represiyanın rəsmi sənədlərlə əsas müəllifi Nikolay Yejov sayılıb.
Yejov bu xidmətləri qarşısında ona tələ qurulacağını bəkkə də ağlına gətirməyib. Yalnız Lavrenti Beriyanı NKVD-yə müavin təyin edəndə o, onu gözləyən qasırğanın havasını hiss etməyə başlayıb. Qısa bir müddətdən sonra Yejovun NKVD rəhbərliyindən uzaqlaşdırılması və Su Nəqliyyatı Komissarlığına təyin olunması onun üçün növbəti xəbərdarlıq olub. Bu kadr dəyişikliyi Jejovu çox da narahat etməyib. Əsas narahatçılıq Stalinin qəzəbindən yayınmaq idi. Çünki sabiq NKVD şefi yaxşı bilirdi ki, Stalin komandasından rahatlıqla ayrılmaq, Stalin rejimində “sabiq” kimi asanlıqla kənara çəkilmək mümkünsüz bir işdir. Bu mümkünsüzlük isə artıq partiya qurultayında bütün çılpaqlığı ilə Yejovu haqlayıb.
Stalinin də iştirak etdiyi qurultayda son məsələ Mərkəzi Komitəyə yeni seçkilər, köhnə heyətdən kimin çıxarılacağı olub. Növbə Yejova çatıb. Andreyev qurultay iştirakçılarına üz tutaraq təklif verməyi xahiş edib. Yerdən bir neçə iştirakçının Yejovun Stalinin ən sədaqətli komissarı olduğu kimi fikirləri səslənib və onun Mərkəzi Komitə üzvlüyündə qalması təklif olunub. Bu məqamda Stalin qurultayın rəyasət heyətindəki kürsüsündən ayağa qalxıb:
- Yejov! Mən səni görə bilmirəm, sən hardasan? Əgər zaldasansa bura yaxınlaş.
O, həqiqətən də boyunun 1 metr 51 santimetr olduğundan iclas zallarında çətinliklə görünüb. Yejov arxa cərgədən çıxıb rəyasət heyətinə yaxınlaşıb. Stalin sərt baxışlarını ona dikərək:
- Sən özün haqqında nə düşünürsən? Sən Mərkəzi Komitənin üzvü ola bilərsənmi?
- Mən həmişə partiyamıza sədaqətlə xidmət etmişəm. Sizin həyatınız mənim üçün öz həyatımdan da artıqdır.
- Deməli belə, yoldaş Yejov. Bəs sən Frinovskini tanıyırsan?
- Əlbəttə, o mənim müavinim olub.
- Demək sən onunla, onun başına topladığı insanlarla əlbir olmusan, yığışıb danışıqlar aparmısınız, planlar çızmısınız. Məni öldürmək istəmisiniz. Məqsədiniz Stalini aradan götürmək olub. NKVD-nin rəhbər işçisini tapança ilə mənim yanıma növbəyə göndərmisən. Bəlkə mən bunları hiss etməyəydim?
Daha sonra qurultayda Stalin yüz minlərlə insanın ölümündə Yejovu günahlandırıb. Və təbii ki, səhərisi gün kütləvi informasiya vasitələrində bütün bunlar işıqlandırılacaqdı, xalq növbəti dəfə Stalinin nə qədər “haqlı və ədalətli” olmasının şahidi olacaqdı.
Təbii ki, qurultayda Stalinin Yejova qarşı belə münasibəti sabiq komissar üçün ən ağır hökm idi.
10 aprel 1939-cu ildə Yejovu Mərkəzi Komitəyə, Malenkovun yanına dəvət ediblər. Söhbət çox da uzun çəkməyib. Kabinetdən çıxan Yejovu qapının ağzında üç çekist saxlayıb və Beriyanın imzası ilə ona həbs olunması haqqında order təqdim olunub.
1 fevral 1940-cı ildə Yejovun istintaqı sona çatıb. O, xarici kəşfiyyatla əməkdaşlıqda, Sovet hakimiyyətinə qarşı gizli silahlı üsyanın hazırlanmasında, partiya rəhbərinə sui-qəsddə və homoseksuallıqda ittiham olunub.
Yejovun məhkəmə prosesi qapalı keçirilib və çox da uzun çəkməyib. Sabiq NKVD şefi irəli sürülən ittihamların yalnız biri ilə-homoseksual olması ilə razılaşıb.
Məhkəmə Nikolay Yejova güllələnmə hökmünü çıxarıb. 4 fevral 1940-cı ildə məhkəmənin hökmü icra olunaraq Nikolay Yejov güllələnib.
Uzun illər Nikolay Yejovun fəaliyyəti heç bir yerdə işıqlandırılmayıb. Yalnız 1987-ci ildən sonra onun fəaliyyəti ilə bağlı araşdırmalar aparılıb.
İlham Cəmiloğlu